Seçki prosesində bu qanun pozuntuları olarsa... - Hüquqşünasdan açıqlama
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas İlkin Ağazadə seçki prosesində baş verə biləcək mənfi halların Cinayət Məcəlləsi ilə necə tənzimləndiyini açıqlayıb.
“Qafqazinfo” hüquqşünasın çıxışını təqdim edir:
“Seçki prosesində vətandaşlar, dairə və məntəqə seçki komissiyasının sədri və üzvləri, məşvərətçilər, müşahidəçilər digər istənilən şəxslər tərəfindən yol verilən qanun pozuntuları Azərbaycan Respublikası Konstitusiyası, Cinayət məcəlləsi, Seçki məcəlləsi və digər qanunvericilik aktları ilə tənzimlənir və müvafiq olaraq məsuliyyətə səbəb olur.
Vətəndaşlar seçki prosesində bəzən yol verdikləri qanunazidd əməllərin məsuliyyətini bilmirlər. İstərdim, hər kəsin adi qəbul etdiyi bu məsələlərlə bağlı qısa bir məlumat verim.
Cinayət Məcəlləsinin 159.1 – ci maddəsinə əsasən vətəndaşın seçki hüququnun həyata keçirilməsinə mane olmaq, məsələn hər-hansı şəxsi qanunsuz olaraq seçkiyə buraxmamaq 6 aya qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə gətirib çıxara bilər.
Cinayət Məcəlləsinin 159.3 - cü maddəsinə əsasən, vətəndaşın iradəsinin ziddinə səsverməyə məcbur etmə və ya onun səsvermə hüququndan istifadə etməsinə mane olma 2 ilə qədər azadlıqdan məhrumetmə cəzasıyla cəzalandırıla bilər. Buna misal olaraq, hər hansı idarə rəhbərinin, məktəb direktorunun və s. rəhbər şəxslərin öz işçisini hər hansı bir şəxsə səsverməyə məcbur etmə və yaxud onun hər hansısa bir şəxsə səsverməsinə mane olma 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.
Cinayət Məcəlləsinin 159-1.3 - cü maddəsinə əsasən başqa şəxsin yerinə səs verməyə şərait yaratma, məsəslən məntəqə sədrinin hər hansı bir şəxsi digər şəxsin yerinə imza etməklə seçkiyə buraxılması halında 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər.
Eyni məcəllənin 160-cı maddəsinə əsasən, seçki komissiyasının işinə müdaxilə etmə və ya hər hansısa bir qanunsuz təsir göstərmək 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Bəzən mətbuatda və digər kütləvi informasiya vasitələrində bu kimi hallarla bağlı məlumatlar yayılır. Bu hallara yol verilməsi yuxarıda qeyd etdiyimiz kimi, 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət