"Sosial mediaya nəzarət mümkündür" - Osman Gündüz açıqladı
“Azərbaycanda dövlət səviyyəsində sosial şəbəkələrə müdaxilə yoxdur. Amma başqa dövlətlərdə bu müdaxilələr həyata keçirilir”.
Bunu Redaktor.az-a açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial mediayaya müdaxilələrdən danışarkən deyib.
Onun sözlərinə görə, sosial şəbəkələrə müxtəlif yollarla müdaxilə etməyi bacaranlar var:
“Qanunvericilik səviyyəsində internet, sosial media ölkəmizdə hüquqi cəhətdən Kütləvi İnformasiya Vasitələri (KİV) ilə bərabərləşdirilib. Təhqir, böhtan sosial mediada varsa, KİV-də olduğu kimi cinayət məsuliyyəti yaradır. Bu istiqamətdə qanunvericilikdə müəyyən addımlar atılıb. Müxtəlif hökumətlər, o cümlədən də bizim hökumət təkcə “Facebook” yox, bütün qlobal şirkətlərlə əlaqəli çalışır. Dövlət təhlükəsizliyi ilə bağlı tədbirlər, terrorçuluğun qarşısını almaqla bağlı hökumətlərin rəhbərləri, o cümlədən Azərbaycan hökuməti də qlobal resursların rəhbərlərinə müraciət edirlər”.
O. Gündüz qeyd edir ki, burada əsas məsələ ondan ibarətdir ki, qlobal resursların rəhbərləri bu müraciətlərə necə baxır:
“Adətən, bu resurslarda ikili standartlar rol oynayır. Böyük ölkələrin müraciətlərinə dərhal reaksiya verildiyi halda digər ölkələrə ikili standartla yanaşır, fərq qoyurlar. Əsasnamələr olanda hökumətlərin məktubu, məhkəmənin qərarı, müəyyən bir əməliyyat-axtarış, cinayət tədbirləri ilə bağlı əsaslandırılmış məlumatlar göndəriləndə həmin qlobal resursların sahibləri istifadəçi ilə bağlı zəruri materialları təqdim edir, müxtəlif hesabatlar verirlər".
O, həmçinin ara-sıra sosial şəbəkələrin qadağan olunması ilə bağlı yayılan məlumatlara da toxunub:
"Hansısa sosial şəbəkələrin bağlanması dövlətin mövqeyi deyil. Bu məsələ ilə bağlı Prezidentin çıxışları var ki, internet, sosial media ölkəmizdə azaddır. Hamı azad şəkildə sosial mediadan istifadə edir. İnternet, sosial media Azərbaycanın ictimai həyatında böyük rol tutur. Biz bu sahəni daha da inkişaf etdirməliyik".
O. Gündüz bildirib ki, ölkələrin qlobal resursların rəhbərliyi ilə əlaqələri, əməkdaşlığı varsa, sosial mediaya nəzarət mümkündür:
"Xatırlayırsınızsa, Türkiyə bu cür əməkdaşlığı təklif edirdi. Deyirdi ki, konstitusiyamıza, dövlətçiliyimizə zidd olan məqamlar var, bunun qarşısını almaq lazımdır. Amma o zaman bu qlobal resurslar Türkiyəni qulaq ardına vururdu. Türkiyə ölkəsində sosial medianı bağladıqdan sonra müəyyən razılaşmalar oldu. Əməkdaşlıqlar olduğu zaman ölkələrin xüsusi xidmətləri dövlətçilik təhlükəsizliyinin qarşısını almaqla bağlı müəyyən işlər görə bilirlər. Əks halda, bu, çox çətin olur. Gərəkdir ki, hökumət burada texniki cəhətdən daha qeyri-qanuni addımlara əl atsın. Hansı ki, bu addımlar da dünyada məqbul sayılmır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət