Saz
Saz – təzənə (mizrab) ilə çalınan simli çalğı aləti. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır.
Söz açımı
"Saz" sözü farsca iki anlama gəlir: ساز 1. düzən, makina, 2. çalğı, musiqi aləti < Fa sāχtan, sāz- ساختن, ساز etmək, yapmaq, qayırmaq → saxta Orta Çağlarda "saz" sözünü ümumiyyətlə "musiqi aləti" mənasında istifadə edirdilər. Sözün bu anlamı indiyədək Türkiyə türkcəsində qalıb.
Tarixçə
Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır.
Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətai nin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir:
Bu gün ələ almaz oldum mən sazım,
Ərşə dirək-dirək çıxar mənim avazım.
Dörd iş vardır hər qarındaşa lazım:
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.
Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur:
- Qopuz ən qədim simli çalğı alətlərindən biridir. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Qopuzun iki növü daha geniş istifadə olunmuşdur:
-
- ikisimli qıl qopuz (və ya ikilıq) kamanla çalınırdı, Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və hazırda istifadə edilməkdədir.
-
- üçsimli qolça qopuz çağdaş sazın sələfi sayılır.
- Çoğur. Əli Rza Yalçının "Cənubda türkmən çağları" əsərində çoğurun 9 teli, 15 pərdəsi və gözəl səs tembri olmasından söz açılır.Ancaq çoğurun başqa növləri Qafqazda, eləcə də İraq türkmanları arasında dövrümüzə qədər gəlib çatmışdır. Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid çoğur musiqi aləti üç qoşa simdən və 22 pərdədən ibarətdir. Alətin çanağı tut ağacından yığma üsulu ilə hazırlanır. Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid çoğur musiqi aləti üç qoşa simdən və 22 pərdədən ibarətdir. Alətin çanağı tut ağacından yığma üsulu ilə hazırlanır.
Qopuzun diapazonu böyük oktavanın "si" səsindən birinci oktavanın "lya" səsinə kimidir. Çoğurun səs düzümü kiçik oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə kimidir. Sazın diapazonu birinci oktavanın "do" səsindən ikinci oktavanın "sol" səsinə qədərdir.
Saz başqa xalqlarda
Türkiyə türkləri saza "bağlama", farslar - "çoğur", ləzgilər "çunğur", yunanlar isə "buzuki" deyirlər. Türkiyə bağlaması yedditelli sazdır, çoğurun qolu sazınkından daha qısa olur. "Buzuki" sözü yunan dilinə türkcədən gəlib, "bozuk bağlama" ifadəsindən əmələ gəlib. Buzukinin 3-4 cüt telləri olur, gitara və sazın qarışığıdır.
Növləri
Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlükləri ilə seçilir.
Sazlar ölçülərinə, pərdələrin və simlərin sayına görə üç yerə bölünür:
- Cürə saz: 4-6 simi olur, ölçülərinə görə ən kiçik sazdır
- Qoltuq saz: 6-7 simi olur, ölçülərinə görə orta sazdır
- Ana saz: 8-9 simi olur, , ölçülərinə görə ən iri sazdır
-
- Tavar saz (meydan sazı)
Xalq çalğı alətləri orkestrində sazdan adətən qoltuq və ya cürə sazdan solo alət kimi istifadə olunur.
Elektrosaz (elektrobağlama) - 1960´ların sonuna doğru, bağlamanın səsini daha çox duyurmaq ve Anadolu roku musiqisində kullanmaq üçün Erkin Koray və Orxan Gəncəbay tərəfindən istifadə olunmağa başlandı. Sazın quruluşu qorunaraq içinə elektrogitara maqnitləri yerləştirildi.
Quruluşu
Saz aləti əsas üç hissədən ibarətdir:
- Kəllə
- Qol
- Çanaq
Sazın çanağı tut ağacının seçmə növlərinin oduncağını ovmaqla, qolu isə qoz ağacından hazırlanır. Saz, əsasən, gilas ya gilənar ağacının qabığından hazırlanmış təzənə (mizrab) ilə səsləndirilir [8]. Çox hallarda alətin qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir. Əsas saz hesab edilən tavar sazın ümumi uzunluğu 1,200 mm, çanağının dərinliyi 200 mm olur.
Çanaq bütöv üç hissədən və qabırğa adlanan doqquz yan və arxa hissədən ibarətdir. Bu "qabırğa"lar qol ilə çanağı birləşdirən "küp" adlı kiçik hissənin üzərində yığılır və sonra qol əlavə edilir. Çanağın üstü nazik taxta üzlüklə örtülür və qoluna 16-17 pərdə bağlanılır. Bir vaxtlar simlər yüksək keyfiyyətli poladdan hazırlanıb, gümüş suyuna salınarmış. Onlar heç zaman paslanmaz və çox az halda qırılarmış. Çanağın üz hissəsi sinə adlanır. Sinə üzərində üç dəlik yerləşir. Bu dəliklər səsləri gücləndirmək məqsədi daşıyr və rezonator rolunu oynayır. Sazın qol hissəsi çanaq hissəyə beçə hissə vasitəsilə birləşir.
Sazın qolunun kəllə hissəsinin üzərində 8-9 aşıx (– simli musiqi alətlərin kəlləsində simlərin sarıldığı zivana (balaca paya, qulaq ) vardır. Kəllə ilə qolun arasında kiçik xərək (qol xərəyi), çanağın üzərində, «sinə»nin üstündə böyük xərək yerləşir. Çanağın üzərində, sinənin alt tərəfində isə alt xərək yerləşir. Alt xərəyi aşıqlar daraq da adlandırırlar.
Qolun üzərində müəyyən məsafədə yerləşən, bir-birinə bərabər olmayan, 18–26 sayda pərdə yerləşir. Pərdələr keçmiş zamanlarda bağırsaqlardan, hal-hazırda isə kapron iplikdən düzəldilir. Pərdələrin ənənəvi adları
Pərdənin adı | Oktava |
---|---|
O – boş və ya acıq sim (alt sim) | (Do1) |
I pərdə - yarım pərdə (xaric pərdə) | (Re bemol 1) |
II pərdə - Baş pərdə (baş divani, baş müxəmməs pərdəsi) | (Re 1) |
III pərdə – Gül pərdə (re diyezdən yuxarı, mi bemoldan aşağı səslənir) | (Re 1) |
IV pərdə – orta pərdə (təcnis, urfani pərdəsi) | (Mi bemol 1) |
V pərdə – Misri pərdəsi (yarım pərdə) | (Mi 1) |
VI pərdə – Şah pərdə | (Fa 1) |
VII pərdə – yarım pərdə | (Sol bemol 1) |
VIII pərdə – divani pərdəsi (cuxuru pərdə) | (Sol 1) |
IX pərdə – Coban bayatı pərdəsi | (Lya bemol 1) |
X pərdə - Bəhməni pərdəsi (yarım pərdə) | (Lya 1) |
XI pərdə – Koroğlu pərdəsi | (Si bemol 1) |
XII pərdə – yarım pərdə | (Sİ 1) |
XIII pərdə – becə pərdə | (Do 2) |
XIV pərdə – yarım pərdə | (Re bemol 2) |
XV pərdə – baş pərdənin zili | (Re 2) |
XVI pərdə – orta pərdənin zili | (Mi bemol 2) |
XVII pərdə – sinənin yarım pərdəsi | (Mi 2) |
XVIII pərdə – sinənin şah pərdəsi | (Fa 2) |
XIX pərdə – sinənin yarım pərdəsi | (Sol bemol 2) |
XX pərdə – axırıncı pərdə (son pərdə) | (Sol 2) |
Sazın qol və sinəsi üzərində aşıqlardan başlayaraq alt xərəyə (darağa) qədər səkkiz və yaxud doqquz sim (tel) yerləşir. Aşıqların vəzifəsi simlərin kökünü eyni səs yüksəkliyində saxlamaqdan ibarətdir.
Əksər hallarda Azərbaycan aşıqları səkkiz və yaxud doqquz simli sazdan istifadə edirlər. Simlər çanaq üzərində vəziyyətinə görə üç qrupa bölünür:
- Alt simlər: saz havalarının melodiyası bu simlərdə çalındığı üçün onlara «Barmaq simlər» və yaxud «Zil simlər» deyilir. Bu simlərin kökü dəyişməzdir.
- Orta simlər: müvafiq aşıq havasına uyğun olaraq bu simlərdə kök, yəni səs yüksəkliyi dəyişir. Buna görə də bu simlərə «Köklənən simlər» və yaxud «Bəm simlər» deyirlir.
- Üst simlər: Bu simlərin kökləri yəni səs yüksəkliyi dəyişməz qalır. Səslənmə funksiyasına görə bu simlərə «Dəm simlər» deyilir.
İfa tərzi
Türk xalqlarının sazları bir birindən ciddi fərqlənmir. Əsas fərq ifa tərzindədir: barmaq ya təzənə (mizrab) ilə. İranın Türkmənistana yaxın bölgələrində sazı, dutar kimi, barmaqla çalırlar. Digər bölgələrdə - təzənə ilə. Türkiyə türkcəsində sazın barmaqla çalmaq texnikasına "şelpe" yaxud "dövme" deyirlər.
Aşıq melodiyaları əsasında klassik musiqi əsərləri
- Üzeyir Hacıbəyov - skripka, violonçel və fortepiano üçün "Aşıqsayağı" (1931)
- Üzeyir Hacıbəyov - Koroğlu (opera)
- Fikrət Əmirov - fleyta (qoboy yaxud klarnet) ilə fortepiano üçün "Aşıqsayağı"
- Aqşin Əlizadə - kamera orkestr və V simfoniya üçün "Aşıqsayağı" əsəri
- Cahangir Cahangirov - "Aşıq Alı" kantatası
- Qara Qarayev - "Aşıqsayağı" simfonik transkripsiyası (1964)
- Rəşid Əfəndiyev - aşıq melodiyaları əsasında saz, fortepiano və zərb alətləri üçün "Pyeslər"
- Rəşid Şəfəq - saz, solist və uşaq xoru üçün "Aşıq Alı baba" mahnıları
- Aydın Əzimov - saz, tar və ud üçün "Ozanların səsi" vokal çarxlar
- Sevda İbrahimova - "Şəhidlər" kantatası
- Elnarə Dadaşova - saz və xor üçün "Mərdliyinizə eşq olsun" himni .
Filmoqrafiya
- Aşıq Ələsgər (film, 1972)
- Abbas və Gülgəz. Birinci gecə (film, 2000)
- Dədə Şəmşir (film, 2002)
- Aşıq Pənah (film, 2007)
- Saz haqqı (film, 2007)
- Tanrı payım, telli sazım (film, 2007)
- Ustad nəfəsi. Aşıq İsfəndiyar (film, 2007)
- El yolunda. Aşıq Şakir (film, 2008)
- Nəyim varsa sazımdadır (film, 2008)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət