Slimfit
  1. AZƏRBAYCAN

Şəkidə günə 130 ədəd piti qabı hazırlayan dulusçu

Şəkidə günə 130 ədəd piti qabı hazırlayan dulusçu
Sakura

Şəkidə dulusçuluq sənətini yaşadan ustalardan söz düşəndə Məmmədovlar ailəsinin adı xüsusi qeyd olunur

26 yaşlı gənc usta Rəhman Məmmədov da bu nəslin davamçısıdır. Onun barəsində foto reportajı BBC Azərbaycanca üçün Gülər Abbasova hazırlayıb.

"Dulusçuluğu atamdan öyrənmişəm. Yeddi ildir, bu işlə məşğulam. İndi atam işləmir, əmimlə birgə hazırlayırıq. Dörd gün işləyirik, bir-iki gün istirahət edirik. Günə 130-150 ədəd piti qabı hazırlayırıq. Çətin, səbr tələb edən sənətdir."- Rəhman usta bildirir.

Emalatxanada ən çox piti qabları, saxsı kuzələr, tavalar hazırlanır. Yaxşı bişirilən qablar uzun müddət istifadə oluna bilir.

Qışda emalatxanada qızdırıcı işə düşsə də, otaq nəmişlik olur. Amma gənc usta deyir ki, çörək pulu qazanmaq üçün işləmək lazımdır.

Qabların hazırlanması üçün gil Qəbələdən gətirilir. Gil və sudan palçıq yoğrulandan sonra xüsusi dəzgahda qablar düzəldilir.

İsitmə piltələri qoyulan xüsusi otaqlarda təxminən on gün quruduqdan sonra, qablar kürədə bişirilir. Bişirilmə prosesi isə səhərdən gecə yarısına kimi davam edir.

Kürəni qalamaq üçün çoxlu odundan istifadə olunur. Gənc usta bildirir ki, odun almaq imkanları yetməyəndə qohum-qonşunun evinin damlarından çıxarıb verdikləri köhnə taxtalardan yararlanırlar.

Saxsı qabların qiyməti ölçüsünə görə dəyişir, ən kiçik qablar 4 manata, daha böyükləri isə 5-6 manata satılır. Ustanın sözlərinə görə, Şəki bazarında Masallıdan, Gürcüstandan gətirilən dobı (Şəki dialektinə saxsı qablar deməkdir) da satılır. Onların qiymətləri nisbətən ucuz, 2-3 manata olur. Amma Şəkidə istehsal edilənlərlə müqayisədə bu saxsı qablar daha aşağı kefiyyətlidir. Həm hazırlanma materialı davamlı deyil, həm də saxsılar yaxşı bişirmədiyinə görə tez sınır.

"Bura xarici turistlər də gəlir, qablardan alıb aparırlar. Amma suvenir kimi alırlar, o da az olur. Əsas alıcılarımız elə öz xalqımızdır. Kafelər, restoranlar üçün çox sifariş edirlər. "

Rəhman usta deyir ki, kafe və restoranlar birdəfəyə 100-200 ədəd saxsı qab, xüsusilə də piti qabları alırlar. Saxsı qablar həm Şəki bazarlarına çıxarılır, həm də ayrıca müştərilər də sifariş edirlər. Amerika, Fransa və Rusiyada yaşayan azərbaycanlılar da alıb aparırlar, o əlavə edir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR