Şair Məmmədhüseyn - Çobanla deyişmə
Şair Məmmədhüseyn
İtib mal qoyunum, sorağındayam,
Dövran aman vermir, qəmxaram, çoban.
Ar bilirəm evə bom-boş qayıdam,
Kəsilibdi olan hər çarəm, çoban.
Çoban
Şair, xoş gəlmisən bizim ellərə,
Qəm yemə, nəyin var taparam bu gün.
Şöhrətin düşübdü şirin dillərə,
Yolunda dağ-daşı çaparam bu gün.
Şair Məmmədhüseyn
Bir kimsəyə yaxşı-yaman demədim,
Özgə malı, haram tikə yemədim.
Əyyaş zəmanədi, artır xiffətim,
Fələyin əlindən hazaram, çoban.
Çoban
Bu diyarda dağdan uca adın var,
Fəxrisən hamının, demə, yadın var.
Qurbandı bu sürü, budur böl apar,
Oğru Qəhrəmanı tutaram bu gün.
Şair Məmmədhüseyn
Məmmədhüseynəm, mən ədalət istərəm,
Doğru yola düz dəlalət istərəm.
Oğruda, əyridə olarmı qeyrət,
Çətin tapıb evə aparam, çoban.
Çoban
Seyfəddin çobanın düzdür hər sözü,
Verər dost yolunda əllini, yüzü.
Malını oğrular qaytarar özü,
Ovçutək bərədə yataram bu gün.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət