Slimfit
  1. SİYASƏT

Sahibkarlara güzəştli kreditlərin verilməsi qaydası dəyişdi

Sahibkarlara güzəştli kreditlərin verilməsi qaydası dəyişdi
Sakura

Sahibkarlara güzəştli kreditlərin verilməsi qaydası dəyişdi

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra - Fond) vəsaiti hesabına güzəştli kreditin verilməsi mexanizmini və şərtlərini müəyyən edir.

1.2. Fondun güzəştli kredit verilməsi üçün nəzərdə tutulan vəsaiti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

1.3. Güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsait investisiya layihələrinin həyata keçirilməsi üçün sahibkarlıq subyektlərinə tam və ya mərhələli şəkildə verilə bilər. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və ya bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında güzəştli kredit vəsaitindən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanılacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər.

1.4. Fondun Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olaraq seçilmiş bütün banklar və ya bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatı kimi güzəştli kreditlərin verilməsində iştirak edə bilərlər.

1.5. Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevralın 1-dək Azərbaycan Respublikasının Mərkəzi Bankı müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Fonda müvafiq məlumat təqdim edir.

1.6. Azərbaycan Respublikasının Mərkəzi Bankı Fondun vəsaitinin yerləşdirilməsinə cəlb edilmiş müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəricilərində il ərzində baş verən dəyişikliklər barədə məlumatı rübdə bir dəfədən az olmayaraq Fonda təqdim edir.

1.7. Qaytarılan güzəştli kredit vəsaiti və güzəştli kreditlər üzrə daxilolmalar (faiz, cərimə və sair) həmin daxilolmaların Fondun saxlanılması xərclərinə ayrılan, həmçinin bu Qaydanın 1.8-ci bəndində nəzərdə tutulan hissələri istisna olmaqla, Fondun hesabında saxlanılır və yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərlə istifadə olunur.

1.8. Fondun güzəştli kreditlər üzrə daxilolmalarının (faiz, cərimə və sair) 10 (on) faizi (Fondun saxlanılması xərcləri güzəştli kreditlər üzrə daxilolmaların 90 (doxsan) faizindən daha çox hissəsini təşkil etdikdə isə Fondun saxlanılması xərclərinə ayrılan hissəsi istisna olmaqla, qalan vəsait) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada bölüşdürülür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada istifadə olunur.

2. Fondun güzəştli kredit vəsaitindən istifadə istiqamətləri

Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

3. Müvəkkil kredit təşkilatları vasitəsilə kreditlərin verilməsi

3.1. Hər bir müvəkkil kredit təşkilatı üçün ilin əvvəlində onun müraciəti əsasında bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq, Fondun Müşahidə Şurası limit müəyyən edir. Limit istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Fondun Müşahidə Şurasının qərarı ilə onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə əlavə limit müəyyən edilə bilər.

3.2. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər.

3.3. Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilkin limit üzrə müəyyən edilmiş vəsait maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, əlavə limitlər üzrə ilin sonuna 1 (bir) ay qalanadək 80 faizdən az istifadə olunarsa, vəsaitin istifadə olunmayan hissəsinə limit müəyyən edilən tarixdən etibarən müvafiq olaraq oktyabrın 1-dək və ya dekabrın 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır. İstifadə olunmamış limitlər Fondun Müşahidə Şurasının qərarı ilə ləğv oluna və (və ya) digər müvəkkil kredit təşkilatlarına ayrıla bilər. Müvəkkil kredit təşkilatları limitin azaldılması və ya ləğv edilməsi barədə Fonda müraciət edə bilərlər.

3.4. Bir müvəkkil kredit təşkilatı üzrə müəyyən olunmuş limit həmin il üzrə müvəkkil kredit təşkilatlarına veriləcək cəmi limitin 35 faizindən çox ola bilməz.

3.5. Müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsait üzrə əsas borcu və hesablanmış faizləri Fondla bağladıqları müqaviləyə uyğun olaraq, hər ay üzrə növbəti ayın 3 (üç) iş günündən gec olmayaraq Fonda ödəməlidirlər.

3.6. Təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və digər qarşısıalınmaz qüvvə (fors-major hadisə) ilə bağlı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən Müşahidə Şurasının müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) həyata keçirilə bilər.

3.7. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri onların sahibkarlıq subyektlərinə münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları öhdəliklərini icra etmədikdə, Fond öz vəsaitinin qaytarılması üçün tədbirlər görür.

3.8. Fond qarşısında yaranmış öhdəliklərinin təminatı məqsədilə, Fondun tələbi üzrə müvafiq pul vəsaitinin müvəkkil kredit təşkilatının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı müxbir hesabından silinməsi haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankına yazılı sərəncam vermək öhdəliyi və bu sərəncamın həmin müqavilə üzrə öhdəliklərə xitam verilənədək qüvvədə qalması barədə müddəa Fondla müvəkkil kredit təşkilatı arasında bağlanılan müqavilədə nəzərdə tutulur.

3.9. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda, Fondun İdarə Heyəti sədrinin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilən kredit portfelinin hamısını və ya bir hissəsini ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil bankın (və ya bank olmayan kredit təşkilatının) razılığı olduğu halda ona köçürür. Bu zaman ləğvedici tərəfindən həmin kreditə hesablanmış faiz və cərimələrin silinməsi həyata keçirilir və həmin kreditin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür.

3.10. Köçürülmə zamanı müvəkkil kredit təşkilatının müraciəti əsasında müvafiq sahibkarlıq subyektinə (və ya subyektlərinə) verilmiş güzəştli kreditin restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması) Fondun Müşahidə Şurasının müəyyən etdiyi qaydada (yalnız bir dəfə) həyata keçirilə bilər.

4. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə

4.1. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) iş günündən gec olmayaraq, öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək, layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumat və sənədlər tələb edə bilər.

4.2. Fond 10 (on) iş günü müddətində Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində, Müşahidə Şurasının müəyyən etdiyi qaydada ilkin monitorinqini aparır. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunmasına və ya ondan imtina edilməsinə dair qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

4.3. Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdırıldıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 5 (beş) iş günü müddətində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürərək, Fonda və sahibkarlıq subyektinə bu barədə məlumat verir.

4.4. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Fonda məlumat verməlidir. Təqdim olunacaq məlumatın formasını Fond müəyyənləşdirir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.

5. Kreditlərin hədləri

5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitindən (bu Qaydanın 8.1.1-ci yarımbəndi istisna olmaqla) aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:

5.1.1. 5 000 manatdan 50 000 manatadək - kiçikhəcmli kreditlər;

5.1.2. 50 001 manatdan 1 000 000 manatadək - ortahəcmli kreditlər;

5.1.3. 1 000 001 manatdan 10 000 000 manatadək - böyükhəcmli kreditlər.

5.2. Hər bir investisiya layihəsi üzrə Fondun ayırdığı vəsaitin maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.

6. Kreditlərin müddəti və faizləri

6.1. Fondun güzəştli kreditlərinin müddətləri (bu Qaydanın 8.1.2-ci yarımbəndi istisna olmaqla) aşağıdakı kimi müəyyən edilir:

6.1.1. kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;

6.1.2. ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;

6.1.3. böyükhəcmli kreditlər üçün -10 (on) ilədək.

6.2. Kənd təsərrüfatı məhsullarının istehsalında Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən uzunmüddətli investisiya tələb edən sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi zamanı kiçikhəcmli və ortahəcmli kreditlər üçün kreditin müddəti 2 (iki) il artırılır.

6.3. Bu Qaydanın 8.1.3-cü yarımbəndi istisna olmaqla, Fondun kreditlərinin illik faiz dərəcəsi 1 (bir) faizdən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 (dörd) faizdən artıq olmamaq şərtilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 (beş) faizədək müəyyən edilir.

6.4. Fondun digər mənbələrdən cəlb etdiyi vəsaitlərə həmin mənbələrlə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla, bu Qaydanın 6.3-cü bəndi tətbiq edilir.

7. Güzəşt müddəti

Kreditlərdən istifadə üzrə güzəşt müddəti (bu Qaydanın 8.1.4-cü yarımbəndi istisna olmaqla) sahibkarlıq subyektinin investisiya layihəsi üzrə nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditdən istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulan investisiya layihələri üzrə güzəşt müddəti isə kreditdən istifadə müddətinin ilk 1/2 dövrünü əhatə etməlidir. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəməlidirlər. Müvəkkil kredit təşkilatı sahibkarlıq subyekti üçün müəyyən etdiyi güzəşt müddəti barədə Fonda məlumat verməlidir.

8. Avadanlıqların alınması üçün güzəştli kreditlərin şərtləri

8.1. Avadanlıqların girov qoyulması yolu ilə mövcud avadanlıqlarını yeniləmək və ya yeni avadanlıqlar əldə etmək istəyən sahibkarlıq subyektlərinə Fondun güzəştli kreditləri bu Qaydaya uyğun olaraq aşağıdakı şərtlərlə verilir:

8.1.1. kredit 5 000 manatdan az, 3 000 000 manatdan çox olmamalı;

8.1.2. kreditin müddəti 5 (beş) ildən çox olmamalı;

8.1.3. Fondun illik faiz dərəcəsi 2 (iki) faizdən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 7 (yeddi) faizdən artıq olmamaq şərtilə, ümumilikdə kreditin illik faiz dərəcəsi 9 (doqquz) faizdən artıq olmamalı;

8.1.4. güzəşt müddəti avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 (on iki) aydan çox olmamalı;

8.1.5. kreditlərin təminatı kimi alınan avadanlıqlar müvəkkil kredit təşkilatının xeyrinə yüklü edilməli və Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməli;

8.1.6. kreditlər yalnız yeni avadanlıqların alınması üçün verilməli;

8.1.7. sahibkarlıq subyekti avadanlığın qiymətləndirilməsi nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi (yerli istehsal məhsulu olan avadanlıqlar üçün isə 10 faizi) həcmində müvəkkil kredit təşkilatına ilkin ödəniş etməli;

8.1.8. kredit vəsaiti sahibkarlıq subyektinin ilkin ödəniş məbləği ilə birlikdə satıcının bank hesabına köçürülməlidir.

8.2. Sahibkarlıq subyekti ilə satıcı arasında avadanlıqların alınmasına dair bağlanılmış müqavilənin şərtlərindən asılı olaraq, kredit tam və ya mərhələli şəkildə ayrılır.

9. Sahibkarlıq subyektlərinin krediti geri qaytarması

9.1. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri və ya əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) iş günündən gec olmayaraq Fondun hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Fondun hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) iş günündən çox olarsa, Fondun Müşahidə Şurası müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatlan sırasından çıxara bilər.

9.2. Fond sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi tarixi ilə müvəkkil kredit təşkilatı tərəfindən Fonda köçürülməsi tarixinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı yoxlama zamanı müvəkkil kredit təşkilatı tərəfindən Fonda köçürmələrdə uyğunsuzluq aşkar etdikdə, bu barədə Fonda məlumat verir.

9.3. Sahibkarlıq subyektlərinin krediti geri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.

9.4. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv olunduqda, eləcə də məcburi ləğv və ya iflas prosesi zamanı güzəştli kreditlərin qaytarılmasını bu Qaydanın 9.1-ci bəndinə uyğun olaraq bu məqsədlə təyin edilmiş səlahiyyətli orqan (ləğvedici) həyata keçirməlidir.

10. Layihənin monitorinqi

10.1. Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun güzəştli kredit vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Fondun hesabına köçürməlidir.

10.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fondun hesabına köçürülür. Fondun yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini gecikdirərsə, bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq Fonda cərimə ödəyir. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.

10.3. Fondun müəyyən etdiyi monitorinq keçirilməsi qaydasını müvəkkil kredit təşkilatı 3 (üç) dəfə pozduqda, həmin müvəkkil kredit təşkilatı üçün Fondun müəyyən etdiyi limitlər ləğv edilə və ya o, müvəkkil kredit təşkilatları sırasından çıxarıla bilər.

11. Yekun müddəa

Bu Qaydanın 1.3-cü, 3.7-ci, 3.8-ci, 3.9-cu və 9.4-cü bəndləri bu Qayda təsdiq olunduğu günədək müvəkkil kredit təşkilatları ilə yaranmış münasibətlərə də şamil edilir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR