Slimfit
  1. AZƏRBAYCAN

Şəkidə gənclər boş vaxtlarını necə keçirir?

Şəkidə gənclər boş vaxtlarını necə keçirir?
Sakura

Şəkidə gənclər boş vaxtlarını sərf etmək üçün lazımı qədər istirahət mərkəzinin olmadığını deyirlər

Kiş kəndindən şəhərin mərkəzinə qədər taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən adının açıqlanmasını istəməyən 27 yaşlı gənc bu suala "avaraçılıqla" cavabını verir və təkcə o belə düşünmür.

Ümumilikdə Şəkidə danışdığımız gənclərin əksəriyyəti iş yerlərinin olmamasından və asudə vaxtı sərf etməyə də məşğuliyyət tapılmamasından şikayətləniblər.

Gənclər boş vaxtlarını keçirmək üçün lazımı qədər istirahət mərkəzinin və ya əyləncə məkanlarının olmadığını deyirlər.

Onların sözlərinə görə, oğlanlar üçün boş vaxtlarını keçirmək üçün bəzi yerlər olsa da, qızlar üçün belə məkanların sayı barmaqla sayıla biləcək qədərdir.

"İşdən evə- evdən işə"

 

Çayxana və ev

25 yaşlı Şəms deyir ki, Şəkidə qızlarla oğlanlar istirahətlərini fərqli keçirirlər. Oğlanların çoxu boş vaxtını "çayxanalarda" keçirir, qızlar isə "evdə", o deyir.

"İstirahəti maraqlı keçirmək üçün şərait yoxdur. Gənclər sərfəli bir şeylə məşğul deyillər", deyən müsahibimiz öz istirahət zamanını əsasən evdə kitab oxuyaraq keçirdiyini qeyd edir.

"Əsasən yay aylarında gəzməyə gedirik. Qış aylarında isə istirahət üçün elə bir məkan yoxdur. Ona görə boş vaxtımı kitab oxumağa və ya dil öyrənməyə sərf edirəm", Şəms deyir.

Şəms hazırda qiyabi olaraq Bakıda təhsil alır. O, paytaxtdan universitet seçməsini də məhz "Şəkidə maraqlı heç nə olmamaması" ilə əlaqələndirir.

Şəms arzu edir ki, Bakıda olduğu kimi Şəkidə də "Bookcafe"-lər açılmalıdır.

"Avaraçılıq"

Kiş kəndində yaşayan adının açıqlanmasını istəməyən 27 yaşlı taksi sürücüsü "şəkidə gənclər nə ilə məşğuldur" sualına "avaraçılıqla" deyə cavab verir. O, şəhərdə istirahət üçün yetərincə məkan olmadığını əsas gətirərək əlavə edir ki, "Şəki ölü şəhərdir".

O ali təhsil almayıb, amma rəngsazlıq peşəsinə yiyələnib. Peşəsinə uyğun iş tapa bilmədiyindən taksi sürücüsü kimi fəaliyyət göstərməyə başlayıb. Deyir ki, yaşadığı Kiş kəndində insanların bir qismi kənd təsərrüfatı ilə məşğuldur, digərləri isə ya Bakıda, ya da Rusiyada işləyir.

Qazancıın az olduğunu deyən gənc də boş vaxtını çayxanalarda keçirdiyini deyir. O, bildirir ki, qızlar üçün istirahət məkanları və restoranlar şəhərdə azdır.

Digər bir gənc isə deyir ki, istirahət yerləri var ancaq orda xərcləməyə pul yoxdur.

"Maddi imkanın yoxdursa, istirahət çətindir", o əlavə edir.

Şəhərin mərkəzində söhbətləşdiyimiz gənc qızlar isə yemək yeyə biləcəkləri yer kimi 4 məkanın adını çəkə bilirlər. Amma deyirlər ki, onlar əsasən işdən evə evdən işə gedirlər.

2 məktəbə gedən uşağı olan ailə də uşaqların əylənə biləcəyi bircə yer adı çəkə bilirlər: "Uşaqları yayda parka aparırıq", deyən valideynlər qışda uşaqların əylənə biləcəyi mərkəzlərin olmadığını vurğulayırlar.

"Bir kinoteatr var, köhnə filmləri göstərir"

 

"Sıxıcı"

Hazırda magistratura təhsili üçün hazırlaşan 22 yaşlı İlkanə bakalavr dərəcəsini oxuduğu Bakıya qayıtmaq niyyətindədir. O, indi Şəkidə qalır və magistraturaya hazırlaşmasının səbəbi də universiteti bitirdikdən sonra burada iş tapmamasıdır. Deyir ki, yaşadığı ərazidə onun kimi bir neçə qız da iş tapa bilmir.

Yaşıdlarının səmərəli vaxtı necə keçirməsi ilə maraqlananda İlkanə gülərək bildirir ki, "qızlar heç nə etmir, oğlanlar ya bazarda al-ver edir, ya da dağa odun yığmağa çıxır".

İlkanə doğulub böyüdüyü şəhəri çox sevdiyini deyir, lakin qeyd edir ki, burda yaşamaq "həm iş baxımnından, həm düşüncə baxımından" çətindir.

"Gəzməyə, qızlarla oturmağa yer azdı. İki-üç restoran var ora gedə bilərik. Parka gedib oturmaq da olmur. Bir park var, ordan keçəndə belə qızlara pis baxırlar", o qeyd edir.

İlkanə şəhərdə teatr olduğunu və bir kinoteatrın fəaliyyət göstərdiyini deyir. Lakin əlavə edir ki, həmin kinoteatrda çox köhnə filmlər nümayiş etdirirlər.

Sonda İlkanə deyir ki, bura "sıxıcı" olduğu üçün Bakıya qayıtmaq istəyir.

İcra Hakimiyyəti: "İl ərzində Şəkidə müxtəlif bayram tədbirləri, beynəlxalq festivallar, konsert proqramları təşkil olunur"

 

"İstirahət məkanları var"

Şəki Şəhər İcra Hakimiyyəti BBC Azərbaycancaya deyib ki, Şəki şəhərində gənclərin asudə vaxtının səmərəli təşkili üçün xüsusi məkanlar - mədəniyyət və istirahət parkları, idman-sağlamlıq mərkəzləri, teatr, kitabxanalar və s. mövcuddur.

"İl ərzində Şəkidə müxtəlif bayram tədbirləri, beynəlxalq festivallar, konsert proqramları təşkil olunur", deyən qurum gələcəkdə gənclərin asudə vaxtını səmərəli keçirməsi ilə bağlı bir sıra layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR