Səudiyyə Ərəbistanında qadınlar tarixdə ilk dəfə futbol matçına stadionda baxıblar
Səudiyyə Ərəbistanında futbol üzrə milli çempionatda “Əl-əhli Ciddə” və “Əl-batin” komandaları arasında matç zamanı qadınlar stadionda olublar.
AZƏRTAC “Arab News” saytına istinadla xəbər verir ki, bu, ölkə tarixində ilk belə hadisədir. Qadınların yanvarın 13-dən 18-dək daha bir oyuna stadionda tamaşa etmələrinə icazə veriləcək.
Qadınların futbol matçlarına stadionda tamaşa etmələrinə icazə verilməsi barədə qərar Səudiyyə Ərəbistanı hakimiyyət orqanlarının qadın hüquqlarının genişləndirilməsi proqramına daxildir.
2015-ci ilin əvvəlindən hakimiyyətdə olan Kral Salman ibn Əbdüləziz Al Səud qadınların hüquqlarını genişləndirib. Məsələn, artıq 2018-ci ildə qadınlar avtomobili sərbəst idarə etmək, stadionlara, restoranlara və kinoteatrlara getmək, dövlət məktəblərində oxuyan qızlar isə idmanla məşğul olmaq imkanı əldə edəcəklər.
Ölkənin üç şəhərində - Ər-Riyad, Əd-Dammam və Ciddədə stadionlar yenidən qurulub: həmin stadionlarda qadın azarkeşlər üçün xüsusi sektorlar yaradılıb. Qadınlar üçün ayrıca bilet proqramı işlənib hazırlanıb. Onlar tribunaya elektron qapılardan buraxılacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət