Slimfit
  1. HÜQUQ VƏ FƏLSƏFƏ

Sosial şəbəkə vasitəsilə hüquqları pozulan şəxs nə etməlidir?

Sosial şəbəkə vasitəsilə hüquqları pozulan şəxs nə etməlidir?
Sakura

Sosial şəbəkə vasitəsilə hüquqları pozulan şəxs nə etməlidir?

Məlumdur ki, sosial şəbəkələrdən istifadə nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində geniş yayılıb. Hər kəs internetdən öz məqsədləri üçün istifadə edir. Lakin təəssüflər olsun ki, bu şəbəkədən şantaj, hədə-qorxu və digər cinayət əməlini həyata keçirmək üçün istifadə edənlər də var. Kimliyi bilinməyən saxta profillə insanların şəxsi məlumatları, fotoşəkilləri yayılır. Azərbaycanda da dəfələrlə bu kimi hallara rast gəlinib. Bəs, bu halda nüfuzu tapdalanmış, böhtana məruz qalmış şəxs nə etməlidir? Hansı hüquqi addımlar atıla bilər?

Məsələ ilə bağlı e-huquq.az-ın suallarını vəkil Roman Qaraşov cavablandırıb. 

Vəkil qeyd edib ki, Azərbaycan qanunlarına əsasən internetdən istifadə tamamilə azaddır və istifadəçilər istədikləri saytlara daxil ola və onları maraqlandıran mövzularda informasiyanı ala bilər, başqa bir tərəfdən də istədikləri xəbərləri, məlumatları, materialları internetdə yerləşdirib, yaya bilərlər. R. Qaraşov qeyd edib ki, məhz bu azadlıq sui-istifadə hallarına müəyyən mənada imkan yaradır. Vəkil təəssüflə bildirib ki, sosial şəbəkələr, internet resurslarından istifadə etməklə, insanların bir-birini təhqir etməsi, şər-böhtan dolu informasiyalar yayması adi hala çevrilib:

“Tövsiyyə edirəm ki, hər bir internet istifadəçisi dövlət və ictimai maraqlara zidd addım atmaqdan çəkinməli və dövlətimizin ali maraqlarını üstün tutan fikirlərlə çıxış etməlidir. Müşahidəmə əsasən, deyə bilərəm ki, Azərbaycanda böhtana əsasən tanınmış insanlar məruz qalır. Bir çox hallarda, internet mediasına açıqlama verən tanınmış şəxslər qarşı tərəflə bağlı nalayiq, təhqiramiz fikirlər söyləyir, böhtan xarakterli məlumatlar yayırlar. Bu fikirlərə əlavə olunan şərhlər isə mövcud problemi daha da qəlizləşdirir. İctimaiyyətin, eləcə də dövlətimizin ciddi narahatlıqla qarşıladığı bu məsələ qanun çərçivəsində öz həllini tapmaqdadır. Məsələn, Cinayət Məcəlləsinə əsasən, böhtan xarakterli məlumat yayan şəxs iki ilədək müddətə islah işləri, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yəni qanunvericiliklə bu cür əməllərin sərt şəkildə cəzalandırılması imkanları mövcuddur”. 

Bu gün internet mediasının yazılı mətbuata nisbətən daha geniş yayıldığını diqqətə çatdıran vəkil, insanların öz fikirlərini, böhtan atanların isə öz böhtanlarını məhz internet şəbəkədə yaymağa üstünlük verdiyini vurğulayıb. Onun sözlərinə görə, təhqirə, böhtana məruz qalan şəxs mütləq məhkəməyə müraciət etməlidir. 

"Təəssüflər olsun ki, internetdə bir məsuliyyətsizlik mühiti hökm sürür. İnternet azadlığından istifadə edib, qarşılıqlı təhqir yolverilməzdir. Hər hansı bir şəxs hüququnun pozulduğunu zənn edirsə, əlində olan sübutlarla qeydiyyatda olduğu rayon üzrə məhkəməyə müraciət etməli, hüquqlarının müdafiəsində israrlı olmalıdır. Bu, təhqirlə, böhtanla bağlı ən effektiv üsuldur. Hətta mülki qaydada müəyyən məbləğdə pul kompensasiyasının ödəniləsinə də nail ola bilər. Lakin göstərilən cəza tədbirləri ilə yanaşı əgər yayılmış informasiya hər hansı xəbər portalında yayımlanıbsa, Azərbaycan Mətbuat Şurasına da bununla bağlı müraciət edilə bilər. Mətbuat Şurası hüquq mühafizə orqanı olmasa da, reket saytlar, saxta və qərəzli məlumat dərc edən mətbuat orqanlarının mütəmadi olaraq siyahılarını tərtib edir. Bu zaman nüfuzuna, jurnalist peşəsinə sadiq olan şəxs istəməz ki, onun əməkdaşlıq etdiyi xəbər saytı hər hansı mənfi rəy formalaşmış xəbər portallarının sırasında olsun” – deyə, vəkil qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR