Slimfit
  1. MEDİA

Sərt Karantin Gəlir Gəlmir?

Sərt Karantin Gəlir Gəlmir?
Sakura

Sərt Karantin Gəlir Gəlmir?

Fevral ayında yazdığım məqalədə, sərt karantinin çox keçmədən yenə gələcəyini və yeni qapanma dalğasının qaçılmaz olduğunu söyləmişdim. Bu proqnozu, 3 amillə izah etmişdim:

1)Hakimiyyət üçün ictimai-siyasi situasiya, heç də idarəolunan deyil, əksinə getdikcə daha da həssaslaşır. Belə olan halda, əhalini nəzarətdə saxlamağa çalışacağı və bu yolda, hər oyuna gedəcəyi labüddür.

2)Kovidə yoluxma faktı, bir gerçəklikdir və mart ayında, yeni dalğa gözlənilir. Yəni virusun zatən mövcud olduğu bir şəraitdə, hökümətin, əlavə bir bəhanəyə, "öcü" və "qorxuluq" yaratmasına da ehtiyacı qalmır.

3)Metronun bağlı olması, anormal və gülməli olduğu qədər, həm də bir işarədir. Yəni metronun açılmamasının 3 səbəbi ola bilər: ya yoluxmanı artırmaq istəyirlər, ya yoluxmanın artmasını önləmək istəyirlər ya da potensial aksiyalarda, əhalinin tez və kütləvi toplaşmasını önləmək istəyirlər. Hər 3 hal da, sərt karantin niyyətinə gedib çıxan bir işarədir.

Doğrudur, mən sərt karantin üçün öncə, mart və ya aprel ayını işarə etmişdim və daha sonra mart ayında, Novruz bayramından öncə bunun daha güclü ehtimal olduğunu söyləmişdim. Amma eyni zamanda, baş verə biləcək xüsusi olayların, sərt karantinin vaxtında dəyişikliyə səbəb olacağını qeyd etmişdim. Və belə bir xüsusi hal da baş verdi!

Fikrimcə hakimiyyət, sərt karantin üçün həqiqətən də öncə mart ayını düşünürdü, lakin gözlənilməz sərt təpkini görəndən sonra qərarı dəyişməli oldu. Çünki vəziyyət, o həddə çatdı ki, bir çox deputatlar da, açıq şəkildə qarşı çıxdılar və Operativ Qərargah, karantini müdafiə edə bilməz duruma gəldi.

Beləliklə də hökümət, manevr etməyə məcbur qaldı və bayramı "boş buraxdı".

Bayramı boşlamaq, həm də ona görə əlverişli idi ki camaata, "bax, sizin istədiyinizi etdik amma yenə də virus artdı, xüsusən də qaynayıb qarışmağınız, buna səbəb oldu" arqumentini söyləyə bilsinlər.

Digər tərəfdən də, başqa yerdə, bölgələrdə olanların, öz yerlərinə qayıtmalarına və yolların açıq olmasına ehtiyac var idi.

Və budur: bir neçə gündür ki, yoluxma sayı, "xüsusi təhlükəli" həddə- 1000-dən çox göstərilməkdədir. Üstəlik də, əlavə inandırıcılığı təmin etmək üçün rəqəmlərlə, ciddi oynama və getgəllər baş verməkdə, "bir addım geri, iki addım irəli gedilməkdədir".

Virusun həqiqətən də artması fonunda, artıq, bu manevrin nəticələri də özünü çox gözlətmədi: cəmiyyətdə virusa inam və sərt karantinə meyil, ciddi surətdə yüksəldi! 2 həftə əvvəl, "sərt karantin olmamalıdır!" deyən "fikir ataları" indi "sərt karantin mütləqdir!" deməkdədirlər.

Üstəlik də, bu gündən etibarən, (yenə metronun bağlı qalması şəraitində) marşrutların açılması və əhalinin sosial məsafəsizliyi ilə, virus üçün əlavə "yem mənbəyi", bərpa oldu.

Bu da o deməkdir ki, bir neçə günə, yoluxma statistikasında 2000, 3000 kimi dramatik və vahiməli rəqəmlərlə qarşılaşacağıq. Belə olduqda da əksəriyyət, sərt karantini özü arzulayacaq ya da "nakam taleyiylə" barışacaq.

Yəni karantin, bu dəfə, "zorla" ya da "çevrilişlə" deyil, "xalqın təkidli tələbi" ilə hakimiyyətə gələcək...

Üstəlik də daha bir faktor var:

Əhalini, uzun müddət indiki həyəcanlı və həssas vəziyyətdə saxlamaq və onu, sərt karantini, uzun müddət gözləməyə məcbur buraxmaq, iqtidara qətiyyən sərf etməz. Əgər iqtidar, sərt karantin fikrində olmasa idi, qətiyyən əhalini əlavə təşvişə salıb, psixoloji gərginlikdə saxlamaq istəməzdi. Necə ki, keçən ilin mart ayında, kovid, Azərbaycana çoxdan ayaq basdığı halda, rəsmilər, çıxıb and içirdilər ki, virus, bizdə yoxdur.

Yəni statistika ilə oynamağa "əli öyrəşmiş" bir iqtidar, əgər kəskin karantin niyyətində olmasa idi, yəqin ki, virusa yoluxma göstəricisini, on, hətta yüz dəfələrlə az göstərərdi, əhalini əlavə təşvişə salmazdı.

Bir sözlə, belə bir vəziyyətdə, sərt karantin elan olunmaması inandırıcı deyil. Özü də bu, yəqin ki, 4-5 gün içində baş verəcək.

 

Filosof-alim Yunis Dürüst

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR