Slimfit
  1. MEDİA

“Sənətçi peyğəmbəranə bir insan olmalıdır.” – Gənc Rejissor ELŞƏN İSMAYIL-la müsahibə

“Sənətçi peyğəmbəranə bir insan olmalıdır.” – Gənc Rejissor ELŞƏN İSMAYIL-la müsahibə
Sakura

“Sənətçi peyğəmbəranə bir insan olmalıdır.” – Gənc Rejissor ELŞƏN İSMAYIL-la müsahibə

“Sənətçi peyğəmbəranə bir insan olmalıdır.” – Gənc Rejissor ELŞƏN İSMAYIL-la müsahibə

Müsahibimiz sosial mediada öz fərqli paylaşımları, yazıları, şeir və hekayələri, eləcə də çəkdiyi filmlərlə daim diqqət mərkəzində olmağı bacaran və fəaliyyətini daha çox maarifçi və vətənpərvər ideyalar əsasında quran yazar, ssenarist, aktyor, rejissor və müəllim olan ELŞƏN İSMAYIL-dır. Gördüyü heç bir işi cəmiyyətdən gizlətməyən gənc sənətçinin demək olar ki bütün yaradıcılığı əvvəllər yerli və xarici mətbuat tərəfindən işıqlandırılıb. İndisə bizim sizə təqdim edəcəyimiz müsahibədə ELŞƏN İSMAYIL-ın müstəqil Rejissor fəaliyyətindən və son aylarda ərsəyə gətirdiyi işlərdən danışacağıq. Gənc rejissorun Aprel döyüşləri və 44 Günlük Vətən müharibəsinə həsr etdiyi “TARIN SİRRİ” filmi, Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “XOSROV VƏ ŞİRİN”, eləcə də Qanlı 20 Yanvar faciəsinə aid “MÜSTƏQİLLİYİMİZİN QANLI MİLADI” tamaşaları qısa müddətdə Şirvan şəhər ictimaiyyəti və Sabirabad Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə bütün regionda böyük maraqla qarşılanmışdır. Rejissorun son işləri bilavasitə Şirvan Şəhər Mədəniyyət Mərkəzinin xüsusi təşkilatçılığı əsasında həyata keçmişdir. Yuxarıda bəhs etdiyimiz film və tamaşalar Mədəniyyət Mərkəzində ictimaiyyətə (dövlət və ictimai xadimlərin iştirakıyla) təqdim olunduqdan sonra həm “QAM COMPANY” Youtube kanalında, həm də Sabirabad Regional Mədəniyyət İdarəsinin, Mədəniyyət Nazirliyinin rəsmi internet səhifələrində yayımlanmışdır. 

Sizin əvvəlki işlərinizdən xəbərdar olduğum üçün deyə bilərəm ki, istər çəkdiyiniz filmlərlə, istərsə də, ictimaiyyətə təqdim etdiyin tamaşalarınızla daim həmkarlarınızdan seçilmisiniz. Tamaşalarda da, filmlərdə də xüsusi bir ELŞƏN İSMAYIL xətti görünməkdədir. Bu barədə nə deyə bilərsiniz?

- Özəllik, xüsusilik ümumi insanoğlunun təməlində var. Və mən bir rejissor olaraq düşünürəm ki, cəmiyyətdə qalıcı izlər buraxmaq istəyən, istər ömür boyu, istərsə də öləndən sonra dəyərli işlərlə xatırlanmaq istəyən hər kəs özəldir, hər kəs xüsusidir. Çünki hər kəsin özünəməxsus baxış tərzi və təfəkkürü var. Elşən İsmayılı da digərlərindən fərqləndirən fərqli stili, baxış tərzi və ya iç bənliyi, ruhu ola bilər. Nə olursa olsun, kimliyimizdən asılı olmayaraq düşünürəm ki, əgər əsl sənət təfəkkürünə malik insanlarıqsa, bilməliyik ki, getdiyimiz bu yol nə qədər çətin olursa olsun yolun sonu Haqqa varırsa, o zaman özəlliyimiz, xüsusiliyimiz də yalnız onu tərənnüm etməyə və onun saf eşqini insanlara çatdırmağa xidmət etməlidir. Bəli, sənət Tanrının insana bəxş etdiyi gözəl bir hədiyyəsidir. O hədiyyəyə layiq olmaq üçün çalışarkən fərqiliyimiz, özəlliyimiz üzə çıxır. 

 “TARIN SİRRİ” filmi, “XOSROV VƏ ŞİRİN”, “MÜSTƏQİLLİYİMİZİN QANLI MİLADI” tamaşaları – bu 3 dəyərli işi bir-birindən nə ilə fərqləndirirsiniz və ya oxşar cəhətləri hansılardır.  

-“TARIN SİRRİ” filmində tariximiz, bu günümüz, eləcə də gələcəyimiz xüsusi bir bədii təzahürlə təsvir olunmuşdur. Uca Türk millətinin milli arzuları, qayğıları, Tanrı eşqi, Yaradılışın əsas nüansları ümumilikdə mənim yaradıcılığımın əsasını təşkil edir. İşləri bir-birinə bağlayan oxşar cəhət milli ruh, Tanrı eşqidir. Fərqlilik ondan ibarətdir ki, mənim şanlı tariximizə də, bu günümüzə də, gələcəyimizə də, insan həyatına da, dövlətçilik prinsiplərinə də fərqli yanaşma tərzim var. O fərqli yanaşma çəkdiyim filmlərdə, hazırladığım tamaşalarda özünü göstərir. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “XOSROV VƏ ŞİRİN” tamaşasında Nizami davamçısı kimi çıxış etsəm də, yenə də özünəməxsus bir xətt, bir ideya təsvir etməyə çalışmışam. Ancaq ideal insan, kamil insan yaratmaq təfəkkürü deyərdim ki,  Dahi Nizami və ondan sonra gələn bir çox ədəbiyyat. elm, sənət adamlarının ortaq təfəkkürü, əsas mayası olmuşdur. Çünki cəmiyyətin ideallaşması hər kəsin arzusudur. Ancaq hər kəsdən fərqli olaraq, bu uğurda can qoyan, addım atan insanlar tarixə düşür. Qanlı 20 Yanvar faciəsinə aid hazırladığım “MÜSTƏQİLLİYİMİZİN QANLI MİLADI” tamaşasında da Vətən, millət, cəmiyyət, hətta din uğrunda mübarizə aparan, şəhid olan fədakar insanların həyatını fərqli bədii təzahürlə verməyə çalışmışam. 

Sizcə, sənət idealizmi təbliğ etməklə kütlələrdən uzaqlaşmır ki, yəni gördüyünüz işlərin izləyici statistikasından razısınızmı?

-Bəli. Razıyam. Sənət idealizmi təbliğ etməklə cəmiyyətdəki qüsurları, anlaşılmazlıqları, pozuntuları və dağıdıcı olan hər şeyi tənqid atəşinə tutmaqla cəmiyyəti inkişafa doğru aparmalıdır. Cəmiyyətin inkişaf etdiyi, dövlətin güclü olduğu, xalqın firavan olduğu ölkələri müşahidə edin, bu mövzuda bütün dünyada vahid bir sistem var: sənət cəmiyyəti, cəmiyyət dövləti, dövlət xalqı, xalq isə bütün ölkəni, hətta dünyanı formalaşdırır. Formalaşan bu sistemdə elit, alicənab, elmli, mədəni bir təfəkkürə ehtiyac var. Və o təfəkkürün yetişməsi üçün çıxılan hər yol alidir, atılan hər addım mübahdır. Bu çox çətin, ancaq vacib bir işdir. Zatən, həqiqi sənətçini “günəmuzd” işçidən (şoumen, manıs, və s. də demək olar) fərqləndirən bu cəhətdir. Sənətçi peyğəmbəranə bir insan olmalıdır. Çıxdığı yolun tanrıya, haqqa, ədalətə xidmət etdiyindən əmin olmalıdır. İstər izləyicisi az olsun, istərsə də çox, bir filmin, bir tamaşanın əsas məzmunu, ideyası, mahiyyəti idealist bir cəmiyyət formalaşdırmaq, maarifçilik, vətənpərvərlik, Tanrı eşqi, ülvi hislərlə birlikdə olan insan eşqidirsə, o iş görülməyə başlanıldığı andan yüksək mərtəbəyə layiqdir. Bunları deyərkən isə qətiyyən öz işlərimi deyil, son zamanlarda izlədiyim bir çox dəyərli əsərləri nəzərdə tuturam. Unutmayaq ki, öncə yaxşı izləyici olan bir insan sonra yaxşı bir Rejissor ola bilər. 

Son zamanlar bir çox gənc rejissor Andrey Tarkovski filmlərinə, Tarkovski yaradıcılığına müraciət etməyə, onu yenidən gündəmə gətirməyə başlayıb. Sizcə, bu addımlar şöhrət, yoxsa sənət naminə edilir. Bu barədə fikrinizi bilmək istərdim.

-Əgər bir sənətçi sənətlə məşğul olmağı, sənətlə birlikdə ideallaşmağı qarşısına məqsəd olaraq qoymuşdursa, gec ya tez o arzuladığı şöhrətə çatacaq. Yox, əgər onun şöhrət arzusu sənət idealından üstündürsə, o zaman tez tanınıb tez də unudulacaqdır. Cəmiyyət sənət qədər ali deyil, ancaq sənət cəmiyyəti aliləşdirə bilər.

Tarkovskiyə müraciət edən insanların bir qismi təəssüflər olsun ki, tez şöhrət tapmaq və fərqli yanaşma tərziylə tez diqqət çəkmək istəyirlər, ancaq Tarkovskini anlamağa çalışıb onun filmlərindəki əsas ideyanı kəşf etmək istəyən gerçək sənət aşiqləri isə  az da olsa var və deyə bilərəm ki, sənət baxımından son qələbə onlarındır. 

Ədəbiyyatın Nizamisi varsa, kinonun da Tarkovskisi var deyə bilərik. Ancaq təbii ki, Tarkovskidən öncə də, sonra da böyük rejissorlar yetişmişdir. Ümumiyyətlə incəsənətdə kimin dahi, kimin zəif olduğuna kimsə qərar verə bilməz. Bu sənətin özünəməxsus bir tərəzisi var və o tərəziyə çıxan, özündə o cəsarəti, potensialı dərk edən hər kəs sənətin aliliyi qarşısında baş əyməlidir. Tarkovskini duyan, anlayan insan onun sənət eşqinin Tanrıya olan bağlılığından qaynaqlandığını bilir. Tanrıya olan məhəbbətsə insanı hər zaman ucaldır. 

Yaradıcılıq planlarınız, məşğuliyyətiniz haqqında bir az məlumat verərdiniz, zəhmət olmasa. 

-Yaradıcılıq planlarım teatr və film fəaliyyətini paralel olaraq davam etməkdir. Düzdür, bu ikisiylə eyni anda məşğul olmaq çətindir, çünki kino və teatr eyni ideya və mahiyyətə malik olsalar da, sistemləri, təsvir vasitələri olduqca fərqlidir. Ancaq mən hələ 16 yaşım olarkən ilk professional səhnəyə - teatra gəlmiş adamam. Teatr məni cəmiyyətdə şəxsiyyət kimi formalaşdırıb tədricən kino sahəsində də yetişməyim üçün bir vasitə oldu. Ona görə səhnə mənim üçün bir məbəddir. Mənsə o məbədin sadiq xidmətçisi... Xüsusilə hal-hazırda yaşadığım Şirvan şəhərinin teatr və kino sahəsindəki inkişafı yaxın gələcəkdəki əsas məqsədlərimdən, planlarımdandır. Şirvan təməldən Mədəniyyət şəhəri olmuşdur. Zaman-zaman burada yetişən insanlar sonralar Bakıda, hətta ölkəxaricində dövlətimizi təmsil edən yüksək nəaliyyətli şəxslərə çevrilmişlər. Mənim də uzun illər sonra yenidən bu şəhərə qayıtmağım doğma şəhərimə olan sədaqətim və sevgimə görədir. 

“TARIN SİRRİ” filmi

“XOSROV VƏ ŞİRİN” tamaşası

“MÜSTƏQİLLİYİMİZİN QANLI MİLADI” tamaşası

Müsahibəni apardı: TURAL TURAN

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR