Slimfit
  1. TARİX

Şah İsmayılın xanımı - Səfəvilər dövlətini 16 il idarə etmiş Şahbəyi Taclı Bəyim

Şah İsmayılın xanımı - Səfəvilər dövlətini 16 il idarə etmiş Şahbəyi Taclı Bəyim
Sakura

Şah İsmayılın xanımı - Səfəvilər dövlətini 16 il idarə etmiş Şahbəyi Taclı Bəyim

Döyüşçü, hökmdar, məhkum və sürgün qadın

Osmanlı-Səfəvi münasibətlərindəki mübahisəli məqamlardan biri də Şah İsmayılın xanımı Taclı Bəyimin Çaldıran döyüşündə əsir alınıb-alınmaması məsələsidir. Qızılbaş mənbələrinin inkar etdiyi bu iddianı Osmanlı mənbələri geniş işıqlandırıblar. Hadisənin namus, utanc və şərəf kimi əxlaqi cəhətləri olduğundan, uzun müddət iki tərəf arasında psixoloji müharibənin mərkəzində yer almışdır. Azərbaycan tarixşünaslığında isə bu məsələ lazımınca araşdırılmayıb. Halbuki, Taclı Bəyim Səfəvilər dövlətinin I Şah İsmayıldan sonra siyasi avtoritetə sahib ən güclü dövlət adamı idi. O, Şah İsmayılın verdiyi qərarları belə, dəyişdirmək iqtidarında olmuş, oğlu Təhmasıb adına dövləti 16 il idarə etmiş və “Bacılar” (doyüşçü qadınlar) ordusunun başında Çaldıran döyüşündə yer almışdı.

Müəllifi bilinməyən “Aləm-ara-yi Səfəvi” adlı əsərə görə, Çaldıran müharibəsində I Şah İsmayılın məğlub olduğunu görən Taclı Bəyim döyüşə qoşulur. Amma vəziyyətin yaxşı olmadığını deyən İsmayıl ondan hərb meydanını tərk etməsini istəyir. Döyüş sonrasında Dərgəzinə çəkilən I Şah İsmayıl adamlarından Taclı Bəyimin vəziyyətini xəbər alır. Ona “gəlmədiyi, Təbrizə getmiş ola biləcəyi” məlumatı verilir. Təbrizə çapar göndərən qızılbaş şahı vəziyyətin araşdırılmasını əmr edir. Bir gün sonra şaha Taclı Bəyimin Təbrizdə olmadığı xəbəri çatdırılır. Xəbəri alan I Şah İsmayıl kədərlənərək belə deyir: “əgər namusumuz Qayserin (Osmanlı sultanının - Ə.N.) əlinə keçdisə, bizə yaşamaq haramdır”.

Bigə

Taclı Xanımın əsl adı Bigədir. Mənbələrdə “Bigə xanım” olaraq qeyd edilir. Bu sözün qədim türkcə “big/beg” (bəy) sözündən yarandığı məlumdur. “Taclı” isə onun ləqəbi idi. Bu ləqəb ona I Şah İsmayılla evləndikdən sonra verilmişdir. Mənbələr ondan “Taclı xanım”, “Taclı Bəyim” və “Şah Bigə xanım” olaraq bəhs edirlər.

Bigə xanımın soyu da mübahisəlidir. Avropalı tarixçilər (misal üçün, ingilis tarixçi R.M.Savori) venesiyalı səyyah Angiolellonun verdiyi məlumata əsaslanaraq Taclı bəyimin Ağqoyunlu sultanı Yaqubun qızı və ya nəvəsi olduğunu qeyd edirlər. Taclı Bəyimin Mosullu tayfasından olması və bu tayfanın Ağqoyunlu dövlətinin aparıcı gücünü təşkil etməsi avropalı tarixçilərin iddiasını gücləndirir. Amma bu iddia əsassızdır.

Bir başqa iddia isə iranlı müəlliflər Məhəmməd Əhməd Pənahisimnani və Məmməd Kərim Yusifcəmaliyə aiddir. Onlara görə, Taclı Bəyim şamlı tayfasından Abidin xanın qızı və qızılbaşların cəsur döyüşçüsü Durmuş xanın bacısıdır. Lakin bu iddia da doğru deyildir.

Mötəbər mənbələrə görə, Taclı Bəyim mosullu tayfasından Həmzə Bəy Bektaşlının oğlu Mihmad Bəyin qızı idi. Taclı Bəyimin Ağqoyunlu tayfasının mosullulardan olduğu dəqiqdir.

Gözəlliyi, cəsarəti, igidliyi və bacarığı ilə məşhur olan bu qadın haqqında Dədə Qorqud dastanlarında yer alan hekayələrə oxşar xeyli məlumat vardır. Bu hekayələrin birində Taclı Bəyimin güya qardaşı Durmuş xanla güləşdiyi və onun kürəyini yerə vurduğu bildirilir. Lakin bu məlumat inandırıcı deyildir. Çünki qeyd etdiyimiz kimi, Taclı Bəyim Durmuş xanın bacısı olmayıb.

Şah İsmayılla evlənməsi

Taclı bəyimin Şah İsmayılla evlənməsi haqqında iki rəvayət vardır. Birinci rəvayətə görə, güya, Şah İsmayıl, Durmuş xanın igid bir bacısı olduğunu eşitmiş və onunla evlənmək istəmişdir. Lakin şahın təklifinə Taclı Bəyim belə cavab vermişdir: “əgər qaçışda atı atımı, yarışda oxu oxumu keçərsə, güləşdə kürəyimi yerə vura bilərsə, o zaman mənimlə evlənə bilər”. Bu hekayə Dədə Qorquddakı Banu Çiçək ilə Bamsı Beyrəyin hakayəsinə oxşayır. Ehtimal ki, qızılbaş mənbələri igidliyinə görə Taclı Bəyimi Banu Çiçəyə oxşatmaq istədiklərindən, belə bir hekayə uydurmuşlar.

Şah İsmayıl ilə Taclı Bəyimin evlilik hadisəsi tamamilə fərqli olmuşdur. Şah İsmayıl ağqoyunluları ortadan qaldırdıqdan sonra Ağqoyunlu tayfalarından bəzisi Murad Bəy Cahanşahlı rəhbərliyində Firuzkuh bölgəsinə qaçmış və Hüseyn Kiya Çələbiyə sığınmışdılar. Qaçanlar arasında Taclı Bəyimin də yer aldığı mosullu tayfası da vardı.

Hüseyn Kiya Çələbi şiə olmasına rəğmən, Şah İsmayılın siyasətini bəyənmirdi. Buna görə də İsmayılın tələblərinə baxmayaraq, qaçan ağqoyunluları ona təslim etmədi, hətta şahın elçisi İlyas Bəyi də edam etdirdi. Bundan sonra Şah İsmayıl onun üzərinə səfərə çıxmış, Hüseyn Kiya Çələbini məğlub edərək onun gizləndiyi Gülxəndan və Asta qalalarını almışdır. Əsir düşən Hüseyn Kiya Çələbi isə işgəncə ilə öldürülmüşdür. Qaladakıların çoxu qılıncdan keçirilmiş, qalanları da əsri alınmışdır. Əsir alınanlar arasında Taclı Bəyim də vardı. Şah İsmayıl Taclı Bəyimi burada görmüş, bəyənmiş və onunla evlənmişdir. Mənbələr bu evliliyin 1503-cü ildə gerçəkləşdiyini qeyd edirlər. “Cəvahirül-əxbar” adlı əsərə görə, Taclı Bəyim bacıları ilə birlikdə Şah İsmayılın hərəminə alınmışdır.

Xurşid ibn Qubad əl-Hüseyniyə görə, “şah onu (Taclı Bəyimi – Ə.N.) inandığı adamlarından birinə tapşırdı. Bir müddət sonra onunla evləndi. Ona Taclı Xanım adını verdi. Şah onu çox sevirdi. Onun sözü şah üzərində o qədər təsirli idi ki, hətta saray və dövlət adamlarından kimsə şahın qəzəbinə tuş gəlirdisə, Taclı xanıma müraciət edirdi və beləcə, cəza almaqdan xilas olurdu”.

İngilis tarixçi Roger M.Savoriyə görə, Taclı Bəyim Hüseyn Kiya Çələbinin arvadı olmuş, Şah İsmayıl ilə 1504-cü ildə evlənmişdi. Tarixçinin bu məlumatı əvvləki iddiası kimi əsassızdır. Mənbələr Taclı Bəyimin Şah İsmayılla evləndiyi zaman 14-15 yaşında olduğunu bildirirlər.

Birinci xanım



Bəzi araşdırmaçılar güclü şəxsiyyəti, təsirli qərarları və bacarığı ilə Taclı Bəyimi qızılbaşların “xanım sultanı” adlandırırlar. Taclı Bəyim haqqında verilən bu məlumat mənbələrdə də öz əksini tapır. Səfəvi tarixçisi Budaq Münşi Qəzvinidə yer alan bir məlumat Taclı Bəyimin sarayda və şah üzərində nə dərəcə təsirli olduğunu deməyə əsas verir. Müəllifə görə, Şah İsmayıl tərəfindən Herat hakimi təyin edilən Əmir Xan Mosullu Hindistanda hakimiyyətdə olan Babur şahla gizli əlaqəsi ortaya çıxan böyük din alimi Mirməhəmməd Miryusifi edam etdirmişdi. Şah İsmayıl əmirin bu hərəkətinə çox qəzəblənmiş və öldürülməsini əmr etmişdi. Ancaq Əmir xan Taclı Bəyimə sığınmış, bu qadın onun əfv edilməsinə yardımçı olmuşdur.

Bəzi tarixçilər Əmir xanın Taclı Bəyimin qohumu və hər ikisinin də mosullu tayfasından olması səbəbi ilə əfv olunduğunu yazırlar. Ancaq bu iddia yersizdir. Çünki Taclı Bəyim ustaclı tayfasından olan Qazı Cahanı da şahın qəzəbindən xilas etmişdi.

Taclı Bəyimin döyüşçü bir qadın olduğu məlumdur. Bunu onun Çaldıran döyüşünə könüllü getməsi və döyüşdə yer alması da təsdiq edir.

Cəlalzadə Mustafa, Şükrü Bitlisi və Sucidi kimi Osmanlı müəllifləri Çalıdran döyüşündə çox sayda qadının əsir düşdüyünü yazırlar. Bəzi mənbələrdə isə əsir alınan qadınların hamısının döyüşçü olduqları qeyd edilir. Hətta bir neçə mənbə Şah İsmayılın ordusunda 10 min döyüşçü qadının olduğunu iddia edirlər. Şübhəsiz, bu rəqəm şişirdilmişdir. Amma Səfəvi ordusunda döyüşçü qadınların olduğu məlumdur. Sarmat əsilli “amazonlara” oxşadılan bu qadınlar əxiliyin qadınlar təşkilatı olan “Bacıyani-Rum”a (Anadolu bacıları) bağlı idilər. Əxi Evrənin xanımı Fatma Ana tərəfindən Anadoluda yaradılan bu qadınlar təşkilatı Osmanlı ordusunda da böyük rol oynamışdır. Türk qadınlarından ibarət bu təşkilatın Azərbaycandakı qanadına, böyük ehtimalla, Taclı Bəyim rəhbərlik etmişdir. Çaldıran savaşında çox sayda qadın əsgərin yer alması ancaq bu şəkildə izah edilməlidir.

Çaldıran savaşı və “Taclı bəyimin əsirliyi” məsələsi

Osmanlı mənbələri Taclı Bəyimin Çaldıran döyüşündə iştirak etdiyini və əsir alındığını qeyd edirlər. Səfəvi mənbələri isə onun əsir alınması haqqındakı məlumatları təkzib edirlər.

Əslində, bu məsələdə Osmanlı müəllifləri yekdil rəydə deyillər. Misal üçün, “Təvarixi-ali-Osman” adlı əsərdə “Şah İsmayılın xanımlarını döyüş meydanında qoyub qaçdığı və onların əsir düşdüyü” bildirilir. Amma müəllif bu qadınların adını çəkmir. Şükrü Bitlisiyə görə, Şah İsmayılın xanımı zireh geyinmiş və döyüş meydanına atılmışdı. Digər Osmanlı müəllifləri (Cəlalzadə Mustafa və Sucudi) isə əsir alınan qadınların gözəlliyindən bəhs edirlər. Cəlalzadə Mustafaya görə, əsir alınan İsmayılın arvadı Taclı, Sultan Səlimin hüzuruna gətirilmiş, o da bu qadını qazı-əsgər Tacızadə Cəfər Çələbiyə vermişdir. Heydər Çələbi “Ruznamə” adlı əsərində əsirlər arasında qızılla bəzənmiş libas geyən bir qadının yer aldığını və aparılan araşdırmalar nəticəsində onun Şah İsmayılın arvadı olduğunun ortaya çıxdığını xəbər verir. Ona görə, bu qadın Osmanlı sultanının əmri ilə Tacızadə Cəfər Çələbiyə verilmişdir. Osmanlı tarixçisi Lütfü də eyni məlumatı təkrar edir. Lakin Mir Mehmet Katibi adlı başqa bir tarixçi əsir alınan şah arvadının “əmanət olaraq Tacızadəyə verildiyini” bildirir. Amma bu müəlliflər əsir alınan şah arvadının adını çəkmirlər. Sadəcə, Cəlalzadə Mustafa və Əli adlı tarixçilər əsir alınan qadının Taclı Bəyim olduğunu və onun Məsih Paşazadə tərəfindən əsir alındığını qeyd edirlər.

Çaldıran döyüşündə Taclı Bəyimin əsir alındığı haqqında məlumatların mənbəyi Xoca Sadəddin Əfəndi idi. Belə ki, əslən ağqoyunlulardan olan Xoca Sadəddinin ulu babası İsfahanlı Hafiz Məhəmməd Çaldıran döyüşündə yer almışdı. Xoca Sadəddinin atası Həsən Can da osmanlı ordusunda xidmət etmişdi. Yəni, müəllif bu məlumatı həm babasından, həm də atasından eşitmişdi. Amma Xoca Sadəddin də əsərində iki fərqli məlumata yer verərək özünü təkzib etmişdi. Ona görə, Taclı Bəyim döyüşdə əsir alınmış və Məsih Paşazadənin çadırına gətirilmişdi. Taclı Bəyim isə burada üzərindəki qiymətli daş-qaşları Məsih Paşazadəyə verərək əsirlikdən xilas olmuşdu.

Ləli-Böyrək

Taclı Bəyimin əsirlik hakayəsində qarşımıza çıxan problemli məsələlərdən biri də onun qiymətli daşı haqqında hekayədir.

Mənbələrdə “Ləli-Böyrək” adlandırılan bu daş çox qiymətli bir ləl idi. Qazı Əhməd bu daşı “Ləl-i Böğrək”, Əbdi Bəy Şirazi isə “Dəvə gözü” adlandırır.

Bu qiymətli cəvahirat, əslində, Ağqoyunlu xəzinəsinə məxsus olmuşdur. Ağqoyunlu dövləti süqut edib, onun xəzinəsi yağmalanarkən ləl mosullu tayfasının bəyi Əmir xanın əlinə keçmişdir. Əmir xan isə bu ləli onu bağışlayan Şah İsmayıla hədiyyə etmişdi.

Ləlin boyunbağı, üzük, yoxsa sırğa olduğu məlum deyildir. Bəzi araşdırmaçılar bunun “cüt küpə” (sırğa) olduğunu iddia edirlər.

Ləli-Böyrək daşı haqqında xalq arasında əfsanələr yaranmış və bu əfsanələr Osmanlı sarayına qədər gedib çıxmışdı. Şah İsmayıl Taclı Bəyimlə evləndiyində toy hədiyyəsi olaraq bu qiymətli daşı ona hədiyyə etmişdi. Çaldıran döyüşündə həmin daş Taclı Bəyimin üzərində idi.

Taclı Bəyimi Osmanlı komandanı Məsih Paşazadənin (sədrəzəm Məsih Paşa ilə qarışdırılmamalı) adamları əsir almışdılar. Taclı Bəyim Məsihin nəzarəti altında bir gün əsir qalmışdı. Xoca Sadəddinin dediyinə görə, qadın Məsih Paşazadəyə onu sərbəst buraxması müqabilində bu qiymətli daşı vermişdi.

Qaçış

Səfəvi mənbələri Taclı Bəyimin əsir alınmadığını, döyüşdən sonra itdiyini iddia edirlər. Türkiyəli məşhur tarixçi Faruk Sümer Osmanlı mənbələrinin iddialarının doğru olmadığını bildirərək, Taclı Bəyimin döyüşdən qaçıb Hoy hakiminin evində gizləndiyini, buradan Təbrizə gəldiyini və buna Şah İsmayılın çox sevindiyini bildirir.

Məsələ burasındadır ki, Osmanlı mənbələrində Şah İsmayılın əsir alınan digər xanımalarından da bəhs edilir. Misal üçün, Kamal Paşazadə əsir alınan qadının İsmayılın xanımı Xülafə Xatun olduğunu və bunun da Talış Xədim Bəyin qızı olduğunu qeyd edir. Bir başqa mənbədə isə əsir alınan şah xanımının Bəhruzə olduğu bildirilir. Sultan Səlimin Tacızadə Cəfər Çələbiyə verdiyi və ya əmanət etdiyi qadının da Bəhruzə olduğu qeyd olunur. Onun əmanət olduğu, qazı olan Tacızadənin bu tarixdə çox yaşlı olmasından və bir il sonra da (1515-ci ildə) ölməsindən aydın olur. Amma başqa bir iddiaya görə, Tacızadə Bəhruzə tərəfindən öldürmüş və buna görə də o, edam olunmuşdur. Bəhruzə Şah İsmayılın birinci xanımı idi.

Bütün bunlar Osmanlı mənbələrinin bu məsələ haqqında tam məlumata sahib olmadığından irəli gəlir.

Taclı Bəyimin əsirlikdən qiymətli daş verərək xilas olması inandırıcı deyildir. Birincisi, əsir alınan birinin üstündəki əşyaları asanlıqla əlindən alına bilərdi və şəriət qanunlarına görə, bu əşyalar əsir alana aid idi. Digər tərəfdən, Məsih Paşazadənin qiymətli daşa görə Tacli Bəyimi azad etməsi mümkün görünmür. Çünki bu hərəkəti onun ölümünə səbəb ola bilərdi.

Buna görə də Səfəvi mənbələrinin və Faruk Sümərin məlumatı daha doğru və inanırıcı hesab edilir. Bunu Taclı Bəyimlə Şah İsmayılın 1515-ci ildə bir övladlarının olduğu, Şah Təhmasıbı taxta Taclı Bəyimin çıxartdığı və uzun illər yaşadığı haqqındakı məlumatlar da təsdiq edir.

Taclı Bəyimin şəxsiyyəti

Taclı Bəyimin həddindən artıq gözəl olduğu qeyd edilir. “Bəyim” adı Səfəvilər dövlətində qadınların daşıdığı ən böyük titul olduğundan, onun birinci xanım olduğu aydın olur.

Taclı Bəyimin cəsarəti, igidliyini isə bütün mənbələr qeyd etmişdir. Mərhəmətli olduğu xüsusuilə vurğulanır. Onun xalqın şikayətlərinə qulaq asdığı və problemlərini həll etdiyi bildirilir. Mənbələr onun bir məktubunun belə, təsirli olduğunu və problemin anında həllinə səbəb olduğunu yazırlar.

Bu xüsusiyyətlərinə rəğmən, Taclının çox xəsis olduğu da bildirilir. Qiymətli daşlara heyran idi. Gözəl görünməyi və qiymətli əşyalardan paltarlar geyinməyi sevirdi. Amma xəsisliyi haqqında məlumat doğru deyildir. Çünki bütün sərvətini xeyriyyəçiliyə xərcləmiş və vəqflərə vermişdi.

Taclı Bəyim həddindən artıq sadiq idi. Şah İsmayıla olan bağlılığı xalq arasında “Şah İsmayıl və Taclı dastanı”nın yaranmasına səbəb olmuşdur.

Taclı Bəyimin övladları

Taclı Bəyimin Şah İsmayılla izdivacından iki oğlunun dünyaya gəldiyi bildirilir. Bunlar Təhmasıb Mirzə və Bəhram Mirzə idi. Onların bir qızlarının (Mehin Banu) da olduğu qeyd edilsə də, bu məlumat dəqiq deyildir. Nəzərə alsaq ki, Mehin Banunun Şah Təhmasıb üzərində güclü təsiri olmuşdur, o zaman bu məlumat doğru ola bilər.

Şah İsmayılın 1524-cü ildə vəfatından sonra Taclı Bəyim kiçik yaşlı Təhmasıbın əlindən tutaraq onu taxta oturtmuş və qızılbaş əmirlərinə ona boyun əymələrini əmr etmişdi.

Şah İsmayılın uşaq sahibi olmaq istəmədiyi məlumdur. Amma ilk oğlu Təhmasıb dünyaya gəldikdən sonra bu istəyi dəyişmişdir.

Şah İsmayılın 11 övladı olmuşdur. Bunlardan Təhmasıb və Bəhramın Taclı Bəyimdən, Samın Bəhruzədən, Əlqasın Xancı Bacı Xanımdan olduğu bilinir. Rüstəm və Sultan Hüseynin anaları haqqında isə məlumat yoxdur. Qızları Pəri Şirvanşah Sultan Xəlillə evlənmişdir. Mehin Banunun Taclıdan dünyaya gəldiyi iddia edilir. Xanəş Xanımın anasının kimliyi bilinməsə də, bu qadının qəbirinin Kərbəlada İmam Hüseynin məzarının yanında olduğu iddia olunur. Xeyirnisə adlı qızının (İsmayılın ən böyük övladı olmasına görə) Bəhruzədən olduğu ehtimal edilir.

Sürgün və ölüm

Şah İsmayıl vəfat edərkən Təhmasıb 10 yaşında idi. Buna görə də dövləti onun adına uzun illər anası Taclı Bəyim idarə etmişdir. Əmirləri o çıxardır, qərarları o verir, dövləti o idarə edirdi.

Taclı Bəyim 16 il oğlu Tıəhmasıb adına Səfəvilər dövlətini təkbaşına idarə etmişdir. Amma ana ilə oğul arasında münasibətlər 1539-40-cı illərdə pozuldu. Mənbələrə görə, bu tarixdə Təhmasıb anasını zəhərləyib öldürtmək istəmişdi. Bunda Təhmasıbın xanımlarının və qızlarının rolu olduğu ortaya çıxır. Ehtimal ki, onlar hərəmdə Taclı Bəyimin hakimiyyətindən narazı idilər.

Təbrizdə yoluxucu vəba xəstəliyi yayıldığı zaman Təhmasıb hərəmdəki bütün qadınları şəhərdən uzaqlaşdırarkən anasının çıxmasına icazə verməmiş və onun bu xəstəlikdən ölməsini istəmişdir. Amma Taclı Bəyim bu xəstəliyə tutulmayınca, bu dəfə Təhmasıb qızlarının məsləhəti ilə onu Şiraza sürgün etdirmişdi.

Taclı Bəyim Təbrizdən Şiraza qədər olan yolu dəvə belində getmiş və yolda ağır xəstələnmişdir. Oğlunun davranışı onu dərindən sarsıtdığından Şiraza çatan kimi də vəfat etmişdir. Başqa bir məlumata görə, Şirazdakı İstəhr zindanına atılmış və orada ölmüşdür. Onu Şirazın məşhur Səlcuqlu məqbərəsi Bibi Xatunda dəfn etmişlər.

Taclı Bəyimin 1540-41-ci ildə vəfat etdiyi bildirilir. Nəzərə alsaq ki, Taclı Bəyim Şah İsmayılla 14-15 yaşında evlənib, o zaman onun 1488-89-cu ildə anadan olduğu, 50-51 yaşında öldüyü ortaya çıxır.

Vəsiyyətinə görə, bütün varidatı xeyriyyə qurumlarına bağışlanmışdır.

T.E.Ü.F.D ƏKBƏR NƏCƏF

 

Mənbə: Karabakhmedia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR