Sənədləşmə işlərində şəxsiyyət vəsiqəsinə ehtiyac olmayacaq
“Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin informasiya sistemi Dövlət Sərhəd Xidmətinə artıq 2 ildir ki, inteqrasiya olunub. Bizim bazamız DSX-da elektron formada mövcuddur. Məsələn, sərhədkeçmə ilə bağlı hər hansı sənədi unuduruqsa, sərhədçi öz monitorunda vətəndaşın müvafiq məlumatlarını daxil etməklə həmin sənədin olub-olmadığına baxa bilir”.
Femida.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov deyib. O, analoji mübadilənin Dövlət Yol Polisi və Səhiyyə Nazirliyi ilə də həyata keçirildiyini qeyd edib:
“Məlumat bazamız DYP ilə də inteqrasiya olunub. Məsələn sizin avtomobili etibarnamə ilə idarə edirsiniz. DYP əməkdaşı sizi saxlayan zaman etibarnamə üstünüzdə deyilsə, polis əməkdaşı elektron bazaya baxaraq sizin həqiqətən etibarnaməniz olub-olmadığını yoxlaya bilir.
Eyni zamanda bir neçə ildir ki, Səhiyyə Nazirliyinin informasiya resursları ilə inteqrasiya etmişik. Hər bir doğulan uşaq barədə nazirliyin informasiya sistemindən dərhal bizə məlumat gəlir və aidiyyatı üzrə ananın yaşadığı rayonun qeydiyyat şöbəsinə göndərilir. 1 ay ərzində valideynlər qeydiyyat şöbəsinə müraciət etmədikdə, ananın ünvanına bildiriş göndərilir”.
“Daşınmaz əmlakın Dövlət Reyestri ilə bağlı inteqarsiyamız da mövcuddur. Hansı ki, reyestr xidməti ilə bağlı sənədləşmə işləri aparılarkən, vətəndaşın faktiki olaraq heç bir sənəd təqdim etməsinə ehtiyac qalmır. Onun haqqında bütün zəruri məlumatları elektron bazadan əldə etmək mümkün olur. Biz hazırda idarə daxilində müzakirələr aparırıq ki, bütün bu sənədləşmə işləri üçün şəxsiyyət vəsiqəsi lazımdır ya yox? Hansı qurumların informasiya bazası bizim idarə ilə inteqrasiya edilibsə, artıq həmin qurumlarda vətəndaşlar haqqında bütün zəruri məlumatlar var. Ola bilsin ki, gələn ildən qeyd edilən sənədləşmə işlərində şəxsiyyət vəsiqəsinin təqdim edilməsindən imtina edək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət