Slimfit
  1. DÜNYA

Səudiyyə Ərəbistanının ilk qadın səfiri kimdir?

Səudiyyə Ərəbistanının ilk qadın səfiri kimdir?
Sakura

Səudiyyə Ərəbistanının ilk qadın səfiri kimdir?

Ölkənin ən sirli adamının qızı Vaşinqtona elçi göndərildi, Rima bint Bəndər həm də ölkənin 40 illik xarici işlər nazirinin bacısı qızıdır

Səudiyyə Ərəbistanı tarixində ilk dəfə olaraq səfir təyin olunub. Vəliəhd-şahzadə Məhəmməd bin Salmanın imzaladığı sərəncama əsasən şahzadə Rima bint Bəndər Əs-Səud Səudiyyə Ərəbistanının ABŞ-da səfiri olacaq.

Bu həm də vəliəhd-şahzadənin atası kral Salman bin Əbdül-Əziz Əs-Səud adından qəbul etdiyi ilk rəsmi təyinat olub, həmin vaxt kral Salman Misirdə səfərdə olub. Vəliəhdin daha bir qərarı isə Yəməndə husilərə qarşı savaşan Krallıq əsgərlərə bir aylıq maaş həcmində mükafat verilməsi barədə olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ABŞ-ın ən yaxın müttəfiqidir, bu ölkədə səfir postu tutan şəxslər bir qayda olaraq sonradan Krallıqda yüksək siyasi postlara gətirilir. Məsələn, ötən həftə ABŞ-a səfir göndərilən Rima bint Bəndər bin Sultanın atası şahzadə Bəndər bin Əbdüləziz 1982-2005-ci illər arasında ABŞ-ın Vaşinqtondakı səfiri işləyib. 2005-ci ildə isə Bəndər bin Sultan ər-Riyada geri çağırılıb və ölkənin əsas qurumu olan Təhlükəsizlik Şurasının sədri təyin olunub.  10 il bu vəzifədə çalışan Bəndər bin Sultan eyni zamanda 2012-14-cü ildə Səudiyyə Ərəbistanı Milli Kəşfiyyat Təşkilatına rəhbərlik edib. İndi isə 14 ildən sonra Bəndər bin Sultanı qızı Rima əvəz edir.

Krallığın bundan öncəki xarici işlər naziri, hazırda isə xarici işlər üzrə dövlət naziri postunu tutan Adil əl-Cubeyr 2015-ci ildə xarici işlər naziri təyin olunana qədər Krallığın Vaşinqtondakı səfiri idi.

Rima bint Bəndər ile ilgili görsel sonucu

Yeri gəlmişkən, bundan əvvəlki səfir vəzifəsini tutan Xalid bin Salman bin Əbdül-Əziz Səudiyyə Ərəbistanı müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub. Şahzadə Xalid həm də kral Salmanın oğlu, yəni vəliəhd Məhəmməd bin Salmanın doğma qardaşıdır. 3 il Krallığın Vaşinqton səfiri işləmiş Xalid bin Salmanın adı həm də ötən il müəmmalı şəkildə yoxa çıxan və daha sonra qətlə yetirildiyi məluma olan jurnalist Camal Qaşıqçının işi ilə bağlı gündəmə gəlmişdi.

Səudiyyə Ərəbistanında ilk dəfə bir qadının səfir vəzifəsinə təyin olunması vəliəhd-şahzadə Məhəmməd bin Salmanın son bir neçə ildə başlatdığı yumşalma siyasətinin bir parçasıdır. Xatırladaq ki. vəliəhdin başlatdığı “açılım” kampaniyası çərçivəsində qadınlar idman yarışlarını izləmək, sürücülük vəsiqəsi əldə etmək və sair haqlar əldə ediblər. İndi isə siyasi hakimiyyətin ən mühüm postlarından qadına etibar olunub.

Ancaq necə deyərlər şahzadə Rima bint Bəndər də sıradan ailədən deyil. Onun atası Bəndər bin Sultan kral ailəsindən və ən əsası Səudiyyə Ərəbistanının xarici siyasət və kəşfiyyat fəaliyyətinin “qara qutusu” hesab olunur. Krallığı xüsusən də müsəlman dünyasında sirli kəşfiyyat fəaliyyətləri, gizli əlaqələr, qalmaqallı hadisələrin içərisində əsas aktyorlardan biri məhz bu adam olub. Bəndər bin Sultan 11 sentyabr və sonra Yaxın Şərqdə ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olub. Daha sonra isə Səudiyyə Ərəbistanı Milli Təhlükəsizlik Şurasının baş katibi və 2 il ölkə kəşfiyyatının rəhbəri postunu tutub. Bu isə “ərəb baharı”nın ən həssas dönəmi olub. Ancaq 2015-ci ildə Bəndər bin Sultan kral Salmanın taxta çıxmasından sonra vəzifədən uzaqlaşdırılıb. Bir neçə il hətta danışmasına qadağa qoyulan Bəndər bin Sultan üzərində qadağalar iki il əvvəl bir qədər yumşalıb, o Harvardda seminar verib, son bir ildə isə ara-sıra müsahibələr verərək keçmiş xatirələrini bölüşür.

Şahzadə Rima bint Bəndər 1975-ci ildə ər-Riyadda anadan olub. ABŞ-da Corc Vaşinqton Universitetində Muzey Araşdırmaları ixtisası üzrə təhsil alıb. Yeri gəlmişkən, ABŞ-ın Vaşinqtondakı səfiri postuna Bəndər bin Sultandan sonra onun qaynı, Rima bint Bəndərin dayısı Türki əl-Faysal təyin olunub. Digər dayısı Səud əl-Faysal isə 1975-2015-ci illər ərzində 40 il boyunca Səudiyyə Ərəbistanı Krallığını xarici işlər naziri postunu tutub.

Rima bint Bəndər ile ilgili görsel sonucu

Rima bint Bəndər 2000-ci illərin əvvəllərində Ərəbistana qayıdan Rima bint Bəndər sosial layihələr hazırlayıb. 2014-cü ildə “Forbes” jurnalı Rima bint Bəndər “200 ən güclü ərəb qadını” siyahısına daxil edib. Həmin il “Fast Company” jurnalı Rima bint Bəndəri “ən yaradıcı insanlar” siyahısına daxil edib. Ötən ay keçirilən 49-cu Davos İqtisadi Forumunda və Nyu Yorkda keçirilən paneldə ölkəsini təmsil edib.

Təbii ki, Rima bint Bəndər ölkəsinin ən nüfuzlu ailələrindən birindən gəlir, özü də şahzadədir, yəni qurucu kral Əbdüləziz Ali Səudun nəslindəndir. Ancaq aydın məsələdir ki, 5 mindən çox üzvü olan ailədə başqa kadrlar da vardı. Vaşinqton kimi strateji bir mərkəzə qadın səfirin təyinatı ilk növbədə Səudiyyə Ərəbistanı və onun yeni idarəçilərinin müsbət imicinin yaradılmasına xidmət edir. 2030-cu il hədəflərini elan edən vəliəhd-şahzadə Məhəmməd bin Slaman ölkəsinin imicini kəskin şəkildə dəyişəcəyini elan edib.  

Xatırladaq ki, fevralın 6-da Səudiyyə Ərəbistanı ilk dəfə kosmosa peyk göndərib. Fransız Qvineyasından orbitə göndərilən SGS1 adlı peyk telekommunikasiya, internet, TV və təhlükəsiz rabitə xidmətlərinin təşkili üçün istifadə olunacaq. Ötən həftə isə vəliəhd böyük bir heyətlə Pakistan, Hindistan və Çinə səfər edib, bu ölkələrlə milyard dollarlıq sərmayə anlaşmaları imzalayıb. Bu səfərlər və atılan addımlar bir tərəfdən Səudiyyə Ərəbistanının bölgədə rolunu gücləndirmək, həmçinin İranı daha artıq təcrid etmək məqsədi güdürsə, digər tərəfdən Qaşıqçı cinayətindən sonra ciddi zərbə alan vəliəhdin reputasiyasını bərpa etməyə xidmət edir.


Mənbə: Müsavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR