Dərc edildi: Baxış sayı: 759
Sarı Aşıq - Yetişdi
Bir namə yazmışdı gözəllər şahı,
Gəldi məni-mübtəlaya yetişdi.
Guşeyi-külahım fəxri-namədən,
Çərxə dəyib, Məsihaya yetişdi.
Şəhbazi-aləmdən istərəm səni,
Xudanı sevərsən, unutma məni,
Guya ki, Yusifin gül pirəhəni,
Gəldi Yəqub binəvaya yetişdi.
Sən qərib aşiqin qibləgahısan,
Məlamət mülkünün padişahısan,
Aşiqi-sadiqin sən pənahısan,
Səadətin Sürəyyaya yetişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət