Slimfit
  1. AZƏRBAYCANLI

Şərqi heyran edən azərbaycanlı: SSRİ ona niyə qadağa qoydu?

Şərqi heyran edən azərbaycanlı: SSRİ ona niyə qadağa qoydu?
Sakura

O, sufiliyin ən böyük təriqətlərindən olan xəlvətiliyin yaxın və orta şərqdə əsas siması kimi xatırlanır

O, sufiliyin ən böyük təriqətlərindən olan xəlvətiliyin yaxın və orta şərqdə əsas siması kimi xatırlanır.

Bu təriqətin inkişaf etməsində göstərdiyi xidmətlərə görə ona təriqətin “piri-sani”si (ikinci piri), ikinci qurucusu adı verilib.

Onun Məhəmməd Peyğəmbərin soyundan olduğu bildirilir.

20 min müridi olan bu şəxs böyük azərbaycanlı alim, mütəfəkkir Seyid Yəhya Bakuvidir.

Kult.az xəbər verir ki, Seyid Yəhyanın doğum tarixi dəqiq bilinməsə də, 1410-cu ildə Şamaxıda anadan olduğu ehtimal edilir. Həmin dövrdə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhəri bölgədə önəmli elmi, siyasi və mədəni mərkəz idi. Məhz elmi-dini görüşlərin belə zəngin olduğu bir şəhərdə doğulub təhsil alması Bakuvinin görkəmli mütəfəkkir kimi yetişməsində rol oynayıb.

Məhəmməd Peyğəmbərin tapşırığı

Bakuvinin xəlvətiliyə meyl salmasının qəribə bir tarixçəsi var. Bir gün Seyid Yəhya yuxuda Məhəmməd Peyğəmbəri görür. Hz.Məhəmməd ona dövrün tanınmış sufi alimi Sədrəddin Xiyavinin yanına getməsini və ondan dərs almasını tapşırır. Yuxudan oyanan Seyid Yəhya belə də edir. Bundan sonra o, Şeyx Sədrəddinin əsas müridlərindən birinə çevrilir. Şeyx Bakuvini o qədər çox sevir və güvənir ki, kiçik qızını ona ərə verir. Lakin Sədrəddin həzrətlərinin Yəhya Bakuvini özündən sonra şeyx təyin etməsi insanlar tərəfindən birmənalı qarşılanmır. Çünki həmin vaxt Bakuvi gənc idi və şeyxin digər kürəkənləri ondan yaşca böyük idi. Belə söz-söhbətlərdən sonra Seyid Yəhya Bakuvi Şamaxıdan Bakıya köçür.

Xəlvətiliyin yaradıcısı

Şirvanşah I Xəlilullah dövlətin paytaxtını Şamaxıdan Bakıya köçürdükdən sonra Bakuvini öz yanına dəvət edir və onun müridi olur. Qara Xəlilullah Bakuvidən öyrəndiyi biliklərlə təsəvvüf mərhələsini tamamlayır və daha ədalətli, mərhəmətli bir hökmdar olur.

S.Y. Bakuvi xəlvətiliyin nəzəri əsaslarını elmi şəkildə işləyib hazırlayır, sonralar oxunan duaları, qaydaları tərtib edir. Bu xidmətlərinə görə əksər mənbələrdə onun xəlvətiliyin qurucusu olduğu yazılıb.

O, Azərbaycan türkcəsi ilə yanaşı, ərəb-fars dillərini də mükəmməl öyrənib. Alimin azərbaycanca yazdığı mətnlər onun bu dili necə mükəmməl bilməsini gözlər önünə sərir.

Bakuvinin irsini araşdıran mütəxəssislər bildirirlər ki, o həm bu dünyanı, həm də axirəti tamam unutmuş və yalnız Allaha sığınmışdı. S.Yəhya mənəvi təkamülü, kamilləşmə və aydınlanmanı insanın əsas amalı olaraq görürdü.

Bakuvi öz təfəkkürü, bilikləri ilə təkcə yaşadığı regionda deyil, bütün şərqdə, islam dünyasında heyranlıqla sevilirdi. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə insan ondan dərs almaq üçün Bakıya axışırdı.

O, "Bəyanül-elm", "Əsrarüt-Talibin", "Ətvarül-qəlb", "Kəşfül-qülub", "Kitabül-vüdu" və başqa elmi-dini əsərləri ilə təsəvvüf tarixini zənginləşdirib.

SSRİ-nin qadağası

Yəhya Bakuvinin həyat və yaradıcılığının araşdırılması SSRİ dönəmində qadağan edilmişdi. Deyilənə görə, sovet rəhbərliyi dini incəlikləri elmi əsaslarla isbat etdiyi üçün onu qadağan etmişdi. Lakin müstəqillik illərində onun əsərlərinə yenidən baxış keçirildi, ayrı-ayrı müəlliflər bu mövzuda məqalələr, kitablar yazmağa başladı.

YUNESKO-nun 2013-cü ili “Seyid Yəhya Bakuvi ili” elan etməsindən sonra isə bir sıra mötəbər tədbirlər keçirildi və bu böyük təsəvvüf adamının yaradıcılığı daha dərindən öyrənildi.

“Mənə yox, Şirvanşaha rəhmət oxuyun”

Deyilənə görə, ömrünün sonlarında Seyid Yəhya altı ay heç nə yemədi, yalnız hər on beş gündən bir iftarını açdı. Daim öz hücrəsinə çəkildi. Ölüm ayağında olanda isə müridlərinə onun üçün yox, Şirvanşah Xəlilullah üçün dua etmələrini istədi. Səbəbini soruşanda isə belə dedi: “O bu həyatda ən vacib işi gördü - elmə dayaq oldu”.

Seyid Yəhya Bakuvinin 1466-cı ilin aprel-may aylarında vəfat etdiyi güman edilir. Onun türbəsi Bakıda, İçərişəhərdə yerləşir və bu gün də insanlar tərəfindən tez-tez ziyarət edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR