Şahmatçılarımız çempionata uğurla başladı
Azərbaycanın kişi və qadın şahmatçıları Batumidə keçirilən komandalararası Avropa çempionatının birinci turunu uğurla başa vurublar.
Axar.az xəbər verir ki, kişilərdən ibarət komandamız Serbiya şahmatçılarını 3,5:0,5 hesabı ilə məğlub edib. Komandamızın heyətində Şəhriyar Məmmədyarov Aleksandar İndjiç ilə heç-heçə edib. Arkadi Naydiç Nikola Sedlak, Rauf Məmmədov Milan Zajiç, Qədir Hüseynov Velimir İviç üzərində qələbə qazanıblar.
Qadın komandamız isə Latviya yığması üzərində təmiz qələbə qazanıb – 4:0. Günay Məmmədzadə Dana Reiznieçe-Ozolanı, Xanım Balacayeva Laura Roquleni, Ülviyyə Fətəliyeva İlze Berzinanı, Gülnar Məmmədova isə Elizabete Limanovskanı məğlub ediblər.
Birinci turun yekununa görə qadın şahmatçılarımız birinci, kişi zəka ustalarımız isə üçüncü pillədə qərarlaşıblar.
Xatırladaq ki, Azərbaycanın kişi şahmatçıları üç dəfə - 2009-cu, 2013-cü və 2017-ci illərdə Avropa çempionu adını qazanıblar. Komandamız 2011-ci ildə gümüş, 2007-ci ildə isə bürünc medallara layiq görülüblər.
Qadın şahmatçılarımızın isə ən böyük uğuru 1992-ci ildə üçüncü yer olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət