Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da çıxış edəcək
Avqustun 11-dən 15-dək Sent-Luis şahmat klubunda dünyanın aparıcı şahmatçılarının iştirakı ilə “Grand Chess Tour” turnirinin rapid və blits yarışları üzrə üçüncü mərhələsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışlarda ənənəvi “Biel International Chess Festival”ın baş turnirinin qalibi azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək.
Turnirdə həmyerlimizlə yanaşı, amerikalılar Fabiano Karuana, Uesli So, Hikaru Nakamura, Lenyer Dominqes, fransız Maksim Vaşye-Laqrav, rusiyalılar Sergey Karyakin, Aleksandr Qrişşuk, erməni Levon Aronyan və hindistanlı Vişvanatan Anand mübarizəyə qoşulacaqlar.
Rapiddə hər qələbə 2 xal, heç-heçə 1 xal dəyərləndirilir. Blitsdə isə qələbə 1 xal, heç-heçə 0,5 xal hesablanır.
Vaxta nəzarət: rapiddə - 25 dəqiqə üstəgəl hər gediş üçün 10 saniyə, blitsdə - 5 dəqiqə üstəgəl hər gediş üçün 3 saniyə. Oyunlar avqustun 11-13-də rapid, avqustun 14 və 15-də isə blits üzrə keçiriləcək.
“Grand Chess Tour”un üçüncü mərhələsinin ümumi mükafat fondu 150 min ABŞ dolları təşkil edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət