Şəkidə şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində fəaliyyət göstərən, fiziki şəxs Rəsulov İntiqam Sabir oğluna məxsus şirniyyat istehsalı sexində yoxlama keçiriblər.
AQTA-dan Femida.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri, eləcə də sanitar-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Belə ki, orqanoleptik baxış zamanı müəssisədə çürümüş, qaralmış, üyüdülmüş və yarı qırılmış istehlaka yararsız fındıq ləpəsi aşkar edilib. Bundan başqa, xammal kimi istifadə olunan düyü unu, şəkər tozu, ləpə və sair məhsulların birbaşa döşəmə üzərində saxlanıldığı məlum olub.
Yoxlama zamanı müəyyən edilib ki, sexdə istehsal texnoloji prosesə uyğun aparılmır. Belə ki, xammal və köməkçi materiallar, hazır məhsulların saxlanması, istehsal prosesi eyni bölmədə həyata keçirilir. Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət