Slimfit
  1. AZƏRBAYCAN

Şəki Xan Sarayındakı budağın qırılma səbəbi bəlli olub - rəsmi açıqlamalar

Şəki Xan Sarayındakı budağın qırılma səbəbi bəlli olub - rəsmi açıqlamalar
Sakura

Şəki Xan Sarayındakı budağın qırılma səbəbi bəlli olub - rəsmi açıqlamalar

Baş Prokurorluq  hadisə ilə bağlı yeni məlumat yaydı; ekspertlər təxribat ehtimalını yaxın qoymur, qəzanın nəticələri aradan qaldırılır

İyulun 15-də Baş Prokurorluq Şəki Xan Sarayının ərazisindəki ağacın budaqlarının qırılması nəticəsində çoxlu sayda insanın xəsarət alması ilə bağlı yeni məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən “Yeni Müsavat”a  daxil olan məlumatda bildirilir ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayının ərazisində ağacın budaqlarının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 13 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Digər 2 nəfərin Şəki Rayon Mərkəzi Xəstəxanasında, 4 nəfərin isə Bakıdakı Mərkəzi Klinik Xəstəxanada yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması ilə intensiv müalicələri davam etdirilir.

Baş vermiş hadisə ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları, eləcə də aidiyyəti nazirliklərin mütəxəssisləri dərhal həmin ünvana gedərək, ilk növbədə, xəsarət alan şəxsləri təcili-tibbi yardım maşınları ilə xəstəxanaya çatdırıblar. Hadisə yerinə baxış keçirilib, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülüb, mütəxəssislərin ilkin rəyləri alınıb.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, hündürlüyü 34 metr olan Xan çinarın 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda - 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qırıb, nəticədə hər iki budaq insanların üzərinə düşüb.

Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılmasına əlverişsiz hava şəraiti səbəb olub. Belə ki, iyulun 12-də başlayan və sürəti saniyədə 8-12 metr olan küləklə müşayiət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54 faizi miqdarında (32 mm) aramsız yağış yağıb. İlkin müayinələrə əsasən, müəyyən edilib ki, qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək bioloji tədqiqatın keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunub.

şəkidə ağac ile ilgili görsel sonucu

Səbəb yağan mütəmadi yağışlardır

Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının iki budağının qırılaraq yerə düşməsinin ilkin səbəbi məlum olub. Bu barədə “Report”un Şimal-qərb bürosuna Şəki Yuxarı Baş Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva məlumat verib. T.Abdullayeva bildirib ki, ağacın iki budağının qırılıb düşməsinə səbəb son zamanlar mütəmadi yağan leysan xarakterli yağışlar və güclü külək olub: “Son günlər yağan aramsız yağışlar və bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Xan Çinarı ağacının iki böyük budağı qırılaraq yerə düşüb. Hadisə zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb”.

Qoruq direktorunun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Respublika Baş Prokurorluğunun əməkdaşları ərazidə araşdırma aparırlar: “Ağacın 500-ə yaxın yaşı var. Ona görə də iki böyük budağın qırılıb düşməsinin səbəbi araşdırılır. Ağacdan və ərazidən nümünələr götürülüb və laboratoriya şəraitində analizlər aparılır. Təbii ki, əsas səbəblər araşdırmanın yekun rəyindən sonra bilinəcək. Bəlkə ağaca qurd düşüb, bəlkə yaşının çoxluğundan hər hansı çürümə baş verib. Onu biz deyə bilmərik”.

T.Abdullayeva əlavə edib ki, ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də, çardaq hissəsində bir neçə yer zədələnib.

İlham İsmayıl ile ilgili görsel sonucu

İlham İsmayıl: “Təxribat ola bilməz”

“Yeni Müsavat” bu hadisənin təxribat olması, xüsusən də erməni təxribatı olması ilə bağlı ehtimal üzərində də dayanıb. Mümkündürmü? Şəki Xan Sarayının UNESKO-nun siyahısına salınmasından xüsusi təlaş keçirən, buna etiraz edən ermənilərin bu işdə barmağı ola bilərmi? Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, bununla bağlı bir anlıq elə düşünmək olar. Müsahibimiz xatırlatdı ki, ermənilər də Şəki Xan Sarayının UNESKO-nun siyahısına daxil edilməsinə düşməncəsinə yanaşdılar. Amma bu məsələdə təxribat ehtimalı olduqca zəifdir: “Bir gün əvvəl yağış, külək olub. Neçə yaşı olan çinar ağaclarıdır. Nə qədər möhkəm olsalar da, əzəmətli olsalar da, yıxılırlar. Bu işin təxribat olmadığı ortadadır. Təxribat etməyi düşünən adam Şəki Xan Sarayına qədər gəlmişkən, bu təxribatı elə içəridə də edə bilərdi. Tipik təbiət hadisəsinin nəticəsidir. Amma bu hadisədən dərs götürülməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Mədəniyyət Nazirliyi bu sayaq məsələlərdə daha həssas davranmalıdır. Şəki Xan Sarayı elə yerdədir ki, ona ayrıca nəzarət edilməlidir”.

Dünyanın turistik məkanlarında baş verən qəzalar

“Yeni Müsavat” isə xatırladır ki, dünyanın turizm mərkəzlərində, turistlərin axışdığı zonalarda qəzalar zaman-zaman yaşanır. Xüsusən də turistlərə dəyən maddi-fiziki ziyan hər zaman müzakirə mövzusu olur. Sadəcə, bir neçə misal. Bir həftə bundan öncə İndoneziyanın şərqində 7,1 bal gücündə zəlzələ baş verib. Regionda sunami təhlükəsi elan edilib. Təbiət hadisəsi ilə bağlı ətraflı məlumat verilməyib.

şəkidə ağac ile ilgili görsel sonucu

Iyulun 15-də Nepalın şərqi və mərkəzi rayonlarında üç gün davam edən leysan yağışlarından sonra baş vermiş daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb. Nepal polisinin məlumatında 43 nəfərin yaralandığı, 30 adamın isə itkin düşdüyü bildirilir. Polis idarəsinin sözçüsü Rameş Tapa deyib ki, Dhanusa əyalətinin Janak Nandini kəndi Kamal çayının daşması nəticəsində ən çox zərər görən yaşayış məntəqəsi olub. Hakimiyyət orqanları Kulexani Su Elektrik Stansiyasının da bəndini açmağa, buradan ətraf rayonların subasmasına qarşı tədbirlər görməyə çalışırlar. Bəndin yaxınlığındakı yaşayış məntəqələrinin sakinləri isə təxliyə edilib.

Nepalın Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi bildirib ki, fəlakət zonasında insanların xilas edilməsi üçün helikopterlərdən də istifadə olunur. Məlumatda diqqətə çatdırılır ki, Nepalda hər il daşqınlar və torpaq sürüşmələri nəticəsində yüzlərlə insan həyatını itirir.

Bir neçə gün öncə Nyu-Yorkda təxminən 70 min insanın işıqsız qalmasına səbəb olan qəza baş verib. Problem artıq aradan qaldırılıb və elektrik enerjisinin verilməsi tam bərpa edilib. Bunu jurnalitlərə açıqlamasında ABŞ-ın “Con Edison” enerji şirkətinin rəhbəri Con Jakevoy deyib. Onun sözlərinə görə, elektrik enerjisinin verilməsində yaranan fasilə elektrik yarımstansiyasında baş vermiş qəzaya görə olub.

Qeyd edək ki, yarımstansiyalardan birində baş vermiş qəza nəticəsində Nyu Yorkda 70 min insan işıqsız qalıb, Manhetten və Yuxarı İst-Sayd bölgəsinin elit rayonlarında işıqforlar, liftlər, işıq dirəkləri və s. işləməyib. Şəhərin mərkəzində transformatorda partlayış olub, nəticədə minlərlə insan işıqsız qalıb.

Bu ilin iyun ayının 6-da İtaliyanın məşhur turizm şəhəri sayılan Venesiyada nəhəng kruvaziyer gəmisi içində turistlərin olduğu balaca bir gəmi ilə toqquşub. Toqquşma nəticəsində azı 5 nəfər xəsarət alıb. Qəzaya səbəb kruvaziyer gəmisinin motorunda yaranan nasazlıq olub.

Ötən ay Antalyaya istirahət üçün gələn turist avtobusu böyük bir qəzaya səbəb olub. Qəza nəticəsində 1 nəfər turist ölüb, bir neçə nəfərsə yaralanıb.  Bütün bunlar, sadəcə, son bir neçə ayın qəza statistikalarındandır. Amma fakt budur ki, istər Eyfel qülləsində, istər Londonun turistik məkanlarında, istərsə uzaq Hindistanda turistlər belə qəzalarla tez-tez qarşılaşırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR