Subsidiyaların ayrılması arıçılığın inkişafına təkan verəcək
Bizim arıçılıq təsərrüfatı 60 ilə yaxındır mövcuddur. Əvvəlcə babam, sonra atam, indi də mən bu təsərrüfata qulluq edirəm. Hazırda bizdə 450 arı ailəsi var. Dövlətimizin başçısının tapşırığına əsasən hər bir arı ailəsinə görə subsidiyaların verilməsi bu sahənin inkişafına daha da təkan verəcək.
Oxu.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində xaçmazlı arıçı Elşad Rəşidov söyləyib.
Bu barədə məlumat aldıqdan sonra mən də subsidiya üçün müraciət etdim. Hazırda Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzi və müvafiq komissiya üzvləri təsərrüfatımızdakı arı ailələrinin sayının dəqiqləşdirilməsini həyata keçirir. Bundan sonra mənə arayış veriləcək. Həmin arayış Kənd Təsərrüfatı Nazirliyinin subsidiya komissiyasına təqdim edildikdən sonra vəsait hesabımıza köçürüləcək.
E.Nəsirov kimi Xaçmaz rayonundan, ümumilikdə, 170 arıçı subsidiya üçün müraciət edib.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin baş mütəxəssisi Qabil Ağabalayev bildirib ki, rayon komissiyası tərəfindən bu günə kimi Xaçmazın 28 inzibati ərazi dairəsi üzrə 170 arıçıdan ərizə qəbul edilib, 5 min 600 arı ailəsi qeydə alınıb.
Birinci mərhələdə arıçılıqla məşğul olan 76 arıçının təsərrüfatındakı 3 min 55 arı ailəsi pasportlaşdırılıb və hər arı ailəsinə identifikasiya kodu verilib. Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının iclasında həmin arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul olunub.
Növbəti mərhələdə isə rayonda 4 minə yaxın arı ailəsinin də qeydiyyata alınması nəzərdə tutulub.
Bu günə qədər Komissiyanın keçirilmiş iclaslarında ölkə üzrə 8 min 613 arıçıya 206 min 479 arı ailəsinə görə 2 milyon 64 min 790 manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət