Siqaretdən ilk dəfə istifadə edən hər dörd nəfərdən üçü onun aludəçisinə çevrilir
Hər il mayın 31-i Dünya Tütünlə Mübarizə Günü və ya Dünya Tütünsüz Günü kimi qeyd olunur. Bu məqsədlə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında pulmonologiya və allerqologiya şöbəsinin rəhbərliyinin təşəbbüsü ilə konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda pulmonologiya və allerqologiya şöbəsinin həkim-rezidenti Dilarə Baxşəliyeva “Siqaretin zərərləri və siqaretiburaxma üsulları”, assistent Əlizamin Sadıqov “ “Siqaretin səbəb olduğu xəstəliklər – ağ ciyərin interstsial xəstəliyi” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzəçilər çıxışlarında tütünün tərkibindəki zərərli maddələrdən, onların insan orqanizmdə yaratdığı çoxsaylı xəstəliklərdən, siqaretitərgitmə və bu zərərli vərdişlə mübarizə yollarından, tütünü atan şəxslərin orqanizmində baş verən müsbət dəyişikliklərdən və s. söhbət açıblar. Həmçinin siqaret çəkənlərin təkcə özlərini deyil, ətrafdakı insanları da ciddi şəkildə zəhərlədiklərini və bu səbəbdən siqaret istifadəçilərinə ətrafdakı insanlara diqqətli olmalarını tövsiyə ediblər.
Bildirilib ki, siqaret hazırda dünyada ölümə səbəb olan və ən böyük xərçəngyaradıcı vasitələrdən biridir. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, dünyada ən çox yayılmış xərçəng növü olan ağ ciyər xərçənginin yaranmasının əsas səbəbi siqaret alışqanlığıdır. Ağ ciyər xərçəngindən ölən xəstələrin onundan doqquzu siqaret çəkir. Siqaret saç tökülməsinə, kataraktaya, dəri qırışlarına, eşitmənin itməsinə, dişlərin çürüməsinə, sümüklərin əriməsinə, ürək-damar və ağ ciyər xəstəliklərinə səbəb olur. Buna görə də DST siqaret alışqanlığını xəstəlik adlandırır. Bu da çox ciddi müalicə tələb edən xəstəlik hesab olunur.
Siqaretin tərkibində təxminən 4 min fərqli toksik maddə var ki, onlardan 55-i kanserogen təsirə malikdir. Siqaretin tərkibindəki nikotin alkoqoldan 15, kokaindən 5 qat artıq asılılıq yaratmaq qabiliyyətinə malikdir. Gündə bir qutu siqaret orqanizmdə 3 ayda toplanılacaq qədər qətran yığır. Qətranda bilinən 63 xərçəng yaradan maddə var. İyirmi il ərzində gündə bir qutu siqaret çəkmək insan orqanizmində 7 kiloqram qətranın toplanmasına səbəb olur.
Məruzəçilər qeyd ediblər ki, əksər ölkələrdə siqaretçəkmə yaşı 12 yaşa düşüb. Statistika göstərir ki, siqaretdən ilk dəfə istifadə edən hər 4 nəfərdən üçü onun aludəçisinə çevrilir. Siqaret çəkənlərin isə 67 faizi siqareti buraxmaq istəyir. Gündə 10 ədəddən az siqaret çəkənlərin arasında isə siqareti buraxmaq istəyənlərin sayı daha azdır. Siqaretin birdən buraxılması daha uğurlu nəticə verir. Siqaretin buraxılmasından 10 il sonra ölüm riski heç çəkməyənlərlə eyni olur.
Elektron siqaretlərin zərərindən bəhs edən mütəxəssislər onların siqareti tərgitməyə kömək etmədiyini vurğulayıblar.
Passiv siqaretin zərərlərindən də danışan məruzəçilər başqalarının çəkdiyi siqaretin tüstüsünə daha çox qadınlar və uşaqların məruz qaldığını diqqətə çatdırıblar.
Konfrans mövzular ətrafında məruzələrlə davam edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət