Slimfit
  1. PSİXOLOGİYA

Sevən insan qısqanmalıdırmı?

Sevən insan qısqanmalıdırmı?
Sakura

Sevən insan qısqanmalıdırmı?

Qısqanclıq sevdiyini itirmək, tərk edilmək qorxusudur. Bu duyğu bəzən elə hakim kəsilir ki, insan özü də bilmədən yersiz hərəkətlər edir, sevdiyinin qəlbini qırır. Qısqanclıq səbəbindən itirmək istəmədiyi sevgilisini itirən, qısqanclıqları ilə həyat yoldaşını bezdirən və məhz bu səbəbdən tərk edilən yüzlərlə insan var. Qısqanclıq insanı cinayət işləyib, sevdiyi şəxsin qatilinə çevirəcək dərəcədə dəli edə bilər.

Ən qədim zamanlardan bəri münasibətlərin pozulmasının əsas səbəblərindən biri olan qısqanclıq haqqında türkiyəli ailə terapevti Cem Keçə maraqlı məqalə yazıb.

Son zamanlar cinayətlə müşahidə olunan qısqanclıq faktlarının artdığını nəzərə alaraq,həmin məqaləni sizə təqdim etməyə qərar verdik.

Qısqanclıq qarışıq psixoloji vəziyyətdir

Qısqanclıq sevdiyini itirmək qorxusu, güvənsizlik, qayğı, əsəb, çarəsizlikdən doğan, insanı bədbəxt edən qarışıq psixoloji vəziyyətdir.

Təkamül nəzəriyyəsinə əsaslansaq, qısqaclığın partnyoru ətraf mühitdən gələn təhlükələrə qarşı qorunmaq instinkti olduğunu deyə bilərik.

Bu, təbii instinktdir – partnyoru itirmək təhlükəsinə qarşı verdiyimiz reaksiyadır.

Psixoloqlar qısqanclığa səbəb olan faktorları, sosioloqlar əsas verən inancları və adət-ənənələri araşdırırlar.

Digər tərəfdən, sənətçilər rəsm, film, musiqi və şeir vasitəsilə qısqanclığın səbəblərini və nəticələrini insanlara çatdırırlar.

Qısqanclığın 3 növü

Qısqanclıq sevgi qədər güclü hissdir.

Cütlüklər arasında yaranan problemləri nəzərə alaraq qısqanclığı 3 növə ayıra bilərik:

 

1.Qısqananın xüsusiyyətindən qaynaqlanan qısqanclıq:

Qısqanan insanın özünəinamı yoxdursa, bədənini bəyənmirsə, görkəmindən narazıdırsa, bu insan heç bir səbəb olmadan da qısqanclıq edə bilər.

 

2.Qısqanılan şəxsin bəzi xüsusiyyətlərindən qaynaqlanan qısqanclıq:

Əgər gözəl və ya yaraşıqlısınızsa, insanlarla qaynayıb-qarışmağı xoşlayırsınızsa, özünüzə fikir verir və dəblə ayaqlaşırsınızsa, qısqanılmaq ehtimalınız çoxdur. Araşdırmalar göstərib ki, yüksək rütbəli, zəngin, yaraşıqlı kişilər, həmçinin, gözəl, cazibədar qadınlar partnyorlarının qısqanclıqlarıyla tez-tez üzləşməli olurlar.

 

3.Patoloji qısqanclıq:

Patoloji qısqanclıq “Otello sindromu” da adlandırılır. Hər şeydən şübhələnən, vasvası insanlar patoloji qısqanclıq xəstəliyinə yaxalanırlar.

Bu problem kişilərdə daha çox müşahidə edilir.

Belə kişi həyat yoldaşının və ya sevgilisinin atdığı hər addıma qarışır, onun həyatını idarə etməyə çalışır.

Qadına qarşı fiziki güc tətbiq edən kişilərin çoxu patoloji qısqanclıq xəstəliyinin pəncəsinə keçənlərdir.

Cinsiyyət fərqi qısqanclıqda da özünü göstərir

Qadınlar və kişilər fərqli səbəblərdən qısqanclıq keçirə bilərlər.

Bu mövzuda Amerikada aparılan bir araşdırma zamanı fərqli yaş qruplarında olan, təhsil və gəlir səviyyələri fərqlənən yüzlərlə insana aşağıdakı sual verilib:

Bunlardan hansı sizi daha çox əsəbiləşdirər?

  1. Həyat yoldaşınız başqa biri ilə cinsi əlaqəyə girir, ancaq onu sevmir.
  2. Həyat yoldaşınız başqasını sevir, amma onunla cinsi əlaqəyə girmir.

Kişilərin 54 faizi, qadınların isə 35 faizi A variantını seçib.

Bu test sübut edir ki, qadın və kişinin hadisələrə baxış bucağı fərqlidir və bu fərq qısqanclığa səbəb olan amillərdə də özünü göstərir.

Qadın hər zamankı kimi duyğusal bağlılığa, kişi isə seksə önəm verir.

Qısqanclıq keçirən qadınla kişinin reaksiyası da fərqli olur. Qadınlar, adətən, qışqırır, mübahisə edir, əsəbiləşir. Yəni, passiv xarakterli reaksiya göstərir. Kişilər isə təhdid edir, hətta əl qaldırır. Fiziki güc tətbiq etməyə meyilli kişi cinayətə də əl ata bilər.

Sevən qısqanarmı?

Ənənəvi “Sevən insan qısqanar” ifadəsi çox vaxt insanları yanlış istiqamətə yönəldir. Qısqanılan qadın sevildiyini düşünür. Halbuki, onun həyatı çərçivəyə salınır, qəfəsdəki bülbülə, dibçəkdəki gülə dönür.

Qısqanılan kişi isə qadından fərqli olaraq bezdiyini ifadə edir.

Düzdür, zarafatla dilə gətirilən qısqanclıq münasibətlərə yaxşı təsir edə bilər.

Ancaq unutmayın ki, hər şeyin çoxu zərərlidir.

Ona görə də, həyat yoldaşınıza dəyər verdiyinizi, onu sevdiyinizi göstərməyin başqa yollarını tapın, həyatı ona zəhər etməyin.

Qısqanclıqla mübarizə yolları

Aşağıdakı məsləhətlərə əməl edərək həm partnyorunuzu, həm də özünüzü qısqanclığın mənfi nəticələrindən qoruya bilərsiniz:

 

1.Qısqanc olduğunuzu qəbul edin.

Qısqanclıqla mübarizə aparmaq üçün ilk addım qısqanc olduğunuzu qəbul etməkdir.

Əgər əlinizdə heç bir dəlil, sübut olmadan yersiz qısqanclıq edirsinizsə, bu adətinizi tərgidin.

 

2.Empatiya qurun

Qısqanclıq edərək dediyiniz sözlərin, davranışlarınızın sevdiyiniz insana necə təsir etdiyinə nəzər yetirin.

Özünüzü onun yerinə qoyun.

 

3.Özünüzlə mübarizə aparın.

Qısqanclıq hiss etdikdə, əvvəlcə heç bir reaksiya verməyin. Tək qalın və qısqanclığınıza səbəb olan məsələni dərindən düşünün. Beş dəqiqə sonra qısqanclığınızın mənasız olduğunu başa düşəcək və bunu partnyorunuza hiss etdirməyə ehtiyac görməyəcəksiniz.

 

4. Üzr istəyin

Qısqanclıq səbəbilə özünüzdən çıxaraq partnyorunuzun qəlbini qıracaq hər hansı hərəkətə yol vermisinizsə, üzr istəyin.

Üzr istəməyi bacarmaq çox önəmlidir. Hər insan səhv edə bilər. Əsas odur ki, səhvi başa düşüb, peşman olsun və bunu dilə gətirməyi bacarsın.

Əgər bu üsullar sizin qısqanclığınızı nəzarət altında saxlamağa kifayət etmirsə, o zaman professional kömək alın. Yəni, bir psixoloqla görüşün.

Nəticədə onu deyə bilərəm ki, qısqanclıq ədviyyat kimidir, azı dad qatır, çoxu isə zərər verir.

Sevin, sevilin, əsassız səbəblərdən sevginizə kölgə salmayın.

 

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR