Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulur
Şəmkir rayonunda yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, III texniki dərəcəli asfalt-beton örtüklü Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 15 kilometrlik hissəsi 1976-1977-ci illərdə inşa edilib.
Layihəyə uyğun olaraq, mövcud örtük 10 min kubmetr həcmdə sökülərək kənara daşınır, torpaq yatağının normativ hündürlüyə qaldırılması üçün zəruri ərazilərdə işlər aparılır. Bu işlərin həcmi 25 min kubmetr təşkil edir.
Yol boyu mövcud boruların bəzilərinin özü, bəzilərinin isə başlıqları yararsız olduğu üçün yenisi ilə dəyişdirilir.
Bu işlərə paralel olaraq, əsasın tikintisi işləri də görülür. Bundan başqa, Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 9-cu kilometrindəki Şəmkir çayı üzərindəki 1989-cu ildə inşa edilən 79 metr uzunluğunda olan körpü qəzalı vəziyyətə düşdüyündən əsaslı şəkildə bərpası işləri aparılır. Belə ki, körpünün dayaqları bərkidilir, hər iki tərəfdə sunizamlayıcı beton qurğular inşa edilir, konuslar və körpünün girişlərində keçid plitələr bərpa edilir, səkilər təmir edilir, məhəccərlər dəyişdirilir.
Tikinti norma və standartlarına uyğun olaraq, layihənin sonuncu mərhələsində çiyin hissələr 75 min kvadratmetr sahədə bərkidiləcək, 2600 kvadratmetr sahədə yol birləşmələri təmir ediləcək, hərəkətin normal təşkili üçün 30 kilometr göstəricisi, 80 yol nişanı, 660 siqnal dirəyi quraşdırılacaq, 45 kilometr uzunluğunda yol-cızgi və yol göstərici xətlər çəkiləcək.
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət