Sığorta şirkətini iflasdan xilas etmək üçün - Yeni təkliflər
Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi, qanuna sığorta və təkrarsığorta şirkətlərinin sağlamlaşdırılması ilə bağlı müddəaların əlavə edilməsi nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, sənədə əsasən, dəyişikliklər kapital tələblərinə cavab verməyən sığorta və təkrarsığorta şirkətlərinə vaxtında müdaxilə edilməsi, həmin şirkətlərin iflasdan xilas edilməsi və iflasa getdiyi təqdirdə isə istehlakçıların hüquqlarının qorunması məqsədilə şirkətin vəsaitlərinin qorunması üçün hüquqi əsas yaradır.
Layihəyə görə, sığortaçının məcmu kapitalı tələb olunan kapitalından aşağı olduqda və ya sığortaçı sığortalılar, sığorta olunanlar, faydalanan şəxslər, maliyyə bazarlarına nəzarət orqanı, İcbari Sığorta Bürosu və digər şəxslər qarşısında öhdəliyini icra etmədikdə sağlamlaşdırma planının hazırlanması və tətbiqi və ya sığortaçının rəhbər işçilərinin vəzifələrindən müvəqqəti kənarlaşdırılması və daha sonra azad edilməsinin tələb edilməsi yaxud da sığortaçıya müvəqqəti inzibatçının təyin edilməsi tətbiq edilir.
Sənəddə deyilir ki, sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinin 90%-nə qədər endikdə maliyyə bazarlarına nəzarət orqanı sığortaçıdan sığortaçının maliyyə vəziyyətinin və itirilmiş kapitalının bərpası üçün tədbirləri və onların icra müddətlərini özündə əks etdirən sağlamlaşdırma planının təqdim edilməsini tələb edir. Sağlamlaşdırma planı bir sığortaçıya münasibətdə iki təqvim ili ərzində yalnız bir dəfə tətbiq edilə bilər.
Qeyd olunur ki, müvəqqəti inzibatçı institutu maliyyə institutlarını iflasdan qurtarmaq məqsədilə tətbiq edilən sağlamlaşdırma tədbirlərindən biridir. Müvəqqəti inzibatçı sığortaçının mövcud maliyyə vəziyyəti haqqında ən geci 60 təqvim günü müddətində hesabat hazırlayıb maliyyə bazarlarına nəzarət orqanına təqdim edir. Hesabata sığortaçının ləğvi zamanı satıla bilən aktivlərin dəyərləndirilmiş qiyməti daxil edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət