Slimfit
  1. MARAQLI

Şaxnoviç: Sovet İttifaqı Qəhrəmanı və Bakının ən məşhur mağaza müdiri

Şaxnoviç: Sovet İttifaqı Qəhrəmanı və Bakının ən məşhur mağaza müdiri
Sakura

Şaxnoviç: Sovet İttifaqı Qəhrəmanı və Bakının ən məşhur mağaza müdiri

Bakı böyüyür və inkişaf edir. Yeni meydanlar və parklar salınır. Küçələrin və obyektlərin adları dəyişir. Bu, normal, ancaq bir sıra hallarda bakılıların bəyənmədiyi bir prosesdir.

Əslində, elə bakılılar da başqa olublar.

Ancaq Bakıda spesifik olan müəyyən yerlər var ki, rəsmi olaraq fərqli şəkildə adlandırılsalar da, hər kəs oranı başqa cür, sırf şəhərdə məşhur olan adı ilə tanıyırdı.

Ən bariz nümunə, sənədlərdə "Marinski bağçası", "9 Yanvar Bağı", "Aşum Əliyev bağı" olaraq keçən, indi isə rəsmən "Xaqani bağı" adlandırılan yerdir ki, xalq arasında "Molokan bağı" kimi tanınır.

Və ya məsələn, "Torqovı". Bu küçə yalnız xəritələrdə ilk dəfə belə yazılmışdı. Yenidən qurulmağa başlayan kimi 1879-cu ildə adı dəyişdirildi, lakin Bakı əhalisi üçün bura indi də "torqovı" olaraq qalır.

Bu, bir əsr deyil, daha uzun müddətə nəsildən-nəslə ötürülən xalq yaddaşıdır. Molokan bağının yerində nə vaxtsa molokan qəsəbəsi var idi və Torqovı olan yerdə isə, 150 il əvvəl ticarət cərgələri yerləşirdi.

Şaxnoviçin mağazası

Əlbəttə ki, Şaxnoviçin mağazası yuxarıda qeyd etdiyimiz önəmli nümunələrdən çox uzaqdır. Ancaq o, həm də ona görə dəyərlidir ki, onu yalnız köhnə Bakı camaatı- "inkişaf etmiş sosializm" dövrünün keçmiş nəsli xatırlayır.

Ad itirildikdə, təəssüflənməmək olmur. Axı, şəhərə kolorit verən məhz bu "xüsusi" adlardır. Onun hekayəsi şəhər haqqında hər hansı bələdçi və ya dərslik kitabından daha yaxşı danışır.

Şaxnoviç kimdir və onun mağazası nə ilə tanınır?

Bu gün vaxtilə böyük qastronom bir neçə mağazaya bölünüb. Ancaq bakılılar buraya yaxın yerə görüş təyin etdikdə, "Şaxnoviçin mağazasının yaxınlığında" deyərlər.

Bir qədər əvvələ qayıdım

Kiçik yaşlarımda valideynlərimlə birlikdə Şaxnoviçin mağazasından bir məhəllə aralıda olan Torqovıdakı kommunal bir evdə yaşayırdım. Buna görə də tez-tez həmin mağazanın yanından keçirdim (yaxınlıqda heyvan mağazası var idi, oraya balıq və dağ siçanlarını izləmək üçün qaçırdım).

Şaxnoviçin mağazasının girişinin qarşısında ordenli pencəkdə bir kişi oturardı. O, hamıyla mehriban salamlaşırdı və mən nədənsə onu malyükləyən hesab edirdim.

O zaman Bakıda işçilərdə belə vərdiş vardı, bir stul çıxarıb mağazanın qarşısında oturub yeni tapşırıqlar gözləyirdilər. Sonra kömək lazım olduqda, satıcılardan biri salon boyu qışqırırdı: "Əhməd / Alyoşa !!". Həmin işçi də söz yox ki, eşitməzdi. Bir də görürdün, mağazadan çıxan bir yaşlı qadın "Oğul, səni çağırırlar" deyənə qədər bu çox uzun müddət davam edə bilirdi. Bundan sonra bakılıların "Eeeee ..." -si eşidilir və malyükləyən yerlilərə xas məşhur tənbəl yerişiylə mağazaya girirdi.

Sonra Torqovıdakı bütün dükanları sahiblərinin inqilabdan əvvəlki adları ilə deyən nənəmlə yaşamağa başladıqda Şaxnoviçin də imperiya dövrünün tacirlərindən biri olduğunu düşündüm.

Bu isə sonralar oldu, 13-14 yaşım vardı və artıq valideynlərimlə birlikdə yeni mənzildə yaşamağa başlamışdım. "Malyükləyənin" yanından keçməli idim. O, gözlənilmədən məni yanına çağırdı və əvvəllər dükanın yanından qaçan o uşaq olduğumu soruşmağa başladı (həqiqətən heyvan mağazasına qaçaraq gedirdim, çünki bunu valideynlərimdən gizlədirdim).

Bu bir şok idi. 14 yaşlı yeniyetməni 6 yaşlı bir uşaq olduğu vaxtdan, özü də yaxınlıqdan da deyil, bir qədər aralıdan qaçan tamamilə yad bir adamı tanımaq ...

Mişa əmiylə, Mixail Davidoviç və ya Moisey Davidoviç Şaxnoviçlə - əfsanəvi Bakı mağaza müdiri və əsl Sovet İttifaqı Qəhrəmanı ilə bu cür tanış oldum.

Moisey Davidoviç Şaxnoviç (1918-1982)

Moisey Şaxnoviç, Ukrayna yəhudilərindən olan fəhlə ailəsindən anadan olmuşdu. Tüxnikumu bitirib, şəkər zavodunda işləmişdi. 20 yaşında ikən orduya getmişdi.

1938-ci ildir, dünya narahatdır, ona görə də fəhlə ailəsindən olan fiziki cəhətdən güclü oğlan Bakı Hərbi Piyada Məktəbinə oxumağa göndərilir.

Xmelnitski vilayətinin Starokonstantinov adlı kiçik bir şəhərciyindən olan oğlan üçün Bakı yeni, nəhəng bir dünyadır. Üstəlik, qəribə də olsa, burada yəhudilərə tamamilə neytral münasibət bəslənilir.

Lakin Şaxnoviç "kiçik leytenant" rütbəsi ilə məzun olmaqdan əvvəl müharibə başlayır. 1941-ci ilin noyabrında o, artıq cəbhədə idi.

Müharibədə

Mən Şaxnoviçin müharibədəki igidliklərinə toxunmayacağam, İnternetdə bu barədə ətraflı oxuya bilərsiniz. Dörd dəfə yaralandığını və yalnız 1946-cı ildə (sağlamlığına görə) tərxis edildiyini söyləmək kifayətdir. Ancaq Qəhrəman ulduzu alması haqqında danışacağam.

Hospitalda (Şaxnoviç solda)

1943-cü ilin payızı idi. İkinci Dünya müharibəsinin ən ağır qarşıdurmalarından biri - Dnepr uğrunda döyüş - Ukraynada bir sıra hücum əməliyyatları.

Sovet qoşunları hitlerçilərin güclü müdafiə hissəsinin yerləşdiyi Melitopla çatdı. Melitopol əməliyyatı başladı.

5 gün ərzində ağır itkilər verən qoşunlar cəmi 2-10 km məsafəyədək düşmənin müdafiəsini yara bildilər. 30 sentyabrdan 9 oktyabradək hücum müvəqqəti olaraq dayandırıldı. 

Hücumu 28-ci Ordu hücumu aparırdı və Stavka 51-ci Ordunun bölmələrini də buraya atmaq qərarına gəlir. Kapitan rütbəsi ilə, batareyanın komandiri olan Moisey Şaxnoviç də onun tərkibindədir.

Aydın olur ki, Sovet qoşunlarının heç cür güclənə bilmədiyi cəbhə bölgəsinin bu sahəsində hücumları Moloçnaya çayı tormozlayır. Əks tərəfdə möhkəmlənmək üçün edilən yeddi cəhd artıq dəf edilib.

Şaxnoviç, tabeliyindəki 20 nəfərlə birlikdə körpünün yuxarı hissəsini ələ keçirmək üçün növbəti əməliyyata çağırılır. Ümumilikdə, 100-ə yaxın insan iştirak edir.

Gecənin qaranlıq vaxtı güclü atəş altında yalnız onun rəhbərlık etdiyi qrup qarşı sahilə keçməyi bacarır. Ancaq onların qarşısında başlarını qaldırmağa imkan verməyən möhkəmləndirilmiş pulemyot nöqtəsi var. Keçdikləri zaman qumbaraları itirmələri vəziyyəti daha da ağırlaşdırır. Kçik qrupa diqqəti cəlb etmək də olmaz.

Ön xətdə

Və belədə Moisey Şaxnoviç istehkamçı beli ilə qabağa gedir. Ona nəzərə çarpmadan düz atəş xəttinə soxulmaq və iki hitlerçini əlbəyaxa döyüşdə məhv etmək müyəssər olur. 

Sovet İttifaqı Qəhrəmanı adına təqdimatdan:

18 oktyabrda, yoldaş Şaxnoviç, özünü qurban vermək həddində igidlik göstərdi. Düşmənin pulemyot nöqtəsi atıcılara baş qaldırmağa imkan vermirdi. Şaxnoviç irəli atılaraq pulemyotçunu bellə məhv etdi. Qeyri-adi və ən yüksək dərəcədə qəhrəmanlıqla əlaqəli fəaliyyətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiqdir.

Sonradan silahlar daşınanda Şaxnoviçin tabeliyindəki şəxslər daha bir neçə dəfə fərqləndilər.

Tezliklə Melitopol müdafiə düyünü alındı.

Melitopol əməliyyatının bitməsindən bir həftə sonra, 30 oktyabrda mükafatlar təqdim olundu. Bir neçə yüz min döyüşçüdən yalnız beşi Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Onlardan üçü həmin iyirmilikdən idi: batareya komandiri kapitan Şaxnoviç Moisey Davidoviç, silah komandiri Abızov və tuşlayıcı Xaylo Vasiliy.

Müharibədən sonra

1946-cı ildə ehtiyata buraxılan Şaxnoviç, anası, bacısı və kiçik qardaşının qaldığı Starokonstantinovaya qayıdır.

Hələ qatarda ikən o, şəhərcikdəki bütün yəhudilərin güllələndiyini öyrənir, amma öz gözü ilə gördükləri onu qəlbinin dərinliklərinədək yaralayır - yəhudi ailələrinin dəfn olunduğu kütləvi məzarlığın yeri belə qeyd edilməmişdi. Sanki onlar mövcud olmamışdılar. Sadəcə, şəhərin kənarında ona artıq otla örtülmüş, yatmış torpaq sahəsi göstərirlər.

Şaxnoviçlər (müharibədən əvvəlki şəkil): Moisey (ortada) valideynləri, kiçik qardaşı Arkadiy və bacısı Raxel ilə

Bundan əlavə, yəhudilərin bütün evləri, həmçinin onlarınkı da artıq tutulub.

Nəsə aydınlaşdırmaq və ya düzəltmək cəhdi, boş divara dəyir. "İnsan (xalq) yoxdur, problemlər də yoxdur", — Stalinin tezisi, o zaman bütün səviyyələrdə işləyirdi.

Bundan sonra, ukraynalı yəhudi Moisey Şaxnoviç, yəhudilərin qədimdən sülh və əmin-amanlıq şəraitində yaşadıqları yerə - Azərbaycana getməyə qərar verir.

Uzun illərdən sonra Şaxnoviç yenidən doğulduğu şəhərə baş çəkəcək. Ona mükafat olaraq verilmiş silahla və tam paradla gələcək və kiçik bir abidənin inşasına (bəlkə də öz vəsaiti hesabına) nail olacaqdır. Onun üzərində yazılacaq: "Burada faşistlər tərəfindən vəhşicəsinə işgəncə verilən 5200 yəhudi vətəndaşının külü uyuyur ...".

Bu abidə indi də durur:

faşistlər tərəfindən güllələnmiş yəhudilərin kütləvi məzarlığı üzərindəki abidə (Starokonstantinov şəhəri yaxınlığında)

Bakıda

Bakıda yəhudi icması həmişə güclü olub. Burada yəhudilərə yaxşı münasibət bəslənib və onlar da eyni cür cavab veriblər. Şəhəri izzətləndirən bir çox məşhur bakılı milliyətcə yəhudi olub . Landau və Rastropoviçdən tutmuş - Azərbaycanın milli qəhrəmanı Albert Aqarunova qədər.

Buna görə də Bakıya gələn 28 yaşlı Şaxnoviç tək deyildi. Üstəlik, Qəhrəman kimi ona yerli hakimiyyət tərəfindən hər cür şərait yaradıldı.

Təsərrüfat sahəsində sürətlə irəliləməyə başladı.

Stalinin ölümündən sonra Şaxnoviç 1958-ci ildə bitirdiyi Moskva Xalq Təsərrüfatı İnstitutuna daxil oldu. Daha sonra qastronomun müdiri olur.

Tezliklə, artıq bütün Bakı bu mağaza haqqında bilir. Burada defisit deyilən mallar açıq şəkildə satılır. Sadə insanlar bir çox məhsulu ilk dəfə idi görürdülər. Şərab və araq şöbəsi müxtəlifliyi ilə diqqəti çəkirdi.

Əgər Bakıda kimsə ziyafət təşkil edirdi və defisit olan məhsulu tapa bilmirdisə, onun getdiyi ilk yer Şaxnoviçin mağazası idi.

Heydər Əliyev və Moisey Şaxnoviç

Bunun sirri yalnız onda deyildi ki, Moisey Davidoviç əlaltından satma təcrübəsindən imtina edirdi. Mişa əmiyə həmişə xahişlə müraciət etmək olardı, xüsusən də hansısa xüsusi bir hadisə (hüzr mərasimi və ya toy) olsaydı. Praktik olaraq üstünə çox kiçik bir məbləğ qoymaqla satmaqdan imtina etməzdi (bunu satıcı və anbar işçiləri üçün əlavə xərclərlə izah edirdi).

Onun unikallığı onda idi ki, o, bakılılar üçün Mişa əmi idi və onların həyatlarını asanlaşdırmaq üçün hər şeyi edirdi , dövlət məmurları ilə isə Sovet İttifaqı Qəhrəmanı Moisey Şaxnoviç. Qastronomun lazım olduğu kimi təmin olunmasını tələb edir və buna nail olurdu.

Bu da kifayət etməsəydi, özü müəssisələrin direktorlarının yanına gedər onlarda gizli əldə etdikləri artıq məhsul olduğunu bildikdə mağazasını (nağd hesablaşaraq) təmin edirdi.

Yaddaş

Moisey Davidoviç kifayət qədər cavan öldü. O, yalnız 64 yaşında idi (cəbhədə aldığı 4 xəsarət öz sözünü dedi).

Qəhrəman və Bakıda tanınan şəxsiyyət kimi onu Fəxri Xiyabanda dəfn etmək istədilər. Lakin həyat yoldaşı (Efir) buna kəskin etiraz etdi.

Belədə münaqişə əmələ gəldi. Dövlət məmurlarının Sovet İttifaqı Qəhrəmanlarını Fəxri Xiyabana basdırmaq təlimatları vardı, həyat yoldaşı isə iddia edirdi ki, mərhumun son iradəsi yəhudi qəbiristanlığında dəfn olunmaq olub.

Məsələ ən yuxarı səviyyəyə qalxdı. Yalnız Heydər Əliyevin birbaşa göstərişindən sonra Şaxnoviç Bakıdakı yəhudi qəbiristanlığında dəfn edildi.

Bakıdakı yəhudi qəbiristanlığında məzar daşı

Ancaq Moisey Şaxnoviçin, bütün Bakıda tanınan Mişa əminin xatirəsi daha genişdir. O, bakılıların qəlbində qaldı. Binanın (indi Rəsul Rza 23) adında.

Bu yaddaşın yeni nəsillər tərəfindən itiriləcəyi təəssüf doğurur. Axı bu, şəhərimizin tarixidir. Təbliğat üçün yox, gerçək və canlı.

 

Mənbə: Визит в Азербайджан

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR