Slimfit
  1. MƏDƏNİYYƏT

Şövkət Ələkbərova heç kimin onu elə görməsini istəmədi - Məşhurların son günü...

Şövkət Ələkbərova heç kimin onu elə görməsini istəmədi - Məşhurların son günü...
Sakura

Şövkət Ələkbərova heç kimin onu elə görməsini istəmədi - Məşhurların son günü...

Modern.az saytında “Məşhurların son günü” adlı rubrikamıza davam edirik. Rubrikanın növbəti təqdimatı görkəmli sənətkar, Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovaya həsr olunur.

Rubrikamızda hər kəsin tanıdığı simaların ölümündən az öncə ailəsinə, övladlarına, dostlarına dediyi son sözlər və ya vəsiyyəti barədə danışılır.

Arayış:  Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub.

15 yaşında musiqi müsabiqəsində qalib gəlib. Bəstəkar Üzeyir Hacıbəyov və müğənni Bülbül onun istedadını qiymətləndirib.

Şövkət Ələkbərova Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlayıb.

1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak edib və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edib. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxuyub və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olub. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoyub. 

Peşəkar müğənni karyerasına Üzeyir Hacibəyovun dəvəti ilə Azərbaycan Dövlət Xorunda başlayıb.

1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub. Böyük Vətən müharibəsi illərində cəbhəyə qastrol səfərlərinə gedərək orada vətənpərvərlik mahnıları ifa edib.

1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanıb.
Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

Keçmiş SSRİ-nin bir çox şəhərlərində,  Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.

Azərbaycan mahnıları və muğamları ilə bərabər, türk, fars və ərəb dillərində də mahnılar oxuyub.

Onun ailə həyatı çox ağır olub. İki dəfə ailə qurub. Birinci nikahından qızı Natella dünyaya gəlib. Həyat yoldaşı çox cavan rəhmətə gedib.

İkinci evliliyindən oğlu Bəşir doğulub. Bəşir dünyaya gələndən  bir neçə il sonra ikinci həyat yoldaşı – rejissor Lətif Səfərov intihar edəb.

Şövkət Ələkbərova 7 fevral 1993-cü ildə (70 yaş) vəfat edib və Bakıdakı Fəxri Xiyabanda dəfn edilib.

Modern.az-ın Şövkət Ələkbərova ilə bağlı suallarını onun gəlini - Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru Gülnarə Səfərova cavablanıdırıb.

“Şövkət Ələkbərova səhnədə daim xanım-xatun, gülərüz olub. Evdə isə Şövkət xanım çox sadə, mehriban və qayğıkeş bir ana olub. Şövkət xanımın bir qızı, bir oğlu olub. Lakin övladlarından başqa Şövkət xanım öz qardaşı uşaqlarına da baxıb. İkinci Dünya Müharibəsi zamanı Şövkət xanımın böyük qardaşı Mir Ələkbər itkin düşüb və yoldaşı da dünyasını dəyişib. Onların qızı Validə isə onda bir neçə aylıq körpə olub və Şövkət xanım ona öz qızı kimi baxıb, böyüdüb, boya-başa çatdırıb. Validə üçüncü sinifdə oxuyarkən məktəbdə öyrənib ki, Şövkət xanımın öz qızı deyil. Lakin Şövkət xanım ona “qızım, düzdür, mən sənin əslində bibinəm, amma səni anan kimi çox istəyirəm, sən mənim doğma balamsan” deyib. Validə Şövkət xanımın tərbiyəsini alıb böyüdü və Şövkət xanım onu gəlin köçürdü. Validə xanım həmçinin Şövkət xanımdan musiqi savadı alıb.

Validədən başqa Şövkət xanım qardaşı Mir Şəfehin 2 övladı - Sevda və Eldara da baxıb, evində saxlayıb. Bu isə o deməkdir ki, Şövkət xanım 5 uşaq tərbiyə edib. O, həmişə hamıya əl tutub”.


Müsahibimiz deyir ki, Şövkət Ələkbərova nəinki səsiylə, insanlığı, humanistliyi, yardımsevərliyi ilə seçilən şəxsiyyət olub.

“Şövkət Ələkbərova həm də gözəl müəllimə idi. O, Azərbaycanın hər qarışını diyar-diyar gəzib istedadlı uşaqları seçib Bakıya gətirirdi”.

Gülnarə xanım deyir ki, Şövkət Ələkbərovanın Bakıya gətirdiyi həmin uşaqlar Bülbül adına orta ixtisas məktəbidə və Asəf Zeynallı adına musiqi texnikumunda təhsillərini davam etdiriblər:

“Şövkət xanımın dərs dediyi uşaqlar onun ana qayğısı altında təhsil alırdılar. O, həmişə deyirdi ki, bu uşaqların anaları burda yoxdur, deməli onların anası mənəm. Həmin uşaqları evə gətirəndə birinci növbədə onlar üçün özü yemək bişirərdi. Daim tələbələrinin problemlərini öyrənib onlara köməklik göstərərdi”.

Gülnarə xanımın Şövkət Ələkbərovadan danışarkən dərin xəyala dalması, həsrət və özləmin səsində yaratdığı titrəmə sanki onun gəlini ilə deyil, qızıyla danışdığımızı hiss elətdirirdi.

Gülnarə xanım:

“Mən Şövkət xanıma qayınana kimi baxmamışam. Mən həmişə ona Azərbaycan Xalq artisti Şövkət Ələkbərova kimi baxmışam. Bizim aramızda çox böyük hörmət olub. Mən onu həmişə “Şövkət xanım” deyə səsləyirdim. Amma o, mənə qarşı olduqca sadə, mehriban və qayğıkeş yanaşırdı. Mənə qarşı çox diqqətcil idi, maraqlanırdı. Əhvalım olmayan kimi dindirib-danışdırardı. Məni özüylə məşqlərə aparardı, özüm də musiqiçi olduğum üçün məşqlərdə iştirak etmək mənə maraqlı idi və o, bunu bilirdi. Çox xoşbəxtəm ki, Şövkət xanımın evində olmuşam.

Mən onun evinə gələndə 18 yaşım var idi. Həmişə deyirəm ki, anam məni həyata gətirib, tərbiyə verib, amma mən həyat dərsini Şövkət xanımdan almışam. Bizi yaxından tanıyanlar həmişə deyir ki, sən necə Şövkət xanıma bənzəyirsən... Buna səbəb o idi ki, məndən aslı olmadan onun hansısa sözlərini, hərəkətlərini, xasiyyətin hansısa çələngini baxıb götürmüşəm. Ola bilər ki, bu oxşarlıq ondan qaynaqlanır.

Məşq üçün evimizə şedevr bəstəkarlar - Tofiq Quliyev, Cahangir Cahangirov, Ramiz Mirişli, Vasif Adıgözəlov və digərləri gəlirdi. Şairlərimiz gəlib deyirdii ki, “Şövkət xanım, bu şeirə kim yaxşı mahnı bəstələyə bilər7”. Ya da cavan bəstəkarlarımız gəlirdi ki, “məni hələ heç kim tanımır, Şövkət xanım, mahnı bəstələmişəm, kim oxuya bilər. O, isə deyirdi ki, “bəyənsəm, mən oxuyaram”. Bunların hamısı mənim gözümün qabağında olub deyə, qeyd edirəm ki, Şövkət xanımdan musiqi və ən əsası həyat dərsi keçmişəm. Bəstəkarlar başa düşürdü ki, onların mahnılarını Şövkət xanım ifa etsə, o mahnı yaşayacaq.

Şövkət Ələkbərova  bir çox mahnıların ilk ifaçısı olub. Polad Bülbüloğlunun mahnılarının ilk ifaçısı Şövkət xanım olub. Bəlkə də bunu heç kim bilmir. Şövkət xanım solo konsertlərində böyük sevgi ilə deyirdi ki, “Polad Bülbülün oğlu”. Demirdi ki, Polad Bülbüloğlu, Bülbülün oğlu deyirdi. Çünki o, Bülbülü çox sevirdi, ona böyük hörməti var idi”.

Çox vaxt müəllim tələbəsi ondan yüksəkdə olmasın deyə, sənətin bütün sirlərini açmır. Şövkət Ələkbərova elə bir müəllim idi ki, sənətin bütün sirlərini tələbələrinə çatdırıb, peşəsinin hər incə detalını bircə-bircə öyrədib. Məhz buna görə də Şövkət xanımın tələbələri hamsı “Xalq artisti” adını alıb.

 Sənətkarın gəlini:

“Şövkət xanımın sənəti ilə şəxsiyyəti vəhdət təşkil edirdi. O, bəzi müğənnilər kimi -  hansı ki, sənəti var, amma şəxsiyyəti yoxdur - deyildi. Şövkət xanımı yaxından tanımayanlar üçün onun mahnısına qulaq asmaq bəs edir. Onun ifasında qəmginlik, həzinlik var. İfalarından daxili aləmi görünür”.

Musiqi Şövkət xanımın həyatına da yansımışdı. O, musiqini sadəcə işidi deyə yox, onun xarakterini ifadə etdiyinə görə sevib. Çünki indi də tayı-bərabəri olmayan “Şövkət Ələkbərova səsi” sanki onun insanlığından, xarakterindən də xəbər verir. Səsindəki hüzur və məlahətdən anlamaq olur Şövkət Ələkbərova necə bir insan olub.

Gülnarə xanımla Şövkət Ələkbərovanın tanışlığına səbəb də elə musiqidən keçib.

“Mən Asəf Zeynallı adına musiqi texnikumunda birinci kursda, Fortopiano sinfində təhsil alırdım. Şövkət xanım isə orada muğam dərsləri deyirdi. Biz həmişə onun yanından keçəndə salam verirdik. Bir dəfə isə o, bizi saxladı və bir-bir maraqlanmağa başladı, dərslərimizi, müəllimlərimizi soruşdu. Şövkət xanım məni orda bəyənmişdi və oğluna göstərib deyib ki, o qız mənim cavanlığıma oxşayır. Sonra anam, atamla tanış oldu.

Şövkət xanım həmişə deyirdi ki, mən çox xoşbəxt biriyəm ki, əlli ildən çox xalqıma xidmət etmişəm. Onun son günlərində biz ruh düşkünlüyü yaşayırdıq. O, bizi çağırıb dedi ki, siz niyə məyussunuz? Mən xoşbəxt qadınam ki, məni xalqım sevir və mən bu xalq üçün 50 ildən çox xidmət göstərdim, mən hər evin laylası olmuşam”.


Gülnarə xanım qeyd edir ki, Azərbaycan Şövkət Ələkbərovanın səsinə hələ də həsrət qalıb.

““XX əsrin qadın və kişi müğənnisi” adlı yarışma keçirlirdi. Qadınlar arasında Şövkət Ələkbərova, kişilər arasında Rəşid Behbudov birinci yerə çıxdı.

Azərbaycan indi Şövkəti, Rəşidi axtarır, amma tapa bilmir. Hətta mən deyərdim ki, Şövkət Ələkbərovanı, Rəşid Behbudovu heç vaxt əvəzləyən olmayacaq. Bəlkə də Şövkət xanıma oxşayacaqlar, amma Şövkət xanım kimi heç vaxt olmayacaqlar. Mən indi də deyirəm ki, bəli, Şövkət xanım xoşbəxt qadın idi ki, onun ifası bu gün də hər evin laylasıdır.

Xarici bir şirkət “Dünya laylaları” adlı böyük bir proyekt hazırlayırdı. Şirkət nümayəndələri sadəcə qulaq asır, xoşlarına gələn laylanı həmin proyektə əlavə edirmişlər. Sonra bizə zəng etdilər ki, Şövkət xanımın ifasını bəyəniblər, razılıq verin. Bu insana qürur verir.

Mənim 6 aylıq nəvəm hər gün Şövkət Ələkbərovanın laylası ilə yuxuya gedir. Bu xoşbəxlikdir. Mən bütün analara üzümü tutub deyirəm ki, körpələrini bu laylayla yatırtsınlar. “Yutube”da Şövkət xanımın mahnlarının altındakı rəylərə baxıram, yazanların çoxu gənclərimizdir. Hamısı Şövkət xanıma rəhmət diləyir. Bir dəfə 20 yaşlı oğlan rəydə yazmışdı ki, “Allah mənim ömrümdən alaydı, amma Şövkət xanımı geri qaytaraydı”. Mən onu oxuyanda çox kövrəldim. 28 ildir Şövkət xanım yoxdur, amma xalqın gözü hələ də onu axtarır”.

Gülnarə xanımın sözlərinə görə, Şövkət Ələkbərovanın qızından iki oğlan nəvəsi var:

“O qədər qayğıkeş nənə idi ki! Öz uşaqlarına qarşı çox tələbkar idi, amma nəvələrinə qarşı yox. Övladları həmişə bunu dilə gətirəndə deyirdi ki, “siz mənim uşağımsız, onlar nəvələrim”. “Tərbiyəni övladlarınıza siz verin” deyirdi. Mən bunu nəvəm olandan sonra anladım. Mən də eynilə övladlarıma qarşı tələbkar idim, amma nəvəm istəyirəm ərköyün olsun. Nəvə şirin olurmuş. Şövkət xanım çox gözəl nənə idi. Mənim qızım dünyaya gələndə o çox sevinirdi. İstəyirdi ki, qız nəvəsi olsun. Qızım dünyaya gələndə dedi ki, mən nəvəmə öz adımı verəcəm. Sonra mənə baxırdı ki, birdən narazı olaram. Deyirdi ki, “mənim adımın çox gözəl mənası var, bilirsən?! Mənim adımın mənası şan-şöhrət deməkdir”. Mən də deyirdim ki, siz necə məsləhət görürsnüz elə olsun”.

Şövkət xanımın birinci həyat yoldaşından olan qızı Natella çox gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının dərdi ilə yanan Şövkət Ələkbərova gəlinin sözlərinə görə, çox az yaşaya bilib. Şövkət xanım qızının ölümündən sonra bir daha  mahnı oxumayıb.

“Şövkət xanım qızımı çox az gördü. Hər gün nəvəsinə laylay oxuyardı. Mən ona deyirdim ki, Şövkət xanım, yorulmadınız? Deyirdi: “Ay qızım, mənim ömrümə çox az qalıb. Qoy, doyunca laylay deyim balama”. Qızından sonra Şövkət xanım çox “düşdü”. Dərd sındırdı onu.

Şövkət xanım övladlarını və nəvələrini bu sənətdə görmək istəmirdi. Qızım bələkdə olanda ağlamağından deyirdi ki, “bu çox istedadlı uşaq olacaq. Amma nəbadə onu oxumağa qoyasan. Çünki xalqı qane etmək çox çətindir. Bu çox böyük məsuliyyətdir. Mən o çətinliyi görmüşəm, istəmirəm mənim balaca balam o çətinliyi görsün”. Mənə elə gəlir ki, Şövkət xanım haqlı idi. Artıq Şövkət Ələkbərova bir zirvə kimi var və o zirvəyə qalxmaq çox çətindir. Mənim qızım bəli, istedadlıdır, amma o, “Şövkət Ələkbərova zirvəsi”ni fəth edə bilməzi, onun kölgəsində qalacaqdı”.  

Gəlininin sözlərinə görə Şövkət xanımın son günündə yanında ailə üzvlərindən başqa heç kimi istəməyib.

“Şövkət xanım çox ağır xəstə idi və heç kimin onu elə görməsini istəmirdi. O, özünə qapanmışdı, bvə eləcə də rəhmətə getdi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR