Slimfit
  1. AZƏRBAYCAN

Son zamanlar intihara cəhd edən uşaqların sayı artıb

Son zamanlar intihara cəhd edən uşaqların sayı artıb
Sakura

“Mən hər dəfə döyülməkdənsə, bir dəfə ölməyə hazıram….”

Son zamanlar intihara cəhd edən uşaqların sayı artıb. Bəs uşaqların intihara əl atmalarına səbəb nədir?

Elə bilirəm ki, öz canına qıymaq istəyən uşaqlar ilk növbədə bu addım ümidsizlikdən atırlar. Çünki uşaq ətrafında bir kimsənin olmadığını görəndə, təklikdən çıxış yolunu özünü öldürməkdə görür. Hesab edir ki, mənəvi əzablardan qurtarmağın yolu ancaq canına qəsd etməkdir. Ona görə də uşaqlara digər insanlara göstərdiyimiz diqqəti göstərməliyik. Çünki uşaqların nəvazişə, sevilməyə daha çox ethiyacları var. Çox təəssüf ki, bəzi valideynlər bu hörməti, ehtiramı, nəvazişi, sevgini onlara göstərmək əvəzinə, çox vaxt uşaqlarla pis rəftar edir, onları söyür, ağır sözlərlə təhqir edirlər. Uşaqlar da bu pis rəftardan əziyyət çəkirlər. Bu cür rəftar sonda onları həyatdan imtina etməyə məcbur edir…

Bəzən deyirlər ki, valideyn övladı söyər də, döyər də, amma daha nifrətlə yox, ərklə. Əslində, uşağa əl qaldırmaq, onu təhqir etmək onun hüquqlarının pozulması deməkdir. Övladla «boks torbası» kimi davranan, nifrətlə yanaşan valideynləri anlamıram. Halbuki uşaqların düşüncəsinə, zəkasına və dərrakəsinə daha çox qiymət, əhəmiyyət verilməlidir. Onların zəka və düşüncələri lazımınca qiymətləndirilməlidir, laqeyd yanaşılmamalıdır. Onlara ehtiram göstərilməli və onların hissiyyatlarına hörmət edilməli, eyni zamanda onlarda başqalarına hörmət etmək əxlaqı formalaşdırılmalıdır. Uşaqları məsuliyyət daşımağa, məsuliyyətli işlərin, tapşırıqların öhdəsindən gəlməyə öyrətmək olduqca mühümdür. Bunları onlara ən asan yolla başa salmaq, anlatmaq lazımdır, axı onlar uşaq olsa da, insandır, doğma qan, doğma cismdir, qanmaz deyil ki, anlamasın. Övladlar düşmən deyil, valideynlərin sevgisinin məhsuludur. Yox, əgər valideynlər buna səhv kimi baxırsa onda heç bir sevgidən, hörmətdən danışmağa dəyməz, deməli, bu sevgi yox, bir neçə dəqiqəlik ehtiras, əyləncə imiş…

Uşaqları tərbiyə edəndə hər şeydən öncə onlarda özləri haqqında müsbət fikirləşmək düşüncəsini yaratmağa yardım etməliyik. Bu cür davranış böyüdükçə məsuliyyətin öhdəsindən gəlməyi onlar üçün daha da asanlaşdıracaq. Və təsəvvür edin ki, o uşaq içində nələr çəkir. Təsadüfən belə bir hadisənin şahidi oldum. Valideyn doğma övladını döydükcə uşaqda üsyan hissləri baş qaldırırdı. Döyülən uşaq bədənindəki zədə izlərini mənə göstərəndə şoka düşdüm. İçimdə o ataya qarşı nifrət hissi oyandı. Uşaq mənə dedi ki, atası içki aludəçisidir, hər dəfə içəndə onu döyür. Uşağın dediyinə görə, anası da qəddarlıqda atasından geri qalmır. Təsəvvür edin, uşaq döyüldükcə yalvarırdı: “Ata, döymə məni, söymə mənə. Axı mən sənin övladınam. Niyə döyürsən məni? Döyməkdənsə, sığal çək. Niyə söyürsən? Söyməkdənsə, xoş söz de, nəvaziş göstər. Başa salmaq o qədər çətindir? Axı mən də insanam, məni söyməyib, asta başa salsan, mən anlayıb bir daha səni əsəbiləşdirmərəm. Axı mən o böyük sevgi, məhəbbətdən yaranmışam. Böyük sevginin, qayğının, nəvazişin, sığalın bəhrəsi, nəticəsiyəm. Əgər məni istəmirdinizsə, niyə bir-birinizi sevib ailə qururdunuz?! İndi o sevginin bəhrəsini ayaq altına salıb, döyüb, yerə çırpırsınız. Deməli, sevginiz saxta imiş, möhkəm deyilmiş. Sevgidən yaranan uşaq ayaq altında qalmamalıdır, ona valideynlər tərəfindən işgəncə verilməməlidir, təhqir edilməməlidir. Atacan, anacan, döyməkdənsə, məndən imtina edin, aparın qoyun uşaq evinə. Bəlkə orada sevgini hiss etdim. Yad adamlar mənə daha yaxın və mehriban olar, nəinki siz. Atacan, anacan, məni əzizləməkdənsə, kobud rəftar edib, üstümə qışqırırsınız, təhqir edirsiniz. Ata, məgər mən yumruq nəticəsində yaranmışam? Döyməkdənsə, məndən birdəfəlik imtina edin, yaxud öldürün, çünki mən hər dəfə döyülməkdənsə, bir dəfə ölməyə hazıram. Təki canım bu döyülməkdən birdəfəlik qurtarsın. Mən daha bu əzab-əziyyətin qurbanı olmaq istəmirəm, axı mən də insanam!”

Odur ki, gəlin, bu arzuolunmaz hərəkətlərdən, davranışlardan əl çəkək. Uşaqları sevək, onlara isti nəvaziş göstərək. Onları qayğısız uşaqlıq illərindən məhrum etməyək. Heç bir halda onların şəxsiyyətinin alçaldılmasına yol verməyək. Qəddar olub, uşaqların həyatını zəhərləməyək, axı uşaqlar bizim gələcəyimizdir. Döyməkdənsə, sevək, qoruyaq və heç vaxt onları tək buraxmayaq.

Leyla Namazova

Mənbə:bizimyol.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR