Saxta gömrük polkovnikinə hökm oxundu: 86 min manata vəzifəyə “təyin edirmiş”...
Özünü Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi kimi göstərib, xeyli sayda insanı işə düzəltmək adı ilə aldadan şəxsə hökm oxunub.
Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1996-cı ildə Qəbələ rayonunda anadan olmuş, ali təhsilli Zaməddin Hüseynov (soyad şərti) insanlara qarşı dələduzluğu metronun “28 May” stansiyası yaxınlığında yerləşən mağazadan 110 manata aldığı Dövlət Gömrük Komitəsinin əməkdaşının geyim forması ilə törədib.
Təqsirləndirilən şəxs qurumun polkovnik rütbəsində rəsmi geyim formasını geyinərək zərərçəkmişləri inandırmağı bacarıb. Belə ki, Zaməddin sözügedən geyimdə zərərçəkmiş şəxslərə özünü Dövlət Gömrük Komitəsinin kadrlar idarəsinin və İstintaq Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək, ümumilikdə onların 200 min manata yaxın vəsaitini mənimsəyib.
Vüsal adlı şəxsdən 3 300 manat, Rüstəmdən 23 400 manat, Vüqardan 86 000 manat, Etimaddan 17 825 manat, Emindən 10 min manat, Rövşəndən 11 000 manat, Cəlaldan 6 000 manat, Alıdan 4 000 manat pulu onları və ya qohumlarını Dövlət Gömrük Komitəsinə müxtəlif vəzifələrə düzəltmək adı ilə aldadaraq alıb.
O, zərərçəkmiş şəxslərlə görüşə hər dəfə icarə götürdüyü bahalı “Range Rover” və digər markalı avtomobillərlə gedib. Məqsədi mağazadan aldığı geyimlə və bahalı avtomobillərlə ciddi adam görüntüsünü yaratmaq olub.
Zaməddin məhkəmədə ifadəsində bildirib ki, 2021-2022-ci illər ərzində bu cinayətləri tək törədib və əməlindən peşmandır. O, Dövlət Gömrük Komitəsində işləməyib, özünü komitənin işçisi kimi təqdim edib və qeyd edilən şəxsləri işə düzəltmək adı ilə pullarını ələ keçirib.
Məhkəmənin qərarı ilə Zaməddin Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət