Slimfit
  1. MARAQLI

Səyyah cəngavər − Don Kixot Avropa ədəbiyyatını necə dəyişdirib

Səyyah cəngavər − Don Kixot Avropa ədəbiyyatını necə dəyişdirib
Sakura

Səyyah cəngavər − Don Kixot Avropa ədəbiyyatını necə dəyişdirib

Migel de Servantesin “Don Kixot” romanı cəngavər romanları oxuyub səyyah cəngavər olmağa qərar verən bir qocadan bəhs edir. Zahirən əsərin ideyasında qeyri-adi bir şey yoxdur: mətn o dövr oxucularının sevərək oxuduqları cəngavər romanlarının bir parodiyası kimi qələmə alınıb oxunurdu. Əslində isə, məsələ göründüyü qədər sadə deyildi. “Don Kixot” bir yenilik idi və onun Avropa ədəbiyyatına təsiri danılmazdır.   

 “Don Kixotun” çap edilməsi

Roman iki müstəqil kitab şəklində işıq üzü görüb. Birinci kitab 1605-də, ikincisi isə 1615-ci ildə. Təxminlərə görə, ikinci kitabın ideyası 1613-cü ildə ortaya çıxıb, Servantesi onu tamamlamağa sövq edən amil isə saxta “Don Kitaxotun” (Alonso Fernandes de Avelyaneda) çap edilməsi olub. Romanlar bir-birindən tamamən müstəqil şəkildə qələmə alınıb. Müasir tədqiqatçıların iddialarına görə, roman o qədər maraqlı bir üslubda yazılıb ki, əsərə istənilən yerdən başlamaq olar.      

 “Don Kixotun” birinci tirajı 1604-cü ilin sonunda Xuan de la Kuestaya məxsus Madrid nəşriyyatlarının birində çap edilib və 1605-ci ilin yanvarında artıq birinci kitab işıq üzü görüb. Birinci tiraj 1700 nüsxədən ibarət olub və təxminlərə görə böyük hissəsi Latın Amerikaya satılıb. Müasir Servantistlərdən biri olan məşhur Fr. Riko haqlı olaraq qeyd edir ki, bu, romanın ən pis, ən səliqəsiz, korrektə səhvləri və mətbəə xətaları ilə dolu çapıdır. Buna baxmayaraq kitabın uğuru ani və başgicəlləndirici olub. Kitab tez vaxtda populyarlaşıb: artıq bir neçə aydan sonra karnavallarda və maskaradlarda Don Kixot və Sanço Pansa obrazları fəal şəkildə gözə çarpmağa başlayıb. Və indiyədək elə bir dövr olmayıb ki, roman unudulsun və ya çap edilməsin. Əksinə, romanın tirajı yüz illiklər keçdikcə artıb. Bu triumf artıq dörd yüz ildir ki davam edir.   

Bundan əlavə romanın ilk tərcümələri Servantes hələ həyatda ikən edilib: 1612-ci ildə əsəri ingilis dilinə, 1614-cü ildə isə fransız dilinə tərcümə ediblər. İngilis dilinə tərcümə edən Tomas Şelton, fransız dilinə isə VI Henrinin məşhur katib və tərcüməçisi poliqlot Sezar Uden olub. Əlbəttə, tərcüməçilər xırda-para düzəlişlər aparsalar da, tərcümələri kifayət qədər dəqiq hesab etmək olar, hətta bəzi hissələrində xüsusi linqvistik düzəlişlər belə aparılmadan hərfi tərcümə edilib.

Oxucuların roman haqqındakı təəssüratları

Niyə “Don Kixot” romanı tez vaxtda bu qədər məşhurlaşıb və hələ də öz populyarlığını qoruyur? Çətin sualdır. Ən sadə izah belədir ki, “Don Kixota” qədər İspaniya və Avropa ədəbiyyatında “canlı” qəhrəman, demək olar ki, olmayıb. Çirkinliyi ilə yadda qalan bu qəhrəman digər ədəbi nümunə, tipaj və sxemlərindən fərqlənirdi. Don Kixot obrazı total parodiya üzərində qurulub, mümkün bütün ədəbi klişelərə baş qaldırmaq üçün ortaya atılıb. Əsərdə həm maraqlı süjet, həm yumor var. Bunun sayəsində əsər yüzillərlə oxucuları həm əyləndirə, həm də düşündürə bilib. Əgər qısaca təsvir etsək, romanın iki təəssürat xətti olsa da, əsər daha çox yüngül parodiya kimi qəbul edilir. Və elə bir tendensiya var ki, əsər çox ciddi və dərin bir mətn kimi şərh edilir. Bu tendensiyalar yaranması isə təqribən sonrakı əsrə təsadüf edir. Yaxın müasirləri də əsərə bir mənalı qiymət verməyib. Servantesi ülvi ideyaları hörmətdən salmaqla, hamının rəğbət bəslədiyi cəngavər roman janrına son qoymaqla təqsirləndirənlər də olmuşdur. Onu hətta milli ideyaya ləkə yaxmaqla da ittiham edirdilər.   

XVII əsrin İspaniyası “Don Kixota” adət-ənənələrə yazılan satirası kimi yanaşırdı. Məhz XVIII əsrdə “Don Kixot” İspaniya klassikasına çevrilir və onu məktəb proqramına daxil edirlər: əsər tədris proqramına daxil edilən kimi o saat milli klassika siyahısına alınır.

 “Don Kixot” və novatorluq

Əlbəttə, roman bütün dövrlərdə məşhur olub və həmişə oxunub, ancaq bu o demək deyil ki, həmişə eyni cür qarşılanıb. Hər nəsil öz zövqlərinə, bədii və ideoloji görüşlərinə görə əsəri anlayıb. Bununla belə, gələn hər bir əsr müəyyən qədər romanın anlaşılmasında çətinlik yaratmışdır.

Ümumiyyətlə, “novatorluq” anlayışını “Don Kixot” üçün istifadə etmək tam doğru olmazdı. Bu ifadə sonrakı dövrlərin yazıçı və ədəbiyyatşünaslarına aiddir. XVII əsrin oxucuları üçün isə yenilik adi hal deyildi. Bütün yollar, bütün situasiyalar, bütün qəhrəman tipləri əsasən cəngavər romanlarından götürülürdü. Qəhrəmanın özü isə İspan mədəniyyətinin qızıl dövrünün "qələm və qılınc adamı" ümumi ideyasının parodik bir təcəssümüdür. Buna görə də o cəmiyyət üçün yenilik ondan ibarət idi ki, keçmiş bədii ənənə məsxərəyə qoyulurdu. Görünür, XVII əsrin həm yazıçı, həm də oxucuları əsasən əsrin yumoruna və qəhrəmanlarına qiymət verirdi. Halbuki bu qəhrəmanların özləri də İspan ədəbiyyatında yenilik deyildi, çünki cəngavər və silahdar cütlüyü əvvəllər də, məsələn, XIV əsrə məxsus birinci İspan cəngavər romanı olan “Cəngavər Sifar haqqında kitab”ında da rast gəlmək olur.      

Müasirləri, şübhəsiz, müəllifin dilə olan münasibətini də qiymətləndirməyi bacarıblar. Müasir oxucuya dil innovasiyalarını tam mənada izah etmək asan deyil, amma bunu aşağıdakı kimi xülasə etmək olar. Servantes romanın mətnini ədəbiyyat klişelərinin şərti dili ilə deyil, canlı, təbii dildə yazırdı. Təbii dedikdə zəif üslub nəzərdə tutulmur, əksinə, müasir mühitin canlı dili qəsd olunur. Bu dil ali, qızğın, kobud, atalar sözlərinin toplusundan və eyni zamanda yüngül gündəlik dialoqlarından ibarət idi. Halbuki bu dövrdə Servantesin mübarizə apardığı cəngavər romanları süni, əsasən klişe dildə yazılırdı. Don Kixotun kitabxanasından bəhs edən hissədə müəllif, demək olar, bütün o dövrün kitablarının reviziyasını aparır. Və bu reviziya ondakı yüksək ədəbi zövqü aşkar edir, çünki o dəqiqliklə çox oxunan ədəbi əsərləri müəyyənləşdirir və sonraları İspan ədəbiyyatının şah əsərlərinə çevrilən kitabları “oda atılmaqdan” xilas edir. Məsələn, “Amadis Qalskini”.      

Dil baxımından Servantes, həqiqətən, Puşkinin dilinə, onun dilinin rus ədəbiyyatında oynadığı rola yaxındır. Bu, qismən Puşkinin “Belkinin povestləri”ndəki dilinə bənzəyir. Bu Rusiyada klassik bədii süjetlər anidən daha insani və daha təbii səslənməyə başlandığı bir dövrdür.

Qeyd edildiyi kimi, Servantesin ədəbi dəyəri və romanının novatorluğu XVII əsrdə bilinməyə başlamışdır. XVIII əsrin İngilis romanı, xüsusilə Fildinq və Stern, tamamən Servantesin yeni təhkiyə üslubundan ilham alaraq yaranmışdır. Onlar oxucu ilə söhbəti, şəxsi ideya və görüşlərindən dünyaya baxan qəhrəmanların sərbəst kompozisiyasını ondan götürmüşdülər. 

“Don Kixot” və romantizm

XIX əsrin əvvəllərində romanın yeni həyatı başlayır. “Don Kixot” romanın məzmununu sələflərindən daha dərin qavramağa, Servantesin müasirlərinin ya görmədikləri, ya da əhəmiyyətli hesab etmədikləri bədii yenilikləri aşkar etməyə başlayan romantiklərin diqqət mərkəzinə çevrilir. Həmin dövrün dramaturqları Tirso de Molina və ya Kalderon, şübhəsiz, romanı çox yaxşı anlayır və ondan götürülən süjetlər əsasında pyeslər yazırdılar. Sübut olunmasa da, çox güman ki, əsərin çoxqatlı mətni yox, onları daha çox romanın parodiyası və populyarlığı cəlb edirdi.   

Romanın mürəkkəbliyini və yaşadığı dövrə xas ideyaları özündə ehtiva edən ideya yüksəkliyini vurğulayanlar məhz romantiklər olmuşdur. Romantiklərin şərhləri Don Kixotu qəhrəmanlaşdırıb onu yumoristik obrazdan faciəvi fiqura çevirmişdi. Məsələn, Qeynenin fikrində, roman oxunanda hiss olunan əsas duyğu kədərdir. O kədər ki, insanın dünyaya meydan oxumasından doğan faciədən, reallığın amansızlığı ilə toqquşan arzulardan yaranırdı. Əlbəttə, bu şərh Qeynenin romantik dünya görüşünün məhsulu idi. Əslində, romanda isə tamam başqa məsələdən bəhs olunur: cəngavər romanları oxuyan yaşlı bir adam təsirində qaldığı cəngavərlik ideyalarını həyata keçirməyə çalışır. Və təbii olaraq əsərə hopdurulan bu düşüncəni insanlar qəbul etməkdə çətinlik çəkirlər. Burada məsələ həyatla konfliktdə deyil, əsas məsələ Don Kixotun dünyaya baxışı ilə romanın digər personajlarının baxışları arasındakı uçurumdur. Əlbəttə bu uçurumda çox şey var – gülüş, kədər, acı.

Mənim fikrimcə, Servantesin əsərininin böyüklüyü romanda mövcud olan eyni obyekt və hadisələrə müxtəlif yanaşmalardır ki, bu o dövrdə bir yenilikdi. Əsərdə demək olar ki, obyektiv təhkiyə yoxdur, Hadisələr ya Don Kixotun, ya Sançonun, ya da digər personajların prizmasından verilir. Və bu müxtəlif dünyagörüşləri əsər boyunca dəfələrlə bir-birilə toqquşurlar.    

Avropa ədəbiyyatında “Don Kixotun” yeri

 “Don Kixotu” dünya ədəbiyyatına təsiri baxımından kiminlə müqayisə etmək olar? Mənim fikrimcə, bu təsir unikaldır. Bu cür bədii qəhrəmanların sayı çox deyil. Mən onu Hamlet, Don Juan və Faustla müqaisə edərdim. Hamlet öz refleksiyaya meyilliliyi, dünya və özü haqqında düşüncələri ilə, məzəli, kədərli, gah süni, gah real, bəzən ətrafdakı insanlar üçün təhlükə yaradan qeyri-adi çılğınlığı ilə Kədərli Cəngavər Obrazına yaxındır. Hamlet Don Kixot kimi ötən əsrə söylənən bir replikadır. Təsadüfi deyil ki, Hamlet və Don Kixot eyni dərəcədə bu və ya digər obrazlara tərsirləri baxımından paralelliklər təşkil edirlər, məsələn, knyaz Mışkinin adını çəkmək mənə elə gəlir kifayətdir. Don Kixot digər iki personajlarlarla da müqayisə edilə biləndir. Həm Faust, həm Don Juan, həm də Don Kixot istənilən ziddiyyəti özündə cəmləyən bir növ arxetipdirlər. Ancaq Faust və Don Juanda süjet demək olar ki, dəyişməz olaraq qalsa da, personajın motivasiyası dəyişir. Don Kixotda isə zəmanə, adlar və situasiyalar asanlıqla dəyişsə də, qəhrəmanın, daha doğrusu, bir neçə qəhrəmanın, xüsusilə də Don Kixot və Sanço Pansın mahiyyəti, öz aləmlərinə xas qayda-qanunları demək olar ki, dəyişmir.     

Buna baxmayaraq, Don Kixot xüsusi qəhrəmandır. Oxucuya olan təsir gücünü müqayisə etmək çətindir. Bəlkə də, bu məzəli və yöndəmsiz obraz insanlara özlərini xatırladan və öz seçimlərinə və dünyagörüşlərinə uyğun dünya qurma ümidi aşılayan birinci roman qəhrəmanı olduğuna görə bu belədir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR