Slimfit
  1. AZƏRBAYCAN

Şəkiyə turistlər gəlirmi?

Şəkiyə turistlər gəlirmi?
Sakura

Şəkiyə gələn qonaqların üz tutduğu ilk yerlərdən biri buranın ən məhşur məkanı olan qala divarları və…

Hazırda muzey kimi fəaliyyət göstərən bu sarayın tikintisində şəbəkə sənətindən geniş istifadə olunub və onun divarları üzərinə xüsusi naxışlar düzülüb, həyətində isə 2 dənə 16-cı əsrə aid qədim çinar ağacı yerləşir.

Bundan başqa, saraya qalxan yolda, hazırda otel kimi fəaliyyət göstərən Yuxarı Karvansarayın yanında bir neçə mağazalar yerləşir.

Bu mağazalarda müxtəlif sənətkarlar əl işlərini həm sərgiləyir, həm də satır. Burada həm halvaçı, həm, papaqçı, həm təkəlduz ustası, həm musiqi alətləri hazırlayanlarla rastlaşmaq olar.

Həm təbiəti, həm yeməkləri, həm də xüsusi şirniyyatlari ilə məşhur olan şimal-qərb rayonu Şəki turistlərin daha çox üz tutduğu bölgə sayılsa da, qış aylarında burada çox qonaq görmək mümkün deyil.

Şəkinin mərkəzi küçələri boyunca yerləşən şirniyyat, hədiyyə, yaxud müxtəlif əl işləri satılan mağaza satıcıları və bir neçə otel bunu təsdiqləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-ci ildə bu rayonda 15 mehmanxana olsa da, 2015-ci ildə belə müəssisələrin sayı 17 olub.

Yenidən eyni məlumata əsasən, 2015-ci ildə rayonda yerləşdirilmiş şəxslərin sayı 12826 nəfər, gecələmələrin sayı isə 15293 nəfər olub. 2010-cu ilin göstəricilərilə müqaisədə rəqəmlər təxminən 2 dəfə artıb.

Sənətkar satıcılarla söhbət vaxtı məlum olur ki, qış vaxtı alver zəifdir. Onların sözlərinə görə, bu aylarda ərazidə az turist gözə dəyir, bu səbəbdən bir neçə mağaza günlərdir ki, bağlıdır. Onlar deyir ki, alıcıları əsasən yerlilər olur qışda.

Satıcılardan biri deyir ki, Şəki "turizmdən cəmi 3 ay qazanır".

Buna baxmayaraq, onların bir çoxu hər gün həvəslə iş yerinə gələrək "göz nuru ilə" hazırladıqları məhsullarını sərgiləyirlər.

Yuxarı Karvansaray otelində də qış ayı olduğundan çox qonaq yoxdur. Buradaotaqların qiyməti 30-50 AZN arasında dəyişir. Otel işçisi yayda qiyməti qaldırmadıqlarını deyir. "Bizdə 10 ildir sabit qiymətdir", o əlavə edir.

Karvansaray yaxınlığında yerləşən və yeni tikilən otellərdən biri isə daha yüksək qiymətli otaqlar təklif edir. Bu oteldə də çox adam gözə dəymir. Səbəbini isə işçilərdən biri soyuq fəsillə əlaqələndirir.

Burada qış vaxtlarında 70 AZN-ə otaq tapmaq mümkündür, lakin şəhər sakinləri deyir ki, yay aylarında bu qiymət artır.

Otaq kirəyə verənlər

Rayonun daha çox qonaq cəlb edən yerlərindən biri də qədim Kiş kəndidir. Bu kənd dağın döşündə yerləşir və ərazisində 1-5-ci əsrlərə aid olduğu ehtimal edilən Alban kilsəsi var.

Kilsə daxilində əvvəllər bu ərazidə yaşamış və boyları 2 metr 20 sm-ə çatan insanların sümükləri saxlanır. İşçilərdən biri, "qədim albanlar hündür, sarışın, mavigöz insanlar olub, norveç alimi sübut etdi ki, norveçlilərin kökü burdan başlayıb" deyir.

Kilsəni gəzərkən tikiliyə məftunluğunu ifadə edən işçi, kilsə daxilində xüsusi şüşə rəflərdə nümayiş etdirilən zinyət əşyalarını və ya saxsı qabları göstərir.

Onun sözlərinə görə, kənd camaatı buranı müqəddəs yer kimi qoruyub saxlayıb.

Şəkiyə gələn turistlərin mütləq dayanacaqlarından biri olan bu kilsəyə qış aylarında da ziyarətə gələnlər var.

Bu səbəbdən kənddə bir neçə vətəndaş kirayə otaq xidməti təklif edir.

Belə sakinlərdən biri danışır ki, Şəkiyə gələnlərin sayı 2007-dən sonra artıb. Onun sözlərinə görə, o vaxtlar otaq qiymətləri daha ucuz olub.

"Bir gün üçün bir nəfər 3-4 manat verirdi. İndi amma 8 manata qaldırmışıq".

Müsahib qiyməti artırdığını desə də, gələnlərin azlığından şikayətçidir. Bu səbəbdən o, bəzən məcbur olub otağı 5 manata da kirayəyə verir.

İllər əvvəl qonaqlarının bol olduğunu deyən kənd sakini, "indi nə gələn var ki" deyir.

"Gələnlər yazda, yayda gəlirlər, otellərdə qalırlar", o əlavə edir.

Onun sözlərinə görə, kənddə təxminən 100-ə yaxın ailə kirayə otaq təklif etsə də, hələ ki turist sayında durğunluqdur.

"Gələnlər aşağı qiymətə qalmaq istəyir. Onun da ailə büdcəsinə bir xeyiri yoxdur. 5 manata evdə qalmaq olar", deyə sual edir müsahib.

Kəndlilər deyir ki, əvvəlcə sakinlərin istirahət yeri sayılan və Marxal adlandırılan kiçik göl kənarı artıq iri bir otelə çevrilib və kəndin qonaqlarının böyük əksəriyyəti kirayə evlərə deyil, o otelə üz tuturlar.

"44 ölkədən turist"

Şəki Turizm İnformasiya Mərkəzinin direktoru Nəsib İmaməliyev BBC Azərbaycancaya deyir ki, rayona gələn daxili və xarici turistlərin sayı ilbəil artır.

Onun sözlərinə görə, əvvəllər qonaqlar yalnız yay mövsümündə gəlsələr də, indi qışda da turizm var.

O, son 3 ildə rayona nə qədər turist gəlməsilə bağlı dəqiq rəqəmin mövcud olmadığını desə də, əlavə edir ki, il ərzində "50-70 min civarında" həm yerli, həm də xarici turist gəlir.

Qurum rəhbərinin sözlərinə görə, gələnlər, əsasən mehmanxana və istirahət mərkəzlərində qalırlar.

"Lakin individual turistlər də var ki, evə üstünlük verirlər. Elə turist var bahalı yer xoşlayır, eləsi var yox", o qeyd edir.

"Şəki turizmdən faydalana bilirmi" sualına isə direktor belə cavab verir:

"Bura tarixi şəhərdir. Bakıdan sonra regionlara arasında ən çox turist qəbul edən region Şəkidir".

Cənab İmaməliyev Şəkiyə 44 müxtəlif ölkədən turistin gəldiyini deyir.

Potensial var, şərait yoxdur

Turizm üzrə təhlilçi Ülvi Həsənli isə hesab edir ki, Azərbaycanda turizmin inkişafından danışmaq hələ çox tezdir. Onun sözlərinə görə, ölkədə nə daxili turizm, nə də gəlmə turizm inkişaf edib.

O deyir ki, son 3 ildə ölkəyə gələn turistlərin sayı azalıb. 2014-cü il ilə müqayisədə 2015-ci ildə Azərbaycana təxminən 300 min daha az turist gəlib.

"Müşahidələrimə görə, 2016-ci ildə ölkəyə gələn turistlərin sayında elə bir ciddi böyümə olmayıb", cənab Həsənli qeyd edir.

Buna baxmayaraq təhlilçi hesab edir ki, Azərbaycanın turizm sahəsi üzrə potensialı, perspektivi var, lakin "bu sahəyə azadlıq verilməlidir".

"Bu sahə də digər biznes sahələri kimi monopoliyadadır. Ona görə 2-3 ulduzlu otellərin, hostellərin sayı çox olmaqdansa, 4-5 ulduzlu otellərin sayı daha çoxdur", o izah edir.

Cənab Həsənli hesab edir ki, hökumət turizmin inkiafında maraqlı deyil. Onun sözlərinə görə, turist cəlb etmək istəyən ölkələr birinci növbədə inkişaf etmiş ölkələrlə viza prosedurunu ləğv edirlər. Amma Azərbaycan hakimiyyəti bütün inkişaf etmiş ölkələrlə viza tətbiq edib və belə olan halda turizmdən faydalanmaq mümkün deyil, təhlilçi qeyd edir.

Şəki barədə danışarkən isə müsahibimiz deyir ki, bu rayonda yerli səviyyədə turistləri maraqlandıracaq tarixi abidələri var. Amma bu yerlərə bir gün bəs edər ki, gəzib bitirəsən.

"Şəki bir neçə günlük səfərlər üçün turistlərin diqqətini cəlb etmir. Ona görə təbiətinə görə yalnız isti aylarda nisbətən canlanma olur, qış aylarında Şəkidə demək olar turizm ölü vəziyyətə düşür".

Qiymətlərlə bağlı da danışan Ülvi Həsənli rəqəmlərin yerli turistlər üçün münasib olmadığını vurğulayır. Təhlilçinin sözlərinə görə, məhz bu səbəbdən yerli turistlər daha çox Gürcüstana üz tutur.

Təhlilçi hesab edir ki, bu rayonda lazımi infrastruktur yoxdur. Tək otel tikməklə, şəhərə məlumat löhvələri vurmaqla turizm infrastrukturu yaratmaq, kütləvi turist cəlb etmək olmur, o deyir.

Problemin həll edilməsini isə müsahibimiz belə təklif edir.

"Turizmi həvəsləndirmək üçün birinci növbədə insanlara imkan verilməlidir ki, bu sahəyə sərmayə qoysunlar. Həm otellər tikilsin, həm əyləncə obyektləri, həm restoranlar, həm də yerli agentliklər yaradılsın".

O, həmçinin qeyd edir ki, son dövrlər dünyada əsas trendlərdən biri də kənd turizmi və ekoturizmdir və Şəkidə də bu istiqamətdə də işlər görmək olar.

Bir hissəsi Böyük Qafqaz sıra dağları, digər hissəsi Kiçik Qafqaz dağları ilə əhatələnmiş, bir sıra çaylar və gölləri, Xəzəri olan Azərbaycanın təbiəti burada turizmin inkişafı üçün şərait yaratsa da, ölkə hələ də bu sahəni yetərincə inkişaf etdirə bilməyib.

Hakimiyət son illərdə ölkədə baş tutan bəzi beynəlxalq idman yarışlarından sonra gələn turist sayının artdığını bildirsə də, bu sahə hələ ki, ölkə büdcəsinə əsaslı gəlirlər gətirəcək vəziyyətdə deyil.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR