Rusiya Dövlət Dumasında erməni lobbisinin çox güclü imkan və rıçaqlara malik olmasına baxmayaraq, həqiqətin…
Rusiya Dövlət Dumasında erməni lobbisinin çox güclü imkan və rıçaqlara malik olmasına baxmayaraq, həqiqətin üzünə dik baxmağı bacaran deputatlar, siyasətçilər var. Bunların içərisində Dmitri Savelyev xüsusilə seçilir. Onun fəaliyyəti Azərbaycan parlamenti ilə Rusiya Dövlət Duması arasında əlaqələrin genişlənməsinə, iki dövlət, xalq arasında ənənəvi tarixi dostluq və mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsi mənafeyinə xidmət göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, Bakıda sayca 6-cı Beynəlxalq Humanitar Forumun keçirilməsi bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan dünyada humanitar əməkdaşlıq üzrə çox mühüm mərkəzlərdən biridir:
“Bu gün Bakı dünyanı narahat edən ən mürəkkəb məsələlərin müzakirə edildiyi beynəlxalq platforma rolunu oynamaqdadır. Bu forum çərçivəsində Prezident İlham Əliyevin də çıxışında əsas tezislərdən biri bu oldu ki, Azərbaycan bu gün humanitar böhranların aradan qaldırılmasında və əməkdaşlığın genişlənməsində çox mühüm çəkiyə malikdir. Doğrudur, Azərbaycan dünya miqyasında elə böyük dövlət olmasa da, sözünün çəkisi böyükdür. Bu səbəbdən də mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu tədbirdə 86 ölkənin, 24 beynəlxalq təşkilatın 500-dən çox nümayəndəsi iştirak edirdi. Rusiya isə baş nazirin müavini və onunla gələn nümayəndə heyəti səviyyəsində təmsil olunurdu. Bu nöqteyi-nəzərdən Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevin də iştirakı diqqətdən yayınmırdı. Savelyev dəfələrlə Ermənistanın işğalçılıq siyasətinin bütün mahiyyətini açan faktlarla çıxış edir. Təsadüfi deyildir ki, o, Cocuq Mərcanlıda keçirilən “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı beynəlxalq tədbirə də qatılmışdı. Savelyev bu zaman da Azərbaycan-Rusiya əlaqələrinin inkişafı, Ermənistanın regionda oynadığı dağıdıcı rolla bağlı fikirlər səsləndirmişdi. Buna görə də o, bir çox hallarda Rusiyadakı erməni lobbisi və diasporundan çox ciddi təzyiqlərlə üzləşir. Amma buna baxmayaraq, Dmitri Savelyev həqiqəti söyləməkdən çəkinmir. Obyektiv siyasətçi kimi Bakıda keçirilən beynəlxalq forumda da bir daha münaqişə ilə bağlı real həqiqətləri diqqətə çatdırdı, 2016-cı ildə baş verən Aprel döyüşlərinin mahiyyətini bir daha açıqladı. Xüsusilə həmin döyüşlərlə bağlı dünyadakı erməni lobbisi və diasporu beynəlxalq ictimaiyyəti yayındıran, aldadan mövqe ortaya qoyub. Həmin mövqeyə görə, guya Azərbaycan tərəfi atəşkəsi pozub və təmas xəttində qarşıdurma yaradıb. Halbuki vəziyyət tamamilə fərqlidir. Dmitri Savelyev də bunu xüsusi vurğuladı ki, Azərbaycan Ordusu məhz əks həmləyə keçib. Yəni hücum edən məhz Ermənistan olub”.
Millət vəkili vurğulayıb ki, eyni zamanda Savelyev Xocalı soyqırımı ilə bağlı da hər zaman həqiqətləri dilə gətirir və Ermənistan rəhbərliyini bəşəri cinayəti törətməkdə ittiham edir:
“Bu gün də Savelyev həmin siyasətə sadiqdir. Rusiya Dövlət Dumasında bu cür obyektiv və ədalətin keşiyində dayanan deputatların sayı çox olarsa, bundan həm Azərbaycan, həm də Rusiya uduşlu çıxar. Eyni zamanda, onun münaqişənin həlli ilə bağlı tutduğu ədalətli mövqe də bizə bəllidir. Savelyev münaqişənin beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi çərçivəsində həllini tapmalı olduğunu söyləməkdən çəkinmir. Bu, məhz real həqiqəti özündə ehtiva edən bir yanaşmadır. Ona görə də bu forum həm də Azərbaycan haqq səsini, münaqişənin həlli ilə bağlı Azərbaycanın tutduğu ədalətli mövqeni, Ermənistanın işğalçı siyasətinin nəticələrini özündə ifadə edən çox ciddi çıxışlar, yanaşmalarla yadda qaldı. Bu da heç şübhəsiz, münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın beynəlxalq mövqelərini gücləndirəın amil kimi qiymətləndirməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət