Şair Aqil - Xəngəlin
İki gündür danışılır,
Vardı bənası xəngəlin.
Sizə dedim bişirməyin,
Çoxdu cəfası xəngəlin.
Ununa çovdar qarışıb,
Yoxdu vəfası xəngəlin.
Evinizə savaş düşər,
Qopar davası xəngəlin.
Aləmə yayılacaq
Səsi-sədası xəngəlin.
Müqəssirlik hümbətdədi,
Axtardı yağı, dolandı.
Qonşulara elan etdi,
Saldı sorağı dolandı.
Eşitmədi nəsihətim,
Həm solu-sağı dolandı.
Ayrımdan gələn yağın
Sinəmdə dağı dolandı.
Əvvəlcədən mən bilirdim
Nəydi sonrası xəngəlin..!
Biləklərin çirmələdi
Xamırın Safat yuğurdu.
Başında havası var,
Özü dul arvad, yuğurdu.
Əcdadından təlim alıb,
Olubdu ustad yuğurdu.
Pambığı, qılı, yunu
Qatdı hər zad yuğurdu..
Qarışdı bir- birinə
Ağı-qarası xəngəlin.
Altını çox qaladı
Biçarə hava neyləsin.
Nə qızdı, nə qaynadı,
Qalındı tava neyləsin.
Yarımçıq düşürərsə
Qopacaq dava neyləsin.
Şair yanında hazırdı,
Yazır kitaba neyləsin.
Əlaman, Allah aman,
Nəydi çarası xəngəlin?!
Saat 5-də qazan asıldı,
12-yə davam elədi.
Nə bişdi, nə qaynadı,
Lap bizi bədnam elədi.
Uşaqlar ağlaşdılar,
Qiyamət-qiyam elədi.
Mən özüm də mürgülədim,
Yuxumu haram elədi.
Guya ki, haqdan enmişdi
Bizə bəlası xəngəlin.
Axşamdan başladılar
İki arvad duz tökdülər.
Gün yaxdı, ay da yaxdı,
Yaxınca ulduz, tökdülər.
Sayını kimsə bilmədi,
Əlli tökdülər, yüz tökdülər.
Kilosu on beş qəpik,
Zəyəmdə ucuz, tökdülər.
Sinəmdə nişan qoybdu
Dağı-yarası xəngəlin.
Gəzmişəm hər mahalı,
Belə əngəl görməmişəm.
Otuz altı sinnindəyəm,
Bundan əzəl görməmişəm.
Nə hörrəydi, nə də xaşıl,
Belə xəngəl görməmişəm.
Aqil deyər, heyran oldum,
Qaldım mətəl, görməmişəm.
Bitişib bir-birinə
Bütün arası xəngəlin!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət