Slimfit
  1. ƏDƏBİYYAT

Səməd Vurğun - Leyli və Məcnun/Leylinin əhvalı haqqında

Səməd Vurğun  - Leyli və Məcnun/Leylinin əhvalı haqqında
Sakura

Səməd Vurğun - Leyli və Məcnun/Leylinin əhvalı haqqında

Murad dastanının ilk səhifəsi,
Gözəllik mülkünün baş sərkərdəsi,
Yeddi ulduz kimi gözəl camallı,
O göylər duruşlu, göylər calallı,
Gözəl camalına ay həsəd çəkən,
Hüsnüylə sərvin də bağrını sökən,
Umudu, qorxunu mars qoyan hünər,
O aydan, günəşdən irs alan dilbər,
O, bütpərəstlərin səcdə mehrabı,
O, saray qəndili, gülşən gülabı,
Eşqin yatağına, nazına bir yar,
Həm xəzinə olan, həm xəzinədar,
Hüsnün, gözəlliyin zinət mayəsi,
Şəkər dillilərin naz sərmayəsi,
Özünə min aşiq qəlbi bağlayan,
Min Məcnun zənciri qırıb ağlayan
Leyli parladıqca min təmtəraqla,
Aləm göstərirdi onu barmaqla.
Daradı saçını o təzə sünbül,
Yırtdı qönçəsini o növrəstə gül.
Boyu sərv kimi qalxıb, ucaldı,
Yaqut dodaqları nə canlar aldı!
O, könül bağında boy atan pəri,
Qəmzə oxlarına tutdu elləri.
Ah, o baxışları nə sehirkardı!
Yüz könül mülkünü birdən talardı.
Qəmzəsi ox kimi süzüb gedərdi,
Ərəb, türk yurduna hücum edərdi.
Atdığı kəməndin bir sirri vardı,
Qəmzəsi ov tutar, zülfü bağlardı.
Sonra da atardı damın üstündən,
Müşgə bənzəyirdi ahu gözləri,
Ahular ovlardı o gözəl pəri.
Şikar zamanında şirləri belə
Tutub zəncirlərdi hörüklərilə.
Üzü gül, dodağı baldan da şirin,
Şəkər görüb onu, dedi afərin,
O gül yanaqlara, bal dodaqlara
Min nazənin baxıb, düşmüşdü tora.
Saçı öpüş üçün yol təmizlərdi,
Kirpiyi "qoy allah versin" deyərdi.
Zülfü kəmənd olub, aşiq ovlardı.
Kirpiyi ox kimi onu qovlardı.
Aydan gözəl olan o iki yanaq
Güldən iki addım düşmüşdü qabaq.
Bir sərv boyluydu o qızın özü,
Sərv üstə qırqovul kimiydi üzü.
Dodağı şəkərdən şirə çəkmişdi,
Xurmanın üstünə qələm çəkmişdi.
Öpüş yaraşırdı o gül dodağa,
Şəkərin tüngünü qoymuşdu lağa.
Açıq quyu kimi zənəxdanına
Yüz könül düşmüşdü, aldanıb ona.
Zülfünü ip kimi atmışdı canan,
Bəlkə, aşiqləri çəksin quyudan.
Aşiqlər halına o yana-yana,
Özünün qəlbi də dönmüşdü qana.
O, dustaq qalmışdı bir pərdədə tək,
Ürəyi sınmışdı onun pərdə tək.
Bəzən oğrun-oğrun dam üstündə qız.
Səhərdən axşama baxardı yalnız.
Bəlkə də, Məcnunu görə bir təhər,
Bari, bir dəqiqə deyib gülələr.
Harda tapsın onu bu gözəl sona,
Dərdini, sirrini bir açsın ona?
Ah, rəqib hədəsi, ah, düşmən dərdi!
Qız gecə yarısı min ah çəkərdi.
Şam kimi dəlicə gülməyi vardı,
O, şirin gülsə də, acı ağlardı.
Göz yaşı gülünü islatdıqca hey,
Məcnun görünürdü gözünə hər şey.
Ayrılıq oduna yanırdı pünhan,
Nə işıq, nə tüstü çıxırdı ondan.
Üzdə külək kimi coşsa da hər vaxt,
İçərdə qəlbini yeyirdi bədbaxt.
Öz dərd aynasına baxaraq yalnız,
Orda xəyaliylə danışırdı qız.
Yalnız kölgəsiydi onun sirdaşı,
Bir də həmdəmiydi eşqin göz yaşı
Kölgəyə dərdini açdıqca dilbər,
Qonşusu yatmırdı onun gecələr.
Odla su arası olmuşdu yeri,
Bir pəri üzlüydü o gözəl pəri.
Qadının nəğməsi cəhrə səsidir.
Ox isə şahların ov həvəsidir.
Leyli iki başlı iyi ataraq,
Bir başlı ox aldı, ah çəkdi ancaq.
Sarsınıb atdığı bir başlı oxdan,
İki başlı iy də oldu sərgərdan
Dərya-dərya yığıb dərd ilə qəmi,
Gözündən tökürdü o, gəmi-kəmi.
O, pərdə dalında qəmlər yedikcə,
Qəmlər əridirdi qəlbini təkcə.
Qulağa bir qızıl halqa taxaraq,
Halqa tək qapıya asırdı qulaq.
Eşqin halqasını öz qulağından
Başqa bir insana verməzdi bir an.
O, ay çeşməsinə baxıb dalardı.
Gözləri çeşmə tək yolda qalardı.
Bəlkə bir sifariş gələ Məcnundan,
Ya quru bir salam eşidə ondan.
Arabir əsdikcə Nəcdin küləyi,
Bir vəfa duyurdu qızın ürəyi.
O yandan bir bulut gəlsə bu yana,
Umud damlaları verirdi ona.
Evin hər yerindən, hər bucağından
Yarın qəzəlini duyurdu canan.
Leyliyə bazardan gələn hər uşaq
Baxırdı, Məcnundan söz oxuyaraq.
Damının altından keçdikcə hər kəs,
Qəzəl söyləyərdi ona bir nəfəs.
O dünya camallı nazəndə dilbər
Qəlbindən qoşardı gözəl şerlər.
O bakirə gözəl, bir sənətkardı,
Özü tək bakirə sözləri vardı.
Məcnunun dilindən söz düzəldərək,
Cavab da yazırdı o gözəl mələk.
Məcnunun şeriylə yandıqca pəri,
Ona su səpərdi öz şerləri.
Kağızı gizlində isladıb qanla,
Ona söz yazardı min həyəcanla.
Salam göndərərdi sərvə yasəmən.
Kimə rast gəlsəydi o məktub, inan,
Oxuyub oynardı o, şadlığından.
Aparıb Məcnuna verərdi ki, bir
Desin cavabında o gözəl bir şer.
O da canan yazan söz əvəzinə,
Axıcı bir qəzəl deyərdi yenə.
Demək, bu həsbhal qəlbin səsiydi.
İki sevgilinin deyişməsiydi.
O aşiq bülbüllər ötəndən bəri,
Qırıldı dünyanın bütün qəmləri.
Dinib danışdıqca o qoşa sazlar,
Qopdu simlərindən gözəl avazlar.
Rudla çəng çalsa da iki nəğməkar,
Bir qəlbin səsini verirdi onlar.
Onlar ki, hər dərdi şerə salardı,
Başqası çəngdə, neydə çalardı.
Nəğmə düzəltdikcə iki nəğməkar,
Çalıb oynayardı evdə uşaqlar.
Tənə qapısını açıb yenidən,
Böhtan uydurardı onlara düşmən.
Ağlamaq tutardı axır onları,
Göz yaşı yuyardı o böhtanları.
Tamam bir il keçdi bu münval ilə,
Onlar dolanırdı bir xəyal ilə.


BAHARIN TƏRİFİ VƏ LEYLİNİN XURMALIQ 
TAMAŞASINA GETMƏSİ

Sərdi xalısını səhraya min gül,
Bəzədi torpağı susənlə sünbül.
Ağacda qonçalar baxdı göz-gözə,
Bənzədi qayğısız, gülər bir üzə.
Qırmızı lalədən sarı çiçəkdən
Təbiət bir bayraq qaldırdı bilsən.
Baxıb bostandakı, bağdakı hüsnə,
Bülbül rübabını basdı köksünə.
Üstünə şeh düşmüş yaşıllıqlar da
Zümrüdə bənzərdi o ilk baharda.
Çəmənlər başına bürümüşdü şal,
Lalənin yarpağı olmuşdu xal-xal.
Hələ, nəzər yetir bənəfşələrə,
Zülfünü darayıb tökmüşdü yerə.
Qonça, kəmərini bağlayıb bərk-bərk,
Tikandan ox tutub atırdı, gerçək.
Güllər ipək geyib bəzənən zaman
Külək yapışmışdı sırğalarından.
Gül rəngli günəşdən açıb neylufər,
Suyun qarşısında atmışdı süpər
Şümşad tellərinə çəkib şanəni
Nar gülü yığırdı nara danəni.
Ətrinin ağzını açdıqca sünbül,
Baxıb əl verirdi ona qızılgül.
Od tutub alışan nərgiz də bu an
Qızdırmalı kimi qalxdı yuxudan.
Şərab qətrələri qaynayıb haman.
Yavaşca axıtdı damarında qan
Axıtdı yasəmən can bulağını, 
Nəstərən yıxadı gül yanağını.
Qızıl gül qorxaraq açdı gözünü,
Nazlandı misilsiz görcək özünü.
Beldəki qılınca bənzərdi süsən,
Yox, o sıyırmaydı, səhv elədim mən.
Quşlar dil açmışdı bağda hər yandan,
Baş açmaq olmazdı hərzə-hədyandan.
Turac ürəyindən kabab bişirir,
Qumru sinəsindən ona duz verir.
Çinar başındakı göyərçin səsi
Deyirdi aləmə yar zümzüməsi.
Ağacda bülbül də qan yaş tökərdi,
O da Məcnun kimi nalə çəkərdi.
Gül də Leylidəki o vüqar kimi,
Çadırdan çıxmışdı tacidar kimi.
Baxıb gül fəslinin çəmənlərinə,
Leyli qədəm basdı onun seyrinə.
Sonra saçlarını hörərək yenə,
Su səpdi gülünün yaqut rənginə
Haman qəbilənin gözəl qızları
Aldı ortalığa bizim dildarı.
Ərəb torpağında türk idi onlar,
Xoşdur ərəbboylu türk olan nigar.
Sənəmlər içində gedir xuraman,
Yaman göz dəyməsin ona heç zaman.
Bağda bitkilərin seyrinə dalsın,
Gülün kölgəsində dincini alsın.
Piyala uzatsın ona nərgizlər,
Lalədən öyrənsin təzə bir xəbər.
Bənəfşə zülfündən aldıqca işıq,
Camalı güllərə olsun yaraşıq.
Boy atmaq öyrətsin sərvə özündən,
Utansın yasəmən onun üzündən.
Qönçənin ətrindən min bac istəsin,
Çəmənlər mülkündən xərac istəsin.
Boyu kölgə salsın çəmən üzünə
Gülsün o sərv ilə səmən üzünə,
Yox, yox onun qəsdi bu deyil, bilsən,
Nə güldür, nə sərvdir, nə də nəstərən.
Onun məqsədi də, eşqi də təkdir,
Bir bucaq axtarıb, min ah çəkməkdir.
Bülbülə sirrini açmaq istərdi,
Bəlkə təzələnə yenidən dərdi.
Bəlkə gülüstanda əsən küləklər
O qərib aşiqdən verə bir xəbər.
Bəlkə də açıla qəlbinin bağı.
Qalxa sinəsindən ayrılıq dağı.
O yerdə bir gözəl xurmalıq vardı,
Çin nəqqaşlarından bir yadigardı.
Onun cərgə-cərgə xurmalıqları
Sanki yol salmışdı behiştə sarı.
Bu xoş seyrangaha - başdan, binadan
Ayaq basmamışdı canlı bir insan.
Leylinin yanında bir bölük nigar
Gəlib o çəmənə yetişdi onlar.
Leyli yaşıllıqda oturdu gül tək,
Otlardan belinə kəmər çəkərək,
Hayana dəydisə onun nəfəsi,
Açıldı süsənin, gülün qönçəsi.
Hansı çəmənə ki, əli çatardı,
Şümşad göyərərdi, sərv boy atardı.
O sərv boylular, o gül üzlülər
Şadlanıb güldülər orda bir qədər.
Bir an qoşuldusa şadlığa Leyli,
Çox da bağlanmadı məclisə meyli.
Tutu quşu kimi o sövdalı qız
Bir sərvin altına oturdu yalnız.
Gizlicə sızladı mehribanlıqla,
Sonra dilə gəldi bir xoş qılıqla:
"Sən ey eşqə layiq, əziz dildarım,
Sən mənə layiqsən, mən sənə, yarım.
Ey sərv qamətli, coşqun həvəsli,
Ey atəş ürəkli, sərin nəfəsli,
Nolar ki, görəsən sən də bu bağı!
Gəlib qaldırasan sinəmdən dağı.
Nolar, bir tapasan bu bağda məni!
Sən sərvi görərsən, mən də narvəni.
Tutaq ki, dözmürsən məni görməyə,
Mənim bu bağçamdan qaçırsan niyə?
Söylə, sifarişin gəlməyir nədən?
Layiq deyiləmmi bu vəfayə mən?"
Söz sona çatmamış eşitdi bir səs,
Elə bil bir anlıq kəsildi nəfəs.
Qəzəl oxuyurdu yolda bir nəfər,
Məcnunun şeriydi o gözəl əsər:
"Ey mənim pərdəmi açan cananım,
Qoy olsun umudun pərdə tutanım.
Məcnunu boğmuşdu qan dalğaları,
Leyli o yazığı anırmı barı?
Məcnunun bağrını yandırır ələm,
Leyli hansı qəlbə su səpir bu dəm?
Məcnunun qəlbini dəlmiş ox, tikən, 
Leyli nə naz ilə yatır, görəsən?
Məcnun min ah çəkib ağlayır burda,
Leyli necə şadlıq axtarır orda?
Məcnun dərd içində, dağ içindədir,
Leyli hansı bahar, bağ içindədir?
Məcnun qəm zənciri vurmuş özünə,
Leyli gülümsəyir kimin üzünə?
Məcnunun ürəyi ürkmüş hicrandan,
Leylinin xəyalı nədir bu zaman?"
Bunu dinlədikcə, qızın göz yaşı -
Tökülüb, yumşaltdı torpağı, daşı.
Bağdakı qızlardan birisi bu an
Leyliyə baxaraq gözünün altdan,
Gördü ki, dərd çəkir o gözəl pəri,
Eşqə mehribandır onun gözləri.
Sonra evlərinə qayıtdı qızlar,
Sədəfə dürr kimi girdi o nigar.
O qızın qəlbində qalmadı bu sirr,
Gedib anasına söylədi bir-bir.
Məqsədi buydu ki, anası yenə
Bir çarə axtarsın onun dərdinə.
Bu nakam gözəlin anasına bax,
Qəfəsdə quş kimi o çırpınaraq,
Dedi: "Özbaşına qalsa bu nigar,
O, Məcnun olmuşdur, bu da məst olar.
Onu səbr etməyə çağırsam əgər,
Qorxuram məhv olub əlimdən gedər".
Onun həsrətiylə hey yana-yana
Səbr edib dözürdü yenə də ana.
Leyli dörd divarda bir xəzinə tək,
Ay kimi çadırda yaşayırdı tək.
Bulutdan tutqundu çəkdiyi ahlar,
Qında qılınc kimi olmuşdu qəmxar.
Əzab içindəydi o nazlı mələk
Varmı məhəbbətlə şad olan ürək?

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR