“Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının təqdimatı keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirovun rus dilində çapdan çıxmış “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə AMEA Rəyasət Heyətinin üzvləri, bir sıra elmi müəssisələrin rəhbərləri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.
Əvvəlcə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Azərbaycanın bir çox elm, təhsil, mədəniyyət və digər qurumlarında olduğu kimi, AMEA-da da bu istiqamətində tədbirlərin görüldüyünü, yeni tədqiqatların aparıldığını, kitabların nəşr olunduğunu bildirib. “Akademikin sözlərinə görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Nizami Gəncəvi: mütəfəkkirin irsi dünya mədəniyyəti və milli özünüdərk kontekstində” adlı kitabı Nizamini azərbaycançılıq baxımından təhlil edən qiymətli əsərlərdəndir.
O, “Nizami İli” çərçivəsində Mədəniyyət Nazirliyinin “Xəmsə”nin yenidən fars dilindən Azərbaycan dilinə tərcüməsinin nəzərdə tutulduğunu da vurğulayıb.
Daha sonra çıxış edən AMEA Rəyasət Heyətinin üzvü, Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva “Nizami ili” çərçivəsində ərsəyə gələn “Şairlik şöhrətinin kölgəsində qalmış mütəfəkkir: Nizami Gəncəvinin elmi dünyagörüşü haqqında” kitabının nizamişünaslığımıza yeni bir töhfə olduğunu söyləyib. G.Baxşəliyeva monoqrafiyanın Nizaminin bir alim, mütəfəkkir kimi xarakterizə etmək baxımından xüsusi rola malik olduğunu qeyd edərək, kitabda dahi şəxsiyyətin təbiət elmləri haqqında, eləcə də ictimai-siyasi fikirləri ilə bağlı müqayisəli təhlillərinin aparıldığını, Nizaminin dərindən araşdırılaraq əsərlərində təqdim etdiyi tarixi faktlara nəzər salındığını diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər Eldar Əmirovun elm və fəlsəfə tarixinə dərindən yiyələnmiş tədqiqatçılardan biri olduğunu vurğulayıblar.
Sonda kitabın müəllifi, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov çıxış edərək bildirib ki, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrindən hesab olunan Nizami yaradıcılığının bir çox aspektləri ölkəmiz, eləcə də Rusiya və dünya şərqşünaslığında müraciət olunan aktual mövzulardan sayılır. O, qeyd edib ki, Nizami Gəncəvi öz əsərlərində elmi baxışlarını ortaya qoymuş, siyasəti ədalətli cəmiyyətin qurulması üçün bir vasitə hesab etmişdir. Onun sözlərinə görə, Nizaminin utopiyasında Avropa filosoflarının əsərlərində rast gəlinən utopiyadan fərqli olaraq, Şərq reallıqları əksini tapmışdır. Eldar Əmirov hesab edir ki, “Nizami İli”ndə bu, Azərbaycan mənbəşünaslığı qarşısında dayanan vacib və aktual məsələlərdəndir.
Müəllif çıxışının sonunda dəyərli fikirlərini bölüşən hər kəsə təşəkkürünü bildirərək, gələcəkdə bu istiqamətdə aparılacaq tədqiqatların daha da genişləndirilməsi üçün qeyd olunan təkliflərin nəzərə alıncağını diqqətə çatdırıb.
Sonda E.Əmirovun müəllifi olduğu kitab MEK-ə hədiyyə edilib və oxucuların istifadəsinə verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət