Slimfit
  1. AZƏRBAYCAN

Şəki xanlığı

Şəki xanlığı
Sakura

Şəki xanlığı— XVIII əsrdə Azərbaycan ərazisində mövcud olmuş ən güclü xanlıqlardan biri

Ümumi məlumat

Şəki xanlığı XVIII əsrin 40-cı illərinin sonlarına yaxın güclü siyasi qüvvəyə çevrilmişdir. Nəticədə Qəbələ və Ərəş sultanları Şəki xanının hakimiyyətini tanımağa məcbur oldular. 1751-ci ildə Şəki xanı müəyyən müddətə Qazax və Borçalı mahallarını da özünə tabe etdi.

Hacı Çələbinin hakimiyyəti dövründə Şəki xanlığı yeni torpaqlar ələ keçirmək uğrunda Kartli-Kaxeti çarlığı ilə fasiləsiz müharibələr aparırdı. Tərəflərin növbə ilə qələbə çaldığı bu müharibələr hər iki ölkənin məhsuldar qüvvələrinin vəziyyətinə dağıdıcı təsir göstərirdi.Hacı Çələbinin ölümündən sonra (1755) hakimiyyət oğlu Ağakişi bəyə, onun öldürülməsindən 30-40 gün sonra isə Hüseyn xana keçdi. Bu dövrdə Şəki xanlığı artıq xeyli zəifləmişdi.

1768-ci ildə bir-birilə ittifaq bağlayan Şəki və Quba xanları Şamaxı xanlığına hücum edib, onu öz aralarında bölüşdürdülər. Bir neçə ildən sonra Şəki xanlarının qohumları arasında baş verən çəkişmələr ona gətirib çıxardı ki, 1780-cı ildə Hüseynölümündən sonra hakimiyyət Əbdülqadirə, 1783-ci ildə Məhəmmədhəsən xana, 1795-ci ilin dekabrında isə Səlim xana keçdi. Səlim xan iki dəfə − birinci dəfə 1795-1797, ikinci dəfə isə 1805-1806-cı illərdə, hər dəfə də 2 ildən də az müddət ərzində hakimiyyətdə olmuşdu. Səlim xan Şəki xanı ikən hakimiyyətini möhkəmləndirmək və düşmənlərinə qarşı hərbi dəstək almaq üçün əvvəl xanlığını Rusiya imperiyasının tərkibinə qatmışsa da, 1806-cı ilin yayında bacısının - Qarabağ xanı İbrahimxəlil xanın arvadının Qarabağda ruslar tərəfindən öldürülməsindən sonra, dərhal Şəki xanlığı ərazisindəki rus qoşununu bu ərazidən çıxartmış, lakin sonda məğlub olaraq İrana mühacirət etmişdi.

Azərbaycanın digər xanlıqlarında olduğu kimi, Şəki xanlığında da kənd təsərrüfatının aparıcı sahəsi əkinçilik və maldarlıq idi. İqtisadiyyatda ipəkçilik mühüm yer tuturdu. Demək olar ki, hər bir həyətdə tut ağacları vardı. Kəndlərin əhalisi ipək salımaqla məşğul olurdu. Şəki ipəyi Azərbaycanın hüdudlarından kənarda da məşhur olub, Rusiya, İtaliya, Türkiyə və İrana ixrac edilirdi.

Kənd təsərrüfatı ilə bərabər sənətkarlıq və ticarət də inkişaf etmişdi. Şəki xanlığında ipək parçalar, mis qablar, silah, kənd təsərrüfatı alətləri, məişət əşyaları və s. hazırlanırdı. Müxtəlif sex təşkilatlarında – əsnaflarda dəmirçilər, misgərlər, toxucular, dulusçular, boyaqçılar, dabbağlar, bənnalar, dülgərlər, pinəçilər, sabunbişirənlər, dərzilər, zərgərlər, silahsazlar və b. birləşirdi. Sənətkarlıq istehsalı bəzi kəndlərdə çox inkişaf etmişdi. Bütün sənətkarlıq məhsullarına vergilər qoyulurdu. Şəhər əhalisi isə əsasən ticarətlə məşğul olurdu.

Şəki xanlığı qonşu Azərbaycan xanlıqları, Gürcüstan, Dağıstan, İran və digər dövlətlərlə geniş ticarət aparırdı. Bu dövrdə Rusiya ilə ticarət durmadan artırdı. Şəki xanlığı Rusiya ilə iki yolla – Dərbənd vasitəsilə quru yolla və Bakı vasitəsilə Xəzər dənizi ilə ticarət əlaqələri saxlayırdı. Çoxsaylı gömrük növləri ticarətin inkişafına böyük əngəl törədirdi. Xanlığa gətirilən və oradan aparılan bütün mallardan gömrük toplanırdı. Məhəmməd Həsən xanın dövründə xanlıqda vergilərin toplanmasını hüquqi cəhətdən möhkəmləndirən və hakim sinfın mənafelərini təmin edən "Dəsrur ül-amal" (azərb. "Qanunlar məcmuəsi"‎) hazırlanmışdı. İltizam sistemi, pul, ölçü və çəki vahidlərinin müxtəlifliyi, gömrük maneələri, həmçinin natural təsərrüfatın hökmranlığı ticarət və sənətkarlığının inkişafına mane olur, əmtəə-pul münasibətlərinin artımını ləngidirdi.

Şəki xanlığında aşağıdakı torpaq mülkiyyəti formaları – dövlət torpaqları, mülklər, məhsul və icma torpaqları mövcud idi. Şəki xanlığının sosial əsasını feodallar və kəndlilər təşkil edirdilər. Nuxa şəhərinin əhalisi isə əsasən ticarətlə məşğul olurdu.

Nuxa şəhəri xanlığın inzibati mərkəzi idi. Nuxa şəhərində feodal uşaqlarının oxuduqları məktəblər – mədrəsələr fəaliyyət göstərirdi. Azərbaycan ədəbiyyatında realist istiqamət daha da inkişaf edirdi. Yaradıcılığını şifahi xalq ədəbiyyatından götürən şairlər – Nəbi Süleyman, Razi poeziyanın görkəmli nümayəndələri sayılırdılar. Şəki şairləri arasında Şəkililərin Nadir şaha qarşı qəhrəmanlıq mübarizəsini tərənnüm edən Nəbi önəmli yer tuturdu. Tətbiqi incəsənət və memarlıq yüksək səviyyəyə çatmıŞdı. Ağac üzərində bədii oyma, qızıl, gümüş və misdən hazırlanmış məmulat, tikmələr sənətkarların yaradıcılığında mühüm yer tuturdu. XVIII əsrdə Azərbaycanın qiymətli memarlıq abidələrindən biri əsrin sonunda şirazlı memar Hacı Zeynalabdin tərəfindən tikilmiş Şəki xanlarının sarayı idi. Sarayın divarları bu günə qədər öz təravətini saxlayan rəsmlərlə bəzədilmişdir. Azərbaycanın XVIII əsr və XIX əsrin əvvəllərinə aid olan digər gözəl memarlıq abidələri – Şəkixanovların evi, Cümə məscidi və s. əsasında xalq istedadlarının yaradıcılığına dair fikir yürütmək mümkündür.

 

İnzibati bölgü

1819-cu ildə tərtib olunmuş sənədə görə Şəki xanlığının ərazisi 10 inzibati vahidə bölünürdü:

  1. Şəki mahalı
  2. Göynük mahalı
  3. Ağdaş mahalı
  4. Ərəş mahalı
  5. Alpaut mahalı
  6. Xaçmaz mahalı
  7. Padar mahalı
  8. Qutqaşın mahalı
  9. Bum mahalı
  10. Nuxa şəhəri

 

Əhalinin sayı və milli tərkib

Sinfi tərkib

  • 1.Bəylər-bəyimlər və ağalar (onlar əsasən şəhərdə və mahalların inzibati mərkəzləri olan kəndlərdə yaşayırdılar. Onların özlərinə məxsus 5-10 ailəlik kiçik kəndləri də ola bilirdi və bu halda həmin kəndlərin vergisi və töycüsü onlara çatırdı; 1824-cü il siyahıyaalınmasında bəylərin sayı 276 nəfər olmuşdur. Ən çox bəy isə Bum kəndində (61 nəfər)və Nuxa şəhərində (50 nəfər) qeydə alınmışdı. Bəyimlərin sayı barədə məlumat yoxdur. "Ağa" - xanzadələrin, yəni xan evladlarının daşıdığı titul idi. Məsələn, Kərim ağa Fətəli xanın oğlu olub, Tuti ağa isə Məhəmmədhəsən xanın qızı idi.
  • 2.Ruhanilər (mollalar, əfəndilər, keşişlər – onlar vergi və töycüdən azad idilər).
  • 3.Maaflar (onların torpağı var idi, əkib-becərirdilər, vergi və töycüdən azad idilər, onlar öz pulları ilə silah almalı və müharibə zamanı xanın ordusunda olmalı idilər; Şəki xanlığında maafların sayı 500-dən çox idi, ən çox maaf isə Bum kəndində (149), Qutqaşın kəndində (133) və Xaçmaz kəndində (65) yaşayırdı).
  • 4.Ticarət əhli (onlar iki kateqoriyaya ayrılırdı: tacirlərə və dəllallara, onların ailələri şəhər əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Məslən, Nuxa şəhərində 150-dən çox tacir və 1300-dən çox dəllal yaşayırdı).
  • 5.Sənətkarlar (onlar yalnız kəndlərdə yaşayırdılar və istehsal elədikləri məhsulu şəhərdə satırdılar).
  • 6.Rəncbərlər (onların torpağı olmurdu, əsasən xana, yaxud hansısa feodala məxsus torpaqlarda işləyirdilər. Toxum və əmək alətləri torpaq sahibi tərəfindən verilirdi, yetişdirdikləri məhsulun 50% isə onlara qalırdı).
  • 7.Torpağı olan azad kəndlilər (onlar nağd pul şəklində olan töycü ilə birlikdə, yetişdirdikləri məhsulun bir hissəsini də xana verirdilər).
  • 8.Sərhədçilər (Şin, Daşağıl, Filfili və bəzi sərhəd kəndlərində yaşayan ləzgilər vaxtilə Şəki xanı tərəfindən Dağıstandan, yaxud Qubadan köçürülmüşdür, onların məskulaşdıqları kəndlər Dağıstana gedən dağ yollarının üstündə idi, onlar həmin yolları qorumalı, həmin yolarla Dağıstandan edilən basqınların qarşısını almalı idilər və buna görə də vergi və töycüdən azad edilmişdilər ).

 

Şəki xanlığının pulu – Çuluq

İsmayıl xanın dövründə Şəki xanlığında pul islahatı keçirilmişdi. Lakin 1819-cu ilə aid sənəddən məlum olur ki dövriyyədə əsasən Məhəmmədhəsən xanın pulları işlənib (Şəki xanlığının ləğv edilməsindən xeyli sonra da Məhəmmədhəsən xanın pulları dövriyyədə qalıb!) 1819-cu ilə aid sənəddə göstərilir ki, 1 gümüş rus manatı "чулук" adlanan 13 köhnə, yaxud İsmayıl xanın 8 yeni Şəki abbasısına və 20 mis qəpiyə (8 manat 20 qəpik) barabər idi. Bazara uyğun olaraq məzənnə dəyişirdi, 1819-cu ildə 1 rus çervonuna 38 köhnə abbası verirdilər. Köhnə abbası, daha doğrusu çülük isə 20 qəpik mis pul qiymətində idi. İsmayıl xanın yeni abbasıları ilə isə 1 rus çervonuna 25 və 10 qəpik mis pul (25 manat 10 qəpik) verirlər. Yeni abbasılar 30 mis qəpiyə bərabərdir. Və Rusun 1 çervonu yerli mis pulla 7 manat 60 qəpikdir. Deməli,

  • Məhəmmədhəsən xanın 1 gümüş çuluğu (abbasısı) = 20 dənə mis qəpiyə;
  • İsmayıl xanın 1 gümüş çuluğu (abbasısı) = 30 dənə mis qəpiyə;
  • 1 Rus çervonu = Məhəmmədhəsən xanın 38 gümüş çuluğuna (abbasısına), İsmayil xanın 25 gümüş çuluğuna (abbasısına) + mis 10 qəpiyə, yaxud mis 760 qəpiyə, yaxud 7 manat 60 qəpiyə;
  • 1 Rus manatı = Məhəmmədhəsən xanın 13 gümüş çuluğuna (abbasısına), yaxud İsmayil xanın 8 gümüş çuluğuna (abbasısına)+ mis 20 qəpiyə, yaxud mis 260 qəpiyə, yaxud 2 manat 60 qəpiyə.

Lakin 1819-cu ilə aid sənəddən görünür ki Şəki xanlığında maliyyə hesabları gümüş çuluqla yox, mis qəpiklə və bu qəpiklərin 100 misli olan şərti manatla aparılırmış. Məsələn, 320 qəpiyi, 3 manat 20 qəpik kimi yazırdılar. Bundan başqa, xanlığın əhalisi həm də xanın xəzinəsinə çervonla töycü ödəyirdi

 

Xanlığın sikkələrindən nümunə

Sikkəlarin üzərində yazılırdı: "Zərb Noxu" (yəni Noxuda (Nuxada) zərb olunub.

1806-cı ildə ruslar tərəfindən qənimət götürülmış Şəki xanlığının bayraqları

1805-ci ilin mayında Qarabağ və Şəki xanlıqları ilə Rusiya imperiyası arasında imzalanmış Kürəkçay müqavilələrinə görə Şəki xanlığı da Rusiya təbəəliyini qəbul etdi. Lakin bir il sonra Qarabağ xanı İbrahimxəlil xan öz ailəsi, o cümlədən , Şəki xanı Səlim xanın bacısı olan arvadı ilə birlikdə qətlə yetirildikdə, Səlim xan itaətdən çıxaraq, Şəkidə yerləşdirilmiş rus qarnizonunu xanlığın hüdudlarından çıxara bildi 1806-cı il oktyabrın 22-də Nuxa (Şəki) yaxınlığında baş verən həlledici döyüşdə Səlim xanın qoşunu məğlub edildi. Rus general-mayoru Nebolsinin başçılıq etdiyi dəstənin ələ keçirdiyi qənimətlər içərisində xanlığın altı bayrağı da olmuşdur. Onlardan üçü hal-hazırda Azərbaycan Tarixi Muzeyində saxlanılır Bayraqlardan biri vaxtilə Nadir şahın bayrağı olub, lakin Nadir şahdan 100 il əvvəl Hindistanda hazırlanmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR