Səfirlik Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin valideynlərini narahat olmamağa çağırıb
“Türkiyənin Malatya ve Elazığ şəhərlərində 500-dən çox azərbaycanlı tələbə təhsil alır. Tətil olduğu üçün onlardan bir çoxu Azərbaycana gedib”.
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibova deyib.
Onun sözlərinə görə, həmin tələbələrin müəyyən hissəsi hazırda imtahanlarla əlaqədar olaraq Türkiyədədirlər: “Ölkədə bir həftəlik fövqəladə vəziyyət elan olunduğu üçün aidiyyati qurumlar tərəfindən onların bölgədən uzaqlaşdırılması ilə bağlı danışıqlar aparılır”.
Azərbaycanın Türkiyədəki Səfirliyi Malatya ve Elazığ şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin valideynlərini narahat olmamağa çağırıb:
"Biz bilirik ki, həmin tələbələrin valideyinləri narahatdır. Ancaq onlara demək istəyirik ki, azərbaycanlı tələbələr arasında xəsarət alan və ya ölən yoxdur. Universitətlərlə sıx əlaqədəyəm. Burada imtahanları olan tələbələri mövcud vəziyyətə görə Azərbaycana göndərə və ya bölgədən müvəqqəti uzaqlaşdıra bilərik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət