Şəkidə 48 mənzilli yaşayış binasının tikintisi gələn il başa çatacaq
Şəki şəhərində istismar müddəti başa çatmış 5 ədəd ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ucaldılan 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Bina Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Zərifə Əliyeva küçəsində inşa edilən 4 girişdən ibarət dördmərtəbəli binada hörgü işləri artıq yekunlaşıb, binanın dam örtüyü qurulub.
Tikinti işlərini aparan “SNT İnşaat” şirkətinin iş icraçısı İzzət Haqverdiyevin sözlərinə görə, bina daxili suvaq işləri də başa çatıb. Hazırda daxili mühəndis-kommunikasiya və bəzək işləri görülür, binanın fasadına suvaq vurulur. Yardımçı tikililərin, o cümlədən hər biri 100 kubmetrlik 2 ədəd yanğın əleyhinə və içməli su anbarının, nasosxananın tikintisi də yekunlaşmaq üzrədir, kanalizasiya xəttinin çəkilişi davam etdirilir.
Hazırda tikinti meydançasında 64 işçi çalışır. Binanın tikintisinin gələn il birinci yarısında başa çatdırılması nəzərdə tutulur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət