Şəhid anası: "İstədiyi qız var idi, elçi gedəcəkdik"
Baku TV Vətən müharibəsi şəhidi Fərhad Babayev haqqında reportaj hazırlayıb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri olan Fərhad Məhərrəm oğlu Babayev 24 oktyabr 2020-ci il tarixində Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.
O, ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin anası Səmayə Babayeva bildirib ki, general-mayor Polad Həşimovun şəhid olması oğluna çox təsir edib:
"Fərhad Polad Həşimovun dəfnində iştirak etmişdi. Evə gələndə dedi ki, "Ana, şəhidlik çox yüksək zirvə imiş". O vaxt oğlumda çox dəyişiklik gördüm. O qədər təsirlənmişdi ki, dəfndən sonra könüllü hərbi xidmətə yazıldı".
Səmayə Babayeva Fərhadın şəhid olduğu gündən bəhs edib.
"Oktyabrın 23-də zəng edəndə dedi ki, "Ana, mənə halallıq ver". Dedim "Sənə qurban olum, hər şey sənə halaldır". Səhəri gün namaz qılanda sözləri qarışdırırdım, özümü toparlaya bilmirdim. Nəvəm gəlib dedi ki, "Nənə, nəsə şəhid söhbəti edirlər". Elə bildim ki, məni ildırım vurdu. Həmin vaxt özümü balkondan atmaq istədim. Aşağıda bir qadın dedi ki, "Yaralıdır. Helikopterlə hospitala aparırlar". Özümü itirmişdim, bilmirdim ki, nə edim".
Şəhid anası oğlunun Siyəzən rayonunda dəfn olunmasını Fərhadın atasının istədiyini qeyd edib:
"Yoldaşıma yalvardım ki, Fərhad Şəhidlər Xiyabanında dəfn edilsin, çünki tez-tez məzarını ziyarət etməliyəm. Dedi ki, Siyəzəndə atamın məzarının yanında dəfn edəcəyəm və biz də hər həftə ora gedəcəyik. Dörd ildir ki, hər həftənin 6-cı günü, ya da istirahət günləri onun yanındayıq".
S.Babayeva oğlu ilə daim qürur duyduğunu deyib:
"İşdə, küçədə, hər yerdə ona hörmət edirdilər. Öz yolunu tapdığı üçün oğlumla qürur duyurdum. Fərhad şəhid olandan sonra bütün çətin anlarımda mənə dayaq olduğunu hiss edirəm".
Daha ətraflı reportajda:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət