Süfrəniz qovurmasız olmasın
Əsasən muxtar respublikamıza, bu bölgədə isə ən çox Şərur rayonuna aid edilən qovurma qış tədarükünün bir hissəsidir. Burada belə deyirlər ki, hətta bir qoyuna-keçiyə imkanı çatan ailələr də payız aylarında qovurmalıq barədə düşünürlər. Bəs, qovurmanı necə hazırlayırlar?
Qovurma ən çox erkək qoyun, yaxud dana ətindən hazırlanır. Qovurmalıq üçün hansı heyvanı saxlayırlarsa, onu yayın orta aylarından çölə buraxmır, həyətdə saxlayıb bəsləyir, əsasən buğda kəpəyi, arpa, payızda isə xəsillə (yoncanın axırıncı biçinindən sonra əmələ gələn daha qidalı, həm də kövrək yaşıl kütləsinə “xəsil” deyirlər) yemləyirlər.
Qovurmalıq heyvanı payızın son aylarında, soyuqlar düşənə yaxın kəsirlər. Kəsilən əti sümükdən ayırmadan müəyyən ölçülərdə iti nacakla (sapı qısa olan kiçik balta) doğrayır, soyuq suda bir neçə saat saxlayırlar ki, qanı tam çıxsın. Sonra pörtlətmək üçün qazana töküb gur yanar ocağın, ya da ki, təndirin üstünə qoyurlar. Elə ki, qazan qaynamağa başladı, azca duzlayır, tez-tez kəfini götürürlər. Əti bişənə macal odun üstündən götürüb, aşsüzənlə süzürlər. Pörtlənmiş ətin suyuna el arasında «cığata» deyirlər. Şərur elində belə bir adət də var ki, qovurmanın qoxusu çatan bütün evlərə cığata paylayar və içinə bir-iki tikə pörtlənmiş ət atarlar ki, heç kəsin gözü qalmasın.
Sonra pörtlənmiş əti hissə-hissə silə yağın içində qovururlar. Qazana yağı elə qoymaq lazımdır ki, ət, necə deyərlər, yağın içində «üzsün». Ət azca qızardıqdan sonra bu dəfə yaxşıca duzlayırlar. Bu, ona görədir ki, qovurmanı uzun müddət saxlamaq mümkün olsun. Sonra təkrar o vaxtadək qovururlar ki, ət tam qızarır və bir az bərkiyir. Hazır olan qovurmanı əsasən saxsı küpələrə, o olmayanda isə şirli(emallı) vedrələrə yığıb üstünü yağ örtənəcən doldururlar.
Ona görə qovurmanı payızın son aylarında edirlər ki, qışa qədər donub tam «yetişsin». Qovurma donmayanda öz dadını vermir. Bunun üçün onu əsasən yardımçı binalarda, qızdırılmayan, soyuq olan yerlərdə saxlayırlar.
Qovurmanı yeməyin də vaxtı-vədəsi var. Daha qablara yığandan bir-iki həftə sonra yesən, dadını bilməzsən. Elə ki «yetişdi», yəni üstündən soyuq qış həftələrinin bir-ikisi adladı, küpü, yaxud vedrəni açır, ikiuclu xüsusi alətlə tikə-tikə çıxararlar. Təndir dastanası, yaxud lavaşla qovurmanı qızdırılmamış, yəni soyuq halda yeyənlər bunun dadını daha yaxşı bilirlər. Qışda qovurmalı umac aşı, ələyəzli aş, ərik qurusu ilə bişirilmiş qaysafa və başqa milli yeməklərimiz soyuqdəymənin dərmanı, sinə məlhəmidir.
Arada-bir toyuq-cücə kəsir, yaxud dükan-bazardan ət alıb istifadə edirlər ki, qovurma yazın axır aylarına kimi qalsın. Hər kəs çox yaxşı bilir ki, həyət-bacalarda ispanaq, dağda-bağda cacıx, çiriş, digər per-pencərlər çıxan zaman qovurma onlarla qarışıq bişiriləndə daha ləzzətli olur.
Heç də təsadüfi deyil ki, rayonumuzda doğulub boya-başa çatanların, lakin müəyyən səbəblərdən respublikamızın paytaxtında, yaxud ondan da uzaqlarda yaşayanların buradakı yaxınlarından həmişə bir istəyi Şərur qovurması olur. Eşitdiyimizə görə, bu qovurmadan dadanlar yalnız bizə xas olan bu milli yeməyə heyran qalırlar.
Hinduşka, toyuq, qaz, ördək ətlərindən də qovurma edirlər.
Süfrənizdən qovurma, qovurmalı yeməklər əskik olmasın ki, ağzınız dada gəlsin.
Mənbə: Nuhcixan.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət