Sosial şəbəkələr arıqlamağa kömək edə bilərmi? Yoxsa ən yaxşısı dietoloqlara etibar etməkdir?
Əgər siz Reddit-də və ya İnstagram-da kiminsə paylaşımındakı müzakirələrə rast gəlmisinizsə, çəkinin aşağı salınması barədə onlayn məsləhətlərə etibar etmək olarmı?
Hər şey göründüyü qədər sadə deyil. Şəbəkələrdə bir klik məsafəsində baş gicəlləndirici sayda pəhriz tövsiyələri var.
Məsələn, İnstagram-dakı #fitspiration tez axtarış həştəqi milyonlarla görüntü tapır: qarın əzələsinin polad "kubiklərinin" yaxından çəkilişi, böyük bazunun ikibaşlı əzələsi (biseps), "əvvəl" və "sonra" çəkilən şəkillər və ya trenajor zallarındakı insanlar.
Bütün bu müxtəlifliklər arxasında böyük bir sual gizlənir: sosial şəbəkələr sizin pəhrizə kömək edə və ya mane ola bilərmi?
Bir şeyi nəzərə alın: əgər siz arıqlamağı həqiqətən istəyirsinizsə, əvvəlcə peşəkarlara müraciət edin. Hər kəs üçün eyni pəhriz ola bilməz.
Ekpert baxışı
Şotlandiyanın Edinburgh Universitetindən olan tədqiqatçı Squirrell iki məhşur sosial şəbəkəni müqayisə edib və belə qənaətə gəlib ki, Reddit yazılı məsləhətləriylə İnstagram-ın sonsuz fotolentləri üzərində açıq-aşkar üstünlük təşkil edir.
Onun sözlərinə görə, Reddit icma maraqlarına əsaslanır və onlar bir qayda olaraq ümumi məqsəd ətrafında birləşən insanların daha məhsuldar ünsiyyətinə yardım edir.
"İnsanlar məzmunca onlara uyğun olanı qəbul edirlər və ona səs verirlər, digərləri bunu görürlər və yenidən şərh edirlər. İcma modeli onu göstərir ki insanlar məsləhət verir və öz təcrübələrini bölüşürlər",-deyə o qeyd edir.
Squirrell Reddit-dəki r/paleo mövzusunu misal gətirir: bu paleopəhrizi adlanan pəhrizə həsr olunub və onun 120 mindən çox abunəçisi var.
"Mağara pəhrizi" nəzəri cəhətdən təbiətdən toplanan və ya ovdan əldə edilən məhsullardan ibarətdir.
Eynilə bizim əcdadlarımızın - ovçuların və toplayıcıların kənd təsərrüfatı inqilabına qədər etdiyi kimi. Ona görə də bu pəhrizdə ət, balıq və yumurtanın yeyilməsi vurğulanır.
Bu pəhrizin tərəfdarları çörəyə, makarona, müxtəlif qəlyanaltılara və mikrodalğalı sobada qızdırılan yeməyə qətiyyətlə "yox" deyirlər.
Squirrell deyir ki, Reddit istifadəçiləri adətən bir-birlərini pəhriz seçimində təşviq edirlər. "Onlar uğurlarını və uğursuzluqlarını da bölüşürlər",- deyə o, əlavə edir.
İnstagram-da isə əksinə, adətən məsləhətləri pəhriz və ya müəyyən məhsulları satan və ya reklam edən məhşur mikroblogerlər - inflyuenserlər (sosial şəbəkələrdə çox izləyicisi olan istifadəçilər) verirlər.
"Orada sizə tez-tez sponsor mövzusu və ya reklam təklif olunur. Beləliklə, bu sosial şəbəkədəki informasiyalar Reddit-dəkinə nisbətən daha az obyektiv ola bilər,"- deyə Edinburgh universitetinin tədqiqatçısı deyir.
Lakin bəzi peşəkarlar fiquranın formalaşdırılması üçün sosial şəbəkələrdəki istənilən məsləhətlərə əməl edilməsinin təhlükəli olması barədə xəbərdarlıq ediblər.
"Miflərlə mübarizədə tam bir döyüşçü"
İnstagram-dakı məhşur hesabın aparıcısı, Chicago-dan olan dietoloq Kristy Brissette əmindir ki, inflyuenserləri kor-koranə şəkildə izləmək sağlamlığa yaxşı təsir göstərməyə bilər.
Lakin o, həmçinin Reddit-ə də çox müsbət yanaşmır. O, xəstələrinin bir hissəsinin bu meydandakı anonim hesablar tərəfindən təqibə məruz qaldıqlarını deyir.
"Anonimliyin qaranlıq tərəfi də var: Reddit-də insanlar başqalarına elə şeylər yazırlar ki, bunu heç vaxt həmin adamın üzünə deyə bilməzlər",- o deyir.
Brissette, həmçinin onlayn-platformalarda olan çoxlu sayda faydasız və hətta təhlükəli məsləhətləri göstərib.
Məsələn, Reddit-dəki 200 min iştirakçısı olan müzakirələrdən birində iddia olunur ki, kalorinin kəskin şəkildə azaldılması arıqalamaq üçün yaxşı vasitədir.
Bu, böyüklərin əksəriyyəti üçün qeyri-sağlam və potensial olaraq təhlükəli bir məsləhətdir. Ekspertlər qadınlara gün ərzində 2 min, kişilərə isə orta hesabla 2,5 min kalori tələb olunduğunu qəbul edirlər.
"Mən özümü dietologiyanı miflərdən qoruyan tam bir döyüşçü kimi hiss edirəm. Mənim fikrimcə, məlumatların böyük bir hissəsi pəhrizin hazırlanmasında heç biri təcrübəsi olmayan insanlar tərəfindən daxil edilir",- Brissette deyir.
O, BBC ilə söhbətində internetdəki pis məsləhətlərə əməl edərək zərər görən xəstələrinin olduğunu da söyləyib.
Brissette onu da qeyd edib ki, bəzi inflyuenserlərin və gözəllik bloggerlərinin müvafiq peşəkar hazırlığı olsa da, böyük əksəriyyətində bu yoxdur.
Şəxsi məşqçilərin anatomiya və fiziologiyadan anlayışı, ilk yardımı göstərmək bacarığı barədə sertifikatı və müvafiq diplomu olmalıdır.
Bundan başqa, bir çoxlarına sosial şəbəkələrdəki müsbət və gözəl arıq insanların şəkilləri çox pis təsir göstərir. Brissette deyir ki, özünə qarşı yüksək tələblər və pəhrizdən gözləntilər heysiyyatın aşağı düşməsinə gətirib çıxara bilər.
"Əgər hiss etsəniz ki, sosial şəbəkələrdəki lent yazılarına baxaraq motivasiyanı itirirsiniz və ya özünüzü məzlum hiss edirsiniz siz mütləq onlardan istirahət etməlisiniz",- deyə dieotoloq fikrini yekunlaşdırıb.
Bir kişinin yolu
Pəhriz saxlayanların əksəriyyəti üçün məqsəd hər vasitəni haqlı sayır.
"Mənim üçün hətta sadəcə gəzmək belə ağır idi, nəinki iyirmi yaşındakılar üçün adi sayılan şeyləri etmək",- deyə Joey Morganelli deyir.
Michigan-dan olan bu gənc nə vaxtsa 180 kiloqram olub. Hazırda onun 23 yaşı var və pəhrizə ilk işini tapmağa cəhd göstərən zaman başlayıb.
"Özümü ac saxlayırdım, çünki yemək yeməkdən qorxurdum. Hər dəfə yemək yeyən zaman təşvişə düşürdüm. Çizburgerin kimisə təşvişə saldığını düşünmək ağılsızlıqdır, lakin yağlı yemək məni özümdən çıxarırdı", - o deyir.
Bu heç də yaxşı ideya deyildi, ona görə də nəticədə o, Reddit-dəki müzakirələri oxuyaraq yeni, daha stabil pəhriz saxlamağa başlayıb.
"Səni bu qədər tanımadığın insanın dəstəkləməsi çox yaxşıdır. Bəzən bu sənin yaxınlarının fikrindən daha əhəmiyyətli olur, çünki tanımadıqlarının sənin haqqında qərəzli fikirləri olmur", - o deyir.
O, irəliləyişə nail olub. Lakin əvvəlki kimi gah artıq çəki alıb, ya da çəkisini itirib. Uzun müddət ərzində fasiləsiz olaraq arıqlamağa nail olub.
Lakin Reddit-dəki icmalar ona kəskin aşağı düşən bədən kütləsini qoruyub saxlamağa kömək etməyib. Mayda yeni işi Joey-i yenidən problemlərinə dönməyə məcbur edib.
"İyunda mən yenə stress ucbatından özümü saxlaya bilmədim. İş gərginliyini aradan qaldırmağa mənə yemək kömək edirdi", Morganelli etiraf edir.
Bu bir xəbərdarlıq nümunəsidir: miçiqanlının çəkisi yenidən artıb və hazırda o 140 kiloqramdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət