Slimfit
  1. AZƏRBAYCAN

Stalinin İran haqqında öngörməsi

Stalinin İran haqqında öngörməsi
Sakura

Stalinin İran haqqında öngörməsi

Aqşin Yenisey yazır...

İran çalxalanır və bu, bizi qədim mədəniyyətlərin varisləri olan ölkələr haqqında yenidən düşünməyə vadar edir. Niyə bu cür ölkələr yenilənmək istəmirlər, tarixin sonuna kimi qədim olaraq qalmaq istəyirlər? Yenilənmələri isə yalnız Ekonun təbiətin meymunu adlandırdığı sənətin əliylə düzəltdiyi alətlərdə - texnoloji avadanlıqlarda – baş verir. Ruhən, mənən köhnə hamam, köhnə tas qalmaq bu ölkələrə nə verir?

Məhəmməd Əmin Rəsulzadənin Stalin haqqından xatirələrində Stalin İran haqqında belə deyir; “Orada (İranda) nəinki respublika, konstitusiyalı monarxiya rejimini möhkəmləndirmək belə kifayət qədər mütərəqqi bir işdir. Sosializm və kommunizmin prinsiplərini oralarda tətbiq etməyə girişmək avantüradan başqa bir şey deyil”. 

Bütün dünyanı sosializm və kommunizm prinsipləri ilə yeniləmək üçün “dünya inqilabı”na hazırlaşan və bundan ötrü 59 ingilisi şəxsən öz əliylə öldürdüyünə görə öyünən qətiyyətli bir inqilabçı İrana gəlincə, oralarda heç bir yenilənmənin olmayacağı ümidsizliyinə qapılır. 

Hadisələrin təsadüfiliyini bəri başdan inkar etmək üçün təsadüf anlayışına əlüstü bir tərif verək: Təsadüf - bir müharibədə müdafiə zərurəti üzündən torpağa basdırılan və unudulan, illər sonra başqa bir müharibədə hücum zamanı zərurət olmadan partlayan və bəlkə də, bu müharibənin taleyini həll edən zaman əleyhinə minadır. 

Tarixdə təsadüf yoxdur.

İndi sözümüzün əvvəlinə qayıdaq, nə üçün Rusiya, Çin, İran, Türkiyə kimi böyük və mədəniyyət beşiyi olan ölkələrdə modernizasiya prosesi texniki, mexaniki məsələ olaraq qaldı? İnsan haqları, demokratiya, söz və fikir azadlığı kimi modern dəyərlər qədim ənənələri üstələyə bilmədi? Nə üçün bu ölkələrdə cəmiyyət həmişə avtoritarizmə meyilləndi? Demokratikləşmə iddiaları xarici kəşfiyyat orqanlarının arzusu kimi qiymətləndirildi?

1978-ci il islam inqilabı zamanı filosof Mişel Fuko jurnalist qiyafəsində İrana gələrək şah ordusu ilə əliyalın döyüşən inqilabçıları görəndə İranı yeniləmək istəyən “müştərək iradə”yə heyran olduğunu yazmışdı. Fuko inqilabçı-fransız babalarının ruhuna uyğun olaraq şahla birlikdə İranda totalitarizmin də yox olacağına o qədər inanmışdı ki, əsl jurnalistə xas olan “İran: Ruhsuz Dünyanın Ruhu” kimi populist başlıqlarla bəzədilmiş yazılar göndərmişdi Fransa qəzetlərinə. 

Halbuki İranda bir köhnəlik (din) başqa bir köhnəliyi (şahlığı), həm də yenilənmək istəyən bir köhnəliyi devirmək üçün ayağa qalxmışdı. Mədəniyyət tarixinin ən dərin qatlarında fit çala-çala arxeoloqluq edən Fuko belə zamanında bu qədim ölkədə nələrin baş verdiyini düzgün qiymətləndirə bilməmişdi.   

Siyasətin gələcəyinə, tarixin üfüqlərinə eqosunun binokulu ilə baxanlar nəzəri və praktik bilgilərin içindən ancaq şəxsi iddialara gərəkənləri seçənlər, analiz bacarığından məhrum beyinlər, adətən, bu sualların cavabında cəmiyyətin, xalqın yaxasını qırağa çəkərək, səbəbi yalnız hər kəsin görə və anlaya biləcəyi səthi qatda, birbaşa hakim zümrələrdə axtarırlar.

Ancaq aşağıda verəcəyimiz sosioloji sorğuların nəticələri və hadisələrə neytral ağlın gözü ilə baxanlar tamam fərqli məsələlərdən danışırlar.

Qərbdə dinin Maarifçilik və modernizm kimi hərəkatlarla əvəzlənməsi oralarda yaşayan insanları cəmiyyət halında həmrəy edən dəyərləri də dəyişdi. İnanc, adət-ənənə həmrəyliyinin yerinə söz və fikir azadlığı, rasionallıq, fərd, insan haqları, ictimai müqavilə, dünyəvilik, demokratiya, bərabərlik, elmi düşüncə kimi anlayışlar gəldi. İqtisadi azadlıqlar dövləti vətəndaşdan, büdcəni şəxsi ciblərdən asılı vəziyyətə saldı. 

Bütün bunlar yuxarıda adını çəkdiyim qədim mədəniyyətin varisləri olan ölkələrdə yuxarılar cəhd göstərsələr belə baş vermədi. Bu ölkələrdə insanlar modern haqların deyil, ənənəvi ümumi qorxuların ətrafında kollektivləşərək, təşkilatlanaraq yaşadılar.

Ankaraya köçdüyümüz günlərdə qonşuların bizi ziyarətə gələrkən əllərində bir qab yeməklə gəldiyini görəndə, artıq alicənablıq statusu qazanmış  bu hərəkətin nə qədər qədim bir qorxunun qalığı olduğunu düşünürdüm. Bu qorxu “bir qab yemək” şəklində simvolik olsa da hələ də yaşayırdı və bizi yeni qonşularımızla həmrəy edən ilk dəyər idi.   

Bu tip ölkələrdə iqtisadi azadlıqların olmaması, ya da hakim düşüncə ilə dil tapmağa məcbur edilməsi vətəndaşı dövlətdən asılı vəziyyətdə saxladı. Kütlə dövlətə xilaskar gözüylə baxdı. O, xilas edəndə müqəddəsləşdirildi, xilas edə bilməyəndə daş-qalaq olundu. 

Qədim və ümumi qorxuların yaratdığı həmrəylik insanları cəmiyyət deyil, icma halında yaşamağa məcbur etdi. İcmada yad, başqası, düşmən olmadığını göstərmək üçün oradakılara oxşamağa, oradakıların eynisi olmağa məhkumsan. İcmada kişilər hər şeyləri ilə bir-birilərini yamsılayırlar. Qadınlar şəxsi zövqlərinə və bədən ölçülərinə görə deyil, bir-birilərinə baxaraq geyinirlər. Cavan oğlanlar kütləvi şəkildə eyni formalı saqqala, saç düzümünə qulluq edirlər. Qızlar rəfiqələrinin xoşbəxliyinin eynisini istəyirlər. 

Sanki, ictimai bir zavod var və bu zavod mövsümə uyğun insanlar istehsal edir. Belə bir zavod həqiqətən var, bu zavodun adı xalqın xarakterində üzə çıxan onun milli təfəkkürüdür. Bu zavodun yetirmələri dünya bazarından xarakterlərinin milliliyinə uyğun geyimləri alıb gətirdiyi kimi, xarakterlərinin milliliyinə uyğun hakimiyyət formaları da yaradırlar. 

İran, Rusiya, Türkiyə, Çin kimi qədim mədəniyyətin varisləri olan ölkələrdə avtoritarizmə meyil aşağıların gizli istəyidir ki, Fuko bunun adına biohakimiyyət deyirdi. Biohakimiyyətdən tələb olunan vəzifə yuxarıda adını çəkdiyimiz “ictimai zavod”un istehsal prosesini tənzimləməkdir.

Çünki bu ölkələrdə insanlar şifahi, “bir qab yemək” kimi könül xoşluğuna əsaslanan dəyərlər ətrafında həmrəy olduğu üçün hər kəsdə həm də o birinə arxayın olmamaq, etibar etməmək, inanmamaq kimi gizli bir qorxu da var. Hətta bu klassik həmrəylikdən doğan ümumi inamsızlığı müdrik bir xəbərdarlıq halına da salıblar; “Qonşuya ümid olan şamsız yatar”. 

Adını çəkdiyimiz ölkələrdə avtoritarizmə meyil də klassik həmrəyliyin özü ilə gətirdiyi bu ümumi inamsızlıqdan güc alır. Necə? Primitiv bir nümunə; təsəvvür edin, sizin bir az artıq pulunuz var və siz evinizə əlində bir qab yeməklə gəlsə də qonşunuza etibar etmirsiniz, çünki beyninizdə “qonşuya ümid olmamaq” kimi qədim bir kod yerləşdirilib. Pulu saxlamaq üçün qonşunuzun tanımadığı üçüncü bir adama verirsiniz. Sizdən xəbərsiz qonşunuz da sizə etibar etmədiyi üçün pulunu o üçüncü adamda gizlədir. Siz bir-birinizə inanmadığınız və etibar etmədiyiniz üçün bir-birinizdən xəbərsiz, əslində eyni adamda gizlənmiş və qorunmuş olursunuz. Sosioloqlar da bunu deyir, amma daha elmi, daha qəliz şəkildə. Onlar da – sözsüz ki, hamısı yox – avtoritarizmi yaradan səbəblərin başına ictimai etibarsızlığı, kütləvi inamsızlığı qoyurlar.

Avtoritarizmə meyilli olan cəmiyyətlərdə insanların bir-birinə etibar etməməsi, güvənməməsi nəticədə onların tək bir nəfərə etibar etməsinə, güvənməsinə gətirib çıxarır. 

Təkallahlılıq da belə yaranıb, hər yəhudi qəbiləsinin başqa bir Allaha inandığı çoxallahlılıq dövründə bir yəhudi o birinə inanmırdı, etibar etmirdi, nəticədə hamı təklif olunan ümumi Allahın ətrafında birləşməyə məcbur oldular; ümumi inam, ümumi etibar və etiqad naminə. Təkallahçı peyğəmbərlər iddia edildiyi kimi, göydəkinin lütfü yox, aşağıdakıların sosial sifarişi idi.

Beləliklə, bir-birinizə etibar etməyib pulunuzu verdiyiniz şəxs sizi öz kapitalınızdan asılı vəziyyətə sala bilir, əgər ağıl sarıdan o da sizin tayınız deyilsə. Bunun üçün o, sizi bir-birinizə qorxu mənbəyi kimi təqdim edir. Beləliklə, siz başqasının əlində olan kapitalınızın əsarəti altında yaşamağa könüllü razı olursunuz və bu könüllülüyü xoşbəxtliyə çevirən sizin və pulunuzun başqası tərəfindən təmin olunan təhlükəsizliyidir. Buyurun, bu da sizə özünüzün yaratdığınız avtoritarizm. 

Ona görə də Rusiya, Çin, İran, Türkiyə kimi qədim ölkələrdə avtoritarizm daim qorxu amilini diri saxlamağa çalışır, daim məlum və naməlum təhlükə mənbələri yaradır, onları mütəmadi yeniləyir. Avtoritarizm özünü cəmiyyətin təhlükəsizliyinin qarantı imicinə soxur. Cürbəcür “düşmənlər” icad edir, bu “düşmənlərin” varlığı sizi təcavüzə uğramaq, işsiz, evsiz qalmaq qorxusu ilə əndişələndirir. Siz şizofren xəstələri kimi hər yerdə o düşməni axtarırsınız, hamıdan, hər kəsdən şübhələnirsiniz, beləliklə, bir-birinizə inamsızlığınız bir-birinizə düşmən gözü ilə baxmaq ehtiyatkarlığına çevrilir.

İngilis filosofu Tomas Hobbs, bəlkə də, adını çəkdiyim ölkələr üçün deyirdi: “İdarəetmə strategiyasını xalqın öz təhlükəsizlik qayğısı üzərində quran avtoritarizm xalqa bu qayğıdan azad olmaq üçün öz iradəsini monarxa təhvil verməkdə göydəndüşmə bir bəhanə olur”. Təhlükəsizlik qayğısından azad olma rahatlığı cəmiyyətdə ictimai etimad məsələsinin də əhəmiyyətini azaldır. 

2007-ci ildə Dünya Dəyərləri Anketinin 57 ölkə arasında apardığı sorğuya görə, ümumi ictimai etimadın ən aşağı olduğu ikinci ölkə Türkiyə olub. Anketdə verilən “Sizcə, insanların əksəriyyətinə etibar etmək olarmı? Yoxsa başqaları ilə  münasibət qurarkən və ya iş görmək istəyərkən çoxmu diqqətli olmaq lazımdır?” sualına “insanların əksəriyyətinə etibar etmək olar” cavabını verənlərin nisbəti dünya üzrə orta hesabla 25,1 faizkən Türkiyədə cəmi 4,8 faiz olmuşdur. Bayaqdan yuxarıda, “bir qab yemək” həmrəyliyindəki gizli inamsızlığa aid yazdıqlarımızın  boşboğazlıq olmadığını təsdiqləyən fakt. 

Azdırsa, birini də yazım. Dünya Dəyərləri Anketində “güclü lider vacib amildirmi” sualına dünya üzrə orta hesabla 38,1%, Türkiyədə isə 58,9% insan “çox yaxşı olardı” cavabını verib.
Bu da bayaq dediyim, Çin, Rusiya, İran, Türkiyə kimi ölkələrdə avtoritarizm aşağıların gizli istəyidir, iddiamın doğruluğunu sübut edir. 

İran çalxalanır. Bu, illərdir eyni kosmetikadan istifadə edən Şərq gözəlinin ötəri bezginliyindən başqa bir şey olmayacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR