Səadət Hacıyeva - Fırım tutub
Çox zəhmətkeş, çalışqan bir kişi olur. Arvadı isə onun tərsi, tənbəlin biri olur. Kənddə bütün kişilər arvadlarının toxuduğu naxışlı corab geyərdilər. Bu kişi də bir gün arvadına deyir:
– Mənə bir cüt corab toxusan dünya dağılmaz ki?
Arvadı deyir:
– Niyə hirslənirsən, a kişi? Baş üstə, toxuyaram, niyə toxumuram ki?
Arvad başlayır yun yumağa. Kişi görür ki, arvadı bir cüt corabın yununu bir aya yuyub, qurudub, diddi. Sonra daraq qoyub bir aya da daradı. Cəhrə gətirib əyirməyə başladı. Beləcə qış gəlib keçdi, yaz gəldi. Arvad yumaqları xəlbirin içində yükün üstünə qoydu.
– Toxuyaram, qaçacaq deyil ki, – dedi.
Yaz keçdi, payız gəldi. Yağışlar başladı. Kənd əhli ermənilərin bir-bir kəndlərə hücum elədiyini eşidib köçüb-qaçmaq məcburiyyətində qaldılar. Bu kişi də əlinə keçəndən arabaya yükləyib köçə qoşuldu. Araba daşa-daşa azan çayın ortasına çatanda arvad qışqırdı:
– A kişi, düş, arabanı saxla, sənə corab toxuyacam.
Kişi dedi:
– Arvad, dəli olubsan, nədi? Bu qaçaqaçda corabın hayıdı?
Arvad dedi:
– A kişi, fırım tutub, indi toxuyacam, sonra məndən corab-zad istəmə ha...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət