“Sarqsyanla Paşinyan arasında inqilab günlərində gizli razılıqlar olub” - Erməni mətbuatı
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra köhnə iqtidar komandasına savaş açdı. Əsasən də “Qarabağ klanı”nın “ağır artilleriyaları” hesab olunan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan baş nazir Nikol Paşinyanın hədəfinə çevrildi.
Deputat, “Yerkrapah” könüllü döyüşçülər birliyinin sədri, sabiq müdafiə nazirinin müavini, general Manvel Qriqoryanın həbsindən sonra məlum oldu ki, Ermənistan ordusunda sistemləşdirilmiş korrupsiya mexanizmləri mövcuddur.
Robert Koçaryan da həbs olundu, lakin sonradan azadlığa buraxıldı. Əlbəttə ki, onun azadlığa çıxması Ermənistanın hökumət başçısı Nikol Paşinyanın istəkləri siyahısına daxil deyildi. Məhz buna görə də, Koçaryan yenidən dəmir barmaqlıqlar arasına göndərildi.
Ermənistan mətbuatında isə müzakirə olunan məsələlərdən biri də Serj Sarqsyanın niyə həbs edilməməsi ilə bağlıdır.
Bu yaxınlarda isə Serj Sarqsyanın Baden-Badendə istirahət etdiyi xəbərləri yayıldı ki, Ermənistan mətbuatı bunu Sarqsyanın inqilabı və cəmiyyəti ələ salması kimi dəyərləndirir.
“Ermənistanın indiki hakimiyyəti ölkədə 20 illik kriminal rejimə rəhbərlik edənlərə qarşı ən sərt siyasi qiymət verməkdən çəkinir. Dövlət quruluşuna qarşı addımlar atan cinayətkarlar hələ də həbsxanaya salınmayıb. Bu isə Ermənistanın suverenliyinə və təhlükəsizliyinə qarşı çevrilir”, – bunu Ermənistan parlamentinin deputatı Armen Babacanyan bildirib.
Serj Sarqsyanın, keçmiş baş nazir Ovik Abramyanın, sabiq maliyyə naziri Qaqik Xaçatryanın azadlıqda olması onu göstərir ki, Ermənistanda korrupsiya ilə mübarizə deklarativ xarakter daşıyır.
“Xüsusilə Serj Sarqsyanın epizodu üzrə məsələlər cəmiyyətdə bu versiyanı doğurur ki, Sarqsyanla Nikol Paşinyan arasında inqilab günlərində səhnəarxası razılıqlar olub”, - bunu Ermənistan mətbuatı yazıb.
Qeyd edilir ki, belə vəziyyət Paşinyanın reytinqinin daha da aşağı düşməsi ilə nəticələnir.
Nikol Paşinyan isə köhnə qvardiyaya qarşı savaş açdığı, Serj Sarqsyan tərəfindən yaradılmış sistemi düzəltmək üçün addımlar atdığı görüntüsünü yaradır.
Belə məqamda isə Serj Sarqsyanın azadlıqda gəzməsi və xaricdə rahat şəkildə dincəlməyi ortaya məntiqi sual çıxarır: Sarqsyan niyə həbs edilmir?
Əgər Ermənistanda köklü islahatlar yoxdursa, Nikol Paşinyanın korrupsiyaya qarşı mübarizənin effektivliyi barədə danışması yersizdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət