Sahibkarın müraciəti müsbət həll olunub
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə sahibkarın bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı müraciəti öz müsbət həllini tapıb.
KOBİA-dan Trend-ə verilən məlumata görə, “Kercom” MMC-nin müraciəti əsasında şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyi ilə həll edilib və artıq şirkətin məhsulları ticarət şəbəkəsində satışdadır.
“Bal məhsullarının ticarət şəbəkəsində satışının təşkili ilə bağlı çətinliklərimiz vardı. KOBİA-nın müraciətimizə operativ yanaşması nəticəsində məsələ öz müsbət həllini tapdı. Artıq məhsullarımız ticarət şəbəkəsində satışdadır. Bundan sonra da Agentliklə yaxından əməkdaşlıq edəcəyik” - deyə, “Kercom” MMC-nin icraçı direktoru Cavid Kərimov bildirib.
Qeyd edək ki, KOBİA sahibkarlardan daxil olan müxtəlif müraciətlərin dövlət-özəl əməkdaşlığı çərçivəsində həll edilməsinə dəstək göstərir. Agentlik mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin innovativ üsullarla idarə edilməsi və genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, sahibkarların hüquqlarının qorunması istiqamətlərində dəstək olur. Ölkə regionları üzrə bu dəstək KOBİA-nın “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət