Slimfit
  1. ƏDƏBİYYAT

Şah İsmayıl Xətai - Şah İsmayılla bağlı mübahisələrə dair bir neçə tezis

Şah İsmayıl Xətai - Şah İsmayılla bağlı mübahisələrə dair bir neçə tezis
Sakura

Şah İsmayıl Xətai - Şah İsmayılla bağlı mübahisələrə dair bir neçə tezis

Şah İsmayılın tarixdə yeri, şəxsiyyəti ilə bağlı mətbuatda, xüsusilə də sosial şəbəkələrdə gərgin müzakirə və mübahisələr yer alıb. Bu, həm də Azərbaycan tarixinə münasibət məsələsidir. Ona görə də bu məsələyə münasibət bildirmək qərarına gəldim. Mən ixtisasca tarixçiyəm, amma Şah İsmayıl, Səfəvilər dövrünü xüsusi olaraq tədqiq etməmişəm. Ona görə də uzun müddət məsələyə ciddi müdaxilə etməkdən çəkindim. Ümumiyyətlə, hesab edirəm ki, istənilən sahə üzrə həmin sahənin mütəxəsisləri dartışa bilər. Bu, hər kəsin məsuliyyət məsələsidir. Tarix məsələsini tarixçilər, din məsələsini ilahiyyatçılar müzakirə edə, dartışa bilərlər. Başqa sahənin adamlarının müdaxiləsi çox hallarda diletantlıqdan o tərəfə keçməyəcək. Mən məcburən bu mübahisələrə qoşulur və yol verəcəyim qüsurlara görə əvvəlcədən üzr diləyirəm. İndi universitetlərin hamısında bütün humanitar fənləri bir kafedrada birləşdiriblər, tarixçi, hüquqşünas, filosof və sair mütəxəsislər hamısı bir kafedrada çalışırlar. Kafedra müdiri filosofa deyir ki, tarix fənnindən saat var, dərs deyə bilərsən? Bu, kafedra müdirinin məsuliyyətsizliyi. Filosof müəllim isə daha böyük məsuliyyətsizlik edərək deyir ki, hə, deyə bilərəm, nə var ki, axşam oxuyub səhər gedib dərsimi deyərəm. Lətifəsi opponentlərimdən uzaq, amma bu hal çox geniş yayılıb. Televiziya verilişlərinə hardasa tarix müəllimi işləyən şəxsi çağırırlar ki, tarixin filan dövrü ilə bağlı müzakirə olunacaq, gəl iştirak elə. Heç fikirləşmədən gedir, iştirak edir, danışır, heç fikirləşmir ki, bu, mənim sahəm deyil axı. Və yaxud bir hüquqşünas, mühəndis, filoloq və sair götürüb tarixlə bağlı əsər yazır, çap edir, özünü də hər yerdə ən vacib tarixçi kimi təqdim edir. Bu, məsuliyyət hissinin itirildiyi yerdir. Məsuliyyət hissinin itirilməsi isə çox böyük bəladır. Anladığıma görə, başqa ölkələrdə belə şey baş vermir.

Şah İsmayılla bağlı mübahisələrin bir qütbündə Fazil Mustafa və onu müdafiə edənlər dayanır. Mən o biri qütbü, Kərəm Məmmədov, Dilavər Əzimli, Elməddin Behbud və digərlərinin təmsil etdiyi qütbü müdafiə edirəm. Fazil bəylə uzun müddətli dostluğumuz var, bir neçə dəfə bu mövzularda müzakirə və mübahisələrimiz də olub. Onun fikirlərinə hörmətlə yanaşıram, amma fikirlərinin xeyli hissəsi ilə razılaşmıram. Hər kəsin fikrinə hörmətlə yanaşılmalıdır, heç vaxt təhqirə keçilməməlidir. Təhqir, söyüş, qışqırıq zəiflik, arqumentsizlik əlamətidir. “Arqumentlər qurtaranda yumruqlar işə düşür”. Fazil Mustafanın bir neçə kitabını oxumuşam, hazırda “Azərbaycanda türk kimliyi və saxta tarix problemi” adlı kitabını oxuyuram. Çox ağır və samballı bir monoqrafiyadır. Geniş tədqiqatın nəticəsi olaraq ortaya gəlib. Mən bütün alimlərimizə öz əsərlərini yazarkən bu cür ciddi və əziyyətli yanaşma arzulayardım. Yoxsa tanışlarımdan bir tarixçi alim bir dəfə ağzından qaçırtdı ki, “mən arxivə girirəm, arxivdən hazır kitabla çıxıram”. Yəni, arxivdə əlimə keçənləri bir-birinə yapışdırıram, olur kitab. Belə olmaz. Fazil bəyin indi oxuduğum kitabı ağır zəhmətin nəticəsidir, fikirləri ilə razı deyiləm, amma oxuyuram, özü də yavaş-yavaş, diqqətlə artıq bir neçə aydır ki, vaxt olduqca oxuyuram. Mən fikirləri xoşuma gəlməyən Kamal Abdullanın da kitablarını oxuyuram. Onun da son olaraq çıxan “Düma ilə Coys arasında” adlı kitabını oxuyuram. Onun kosmopolitliyi, multikulturalizmi, əcaib liberalizmi xoşuma gəlmir, amma oxuyuram. Kamal Abdullanın adını ona görə çəkdim ki, onunla Fazil Mustafanın və bir də mühacirətdə yaşayan Sakit Mirzənin arasında bir oxşarlıq görürəm. Onların üçündə də Azərbaycana, azərbaycanlılara məxsus hər şeyə qarşı bir antipatiya, yadlıq, “düşmənçilik” demək istəmirəm, amma deyəsən elə düşmənçilik var. F.Dostoyevski “İdiot” əsərində qəhrəmanının dili ilə təxmini belə deyir ki, mən rus liberalını sevmirəm, ona görə sevmirəm ki, onlar Rusiyaya, rusa məxsus nə varsa, hətta öz analarına nifrət edirlər. Burda Cəfər Cabbarlının “Sevil”indəki Balaşı da yada salmaq olar. Mirzə Sakit Fransaya gedəndən sonra sosial şəbəkələrdə Azərbaycan kişisinin ironik obrazını yaradan bir yazı yazmışdı: Azərbaycan kişisi həyətdən gəlir, qapıya yaxınlaşanda bərkdən öskürür ki, içəridəkilər, ailə üzvləri özlərini yığışdırsınlar. M.Sakit bu kişinin obrazını gülüş hədəfi kimi yaradır, əslində öz atasına, babasına gülür. Burda Azərbaycan mentaliteti hədəfə alınır. Oxşar mövqe Kamal Abdullaya da xasdır. Fazil Mustafa da onların yolundadır. Kamal Abdulla “Birun-Əndərun” və buna oxşar digər tezisləri ilə Sakit Mirzənin yanında yer alır, Umberto Eko ilə dostluğunu, onunla kəlmə kəsdiyini diqqətə çatdırır, Ekoya görə taksi sürücüsünün onlardan pul almaq istəmədiyini, bunun xalq sevgisinin göstəricisi olduğunu vurğulayır. “Türkiyənin Eko”su deyilən Orxan Pamuku da öz ölkəsində belə sevirlərmi? İnanmıram. Ona görə sevmirlər ki, o dünya çapına Eko kimi öz millətinin “pasportu” ilə deyil, ingilisin, fransızın, italyanın “pasportu” ilə daxil olub. Öz millətini, milli dəyərlərini sevməyən Orxan Pamuk öz mövlalarını “homoseksualist” çıxarır, eyni yolla gedən Aysey Əlizadə “istəndiyi vaxt ərə gedib, ərdən çıxan rus qızları”na həsəd aparır, Əli Əkbər Qarabağ Azadlıq Təşkilatına, Akif Nağıya nifrət püskürür, Zaurla Artuşun “ülvi məhəbbəti”ndən yazır. Bu kiçik ekskursu etmək məcburiyyətindı qaldım. Çünki azlıqda olsalar da, bu cür adamlar var, onlar ümumi bir xəttə xidmət edirlər, liberalizmi hər şeydən üstün tuturlar. Mən ayrı-ayrı adamlara deyil, ayaq açmaqda olan bir cərəyana qarşıyam və hesab edirəm ki, istənilən millət yalnız öz milli kimliyi, dəyərləri ilə dünya çapında yer ala bilər. Dostların nəzərinə onu da çatdırmaq istəyirəm ki, ötən əsrin sonlarına doğru Frensis Fukuyama “tarixin sonu” tezisini ortaya atdı. Bu tezislə liberalizmin təntənəsi, qələbəsi, şəriksiz hökmranlığı elan olunurdu. Ondan az sonra onun fikirlərini Samuel Hanqtinqton müdaifə və inkişaf etdirərək “Sivilizasiyaların toqquşması” ideyasını ortaya gətirdi. Lakin həyat onların dediklərini alt-üst etdi. Bu gün Qərbin özündə liberal dəyərlər sürətlə gözdən düşür, millətçilik, şovinizm ayaq açıb yeriyir, seçkilərdə sağ millətçi partiyalar üstünlük qazanırlar. Demokratiya, liberalizm nümunəsi hesab edilən Belçikada flamandlarla valonların milli davası bitmək bilmir. Bu proseslər Qərbin hər guşəsində gedir. Bunun nə üçün baş verdiyi ayrıca bir mövzudur, onun üzərində dayanmaq məqsədim yoxdur. Sadəcə, bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dünya ailəsinə liberalizmi, yaxud hər hansı digər “izmi” təqlid etməklə deyil, öz yolu ilə daxil olmalıdır. Bunları yuxarıda adlarını çəkdiyim dostlarımın nəzərinə çatdırmaq üçün dedim.

İndi isə Şah İsmayılla bağlı adı daha çox çəkilən dostum Fazil Mustafaya münasibətdə bəzi konkret şeyləri qeyd etmək istəyirəm. Birincisi, Fazil bəy fikrini tez-tez dəyişən dostarımızdandır. O, partiyasını millətçi platformada yaratmışdı, bir neçə il əvvəl qurultay çağırdı, rəsmi qaydada liberalizmə transfer etdi. Ola bilər ki, burdan da başqa xəttə keçsin, yenidən millətçiliyə qayıtsın. Fazil bəy bir neçə il əvvəl yazırdı ki, cəmiyyət Qarabağ itkisi ilə barışmalıdır. Özünün şüuraltı olaraq bu itki ilə razılaşdığını bildirirdi. İndisə yeni mövqe ortaya qoyur ki, Qarabağı hökmən qaytarmalıyıq, özü də müharibə yolu ilə. Mən bu fikirlərlə Fazil bəyi incitmək istəmirəm, fikirlərin dəyişkənliyini adi qaydada qarşılayıram. Normal insan daim axtarışda ola, yeni fikirləri ortaya qoya, mövqeyində dəyişikliklər edə bilər. Burda bir faciə yoxdur, diskomfort var, amma faciə yoxdur. İkincisi, Şah İsmayılı nə üçün hədəfə alıblar, bu tarixi şəxsiyyətə iradları nədir? Şah İsmayılı qəddar, qaniçən, adamyeyən varlıq kimi təqdim etməyə çalışırlar. Bunu sübut etmək üçün heç bir ciddi mənbəyə söykənən faktları yoxdur. Tək-tək qərəzli mənbələrdən götürdükləri ağlasığmaz faktcıqları ümumiləşdirməyə çalışırlar. Burda tarix elminin çox vacib prinsipini yaddan çıxarırlar ki, hər hansı “fakt” yalnız bir neçə mənbədə təsdiqini tapandan sonra “fakta” çevrilə bilər. Özünə hörmət edən tarixçilər həmişə bu prinsipi əsas götürüblər. Burada Fazil bəyin tarixçi olmadığı özünü göstərir. Ona görə həmişə deyirəm ki, tarixi əsəri tarixşi, baza təhsilli olan adam yazmalıdır. Burada mən Sumqayıt hadisələrinə dair ermənilərin yaydıqları “faktları” müqayisə üçün diqqətə çatdırıram. Azərbaycanlılar guya erməniləri diri-diri yandırır, ətlərindən kabab çəkir və s. Təsəvvür edin ki, bu yazılar 500 ildən sonra hansısa tədqiqatçının əlinə düşür və o, Azərbaycan xalqı haqqında yazı yazmağa başlayır. Şah İsmayıl haqqında 500 il əvvəl kiminsə yazdığı eybəcər faktı əsas götürüb nəisə yazmaq da elə həmin şeydi.

Fazil bəy Şah İsmayıl, Səfəvilərlə bağlı tez-tez M.Ə.Rəsulzadəyə, Ə.B.Ağaoğluna istinad edir. Mən hər iki böyük şəxsiyyəti kifayət qədər oxumuşam, amma tədqiqatçıları deyiləm. Hər halda onların Şah İsmayılla, Səfəvilərlə bağlı ciddi və sistematik mənfi fikirlərinə rast gəlməmişəm. Bu barədə M.Ə.Rəsulzadənin tədqiqatçıları Şirməmməd Hüseynov və Nəsiman Yaqublu fikir söyləsələr daha yaxşı olar. Ə.B.Ağaoğlunun ən mükəmməl tədqiqatçısı mərhum professor Şahnəzər Hüseynov idi. Vilayət Quliyevin də dəyərli tədqiqatları var, fikir söyləyə bilər. Mən burda bir məsələni vurğulamaq istəyirəm ki, M.Ə.Rəsulzadənin “Əsrimizin Səyavuşu” əsərinin ana xəttini İran-Azərbaycan məkanında fars-türk başlanğıclarının vəhdəti ideyası təşkil edir. Bir dəfə bunu Fazil bəyə dedim, razılaşdı, amma M.Ə.Rəsulzadənin bu fikrinin yanlış olduğunu dedi. Əgər M.Ə.Rəsulzadəyə bu qədər inanırsa, onda niyə bu cür fikirlərindən imtina edir? Bu, başa düşülən deyil.

Çox maraqlıdır ki, Fazil bəy Şah İsmayılın böyüklüyünü qəbul etmir, xırda və əhəmiyyətsiz detallarda ilişib qalır. Şah İsmayıl dünya çapında ən böyük şəxsiyyətlərdən biridir. Dünyanın böyük şəxsiyyətlərinin, dövlət adamlarının, tarixçilərinin Şah İsmayıl haqqında yüksək fikirləri var. Onlardan sitatlarla yazını ağırlaşdırmaq istəmirəm, göz önündə olan reallığı deyirəm. Şah İsmayıl 3 min illik bəşər tarixinin Makedoniyalı İskəndər, Qay Yuli Sezar, Atilla, Çingiz xan, Əmir Teymur, Sultan Mehmet Fateh, Napoleon kimi nəhəngləri ilə bir sırada dayanır, başqa heç kəs onunla müqyisə oluna bilməz. Şah İsmayıl 3 milyon kv kilometr ərazini əhatə edən imperiya, mükəmməl dövlət və ordu sistemi, idarəetmə forması yaradıb. Yaratdığı dövlət və orduda türk dilini ən yüksək səviyyəyə qaldırıb, rəsmi dil statusu verib. Türk dili fars dili ilə yanşı geniş şəkildə işlədilib. Qonşu Osmanlı sarayında isə əsasən həmin vaxt fars dili işlədilirdi. M.Ə.Rəsulzadə yuxarıdakı tezisi əsaslandıranda bu fakta söykənirdi. Türk və fars dilləri bütün Səfəvi dövründə birgə işlədilirdi, bu ənənəyə Nadir şah da sadiq qalmışdı. Müasirləri yazırdılar ki, Nadir şah fars dili ilə yanaşı türkcənin çağatay ləhcəsində danışmağı da xoşlayırdı. Qacarların dövründə də sarayda türkcə danışmaq şərafət hesab olunurdu. İranda bu gün də türkcə bilməyən fars, demək olar ki, yoxdur. Bütün bunların əsasını Şah İsmayıl qoyub.

Üçüncüsü, Şah İsmayılı islam dinini parçalamaqda, məzhəbçilikdə ittiham edirlər. Fazil Mustafa şiəliyin qatı düşməni kimi çıxış edir. Yeri gəlmişkən, İŞİD-çilər də şiəliyə nifrət bəsləyirlər. Xahiş edirəm ki, bu paralelimdə heç kəs başqa məna axtarmasın. Fazil bəyin şiəliyə nifrətini başa düşmürəm. Şiəliyə nifrət edərkən toplam 50 milyonluq İranda, Azərbaycanda və digər yerlərdə yaşayan və böyük əksəriyyətinin şiələrdən ibarət olduğu soydaşlarımız yaddan çıxmamalıdır. Belə çıxır ki, şiəliyə nifrət edənlər elə azərbaycanlıya, Azərbaycan türkünə də nifrət edirlər. Deməli, dostumuz öz millətinə nifrət yoluna düşüb. Dostoyevskisayağı desək, dostumuz liberalizmə uyaraq, öz millətinə nifrət həddinə gəlib çatıb. Müxtəlif dövrlərdə dinlərlə bağlı fərqli fikirlər səsləndirənlər olub. Nitşe xristianlığın qatı düşməni idi, “Allahı öldürən filosof” adını qazanmışdı. Lev Tolstoy xristian dinini rədd edirdi, buna görə kilsədən də qovulmuşdu. Den Braun xristianlığın dibini, bünövrəsini qazıb çökdürməyə çalışır. Özümüzün M.F.Axundovumuz da olub. Başqalarını demirəm. Bu cür hallara dözümlü, tolerant yanaşırıq. Şah İsmayılın şiə məzhəbinin yüksəlişində rolu ilə bağlı məsələyə qayıdırıq. Bu məsələdə Şah İsmayılı ittiham etmək nə dərəcədə düzgündür? Qərbin bütün tarixi xristianlıqda məzhəblərin yaranması və onların arasında qanlı müharibələrdən keçir. Bu münaqişə bu gün də davam edir. Bəzən bu məzhəblər adi səbəblərdən ortaya gəlirdi. İngiltərədə anqlikan kilsəsinin necə yarandığını bilirsiniz. Kral VIII Henrix ikinci dəfə evlənmək istəyirdi, Roma papası ikiarvadlığa icazə vermirdi. Onda kral XVI əsrin 30-cu illərində Papadan ayrılıb öz kilsələrini yaratdığnı elan etdi.

Dediyim odur ki, dinlərin daxilində məzhəblərin yaranması təbii bir prosesdir, qarşısını almaq mümkün deyil. Dözüm göstərmək, tolerant olmaq lazımdır. Şiəliyi Şah ismayıl yaratmayıb, ona qədər də şiəlik olub, hətta bir neçə dövlətin rəsmi dini səviyyəsinə qaldırılıb. Bu gün islamın 2 əsas məzhəbinin içərisində də kiçik məzhəblər mövcuddur. Hətta monolitliyi ilə seçilən şiəliyin daxilində də istənilən birlik yoxdur, əksəriyyət imamların 12-ni də qəbul edir, lakin imamların 8-ni və ya 4-nü qəbul edənlər də var. Şiəliyin və ya sünniliyin heç bir zərəri yoxdur. Hətta vahabi-sələfilər də siyasətə qarışmasalar , ona-buna hücum etməsələr, partlayışlar törətməsələr, özlərini başqalarına qarşı qoymasalar, yaşasınlar, onlarla da işimiz yoxdur. Diqqəti məzhəb fərqlərinə cəmləşdirmək deyil, oxşar, uyğun cəhətlərə yönəltməliyik. Məzhəbindən asılı olmayaraq, hər kəs Allaha, onun Rəsuluna inanır, Allaha ibadət edir, Allahın səcdəsinə durur. Əsas olan budur. Yeri gəlmişkən, Fazil bəy şiəliyə, Şah İsmayıla, İrana qarşı barışmaz mövqedə dayanır, amma nə üçünsə İŞİD-ə, sələfi-vəhabilərə, Səudiyyə Ərəbistana münasibətdə loyal mövqe tutur. Bu, başa düşülən deyil.

Şah İsmayıl şiəliyi yüksəltməklə düz ve ya səhv eləyib, bunu dartışmaq, böyük problemə çevirmək, ixtilafa yol açmaq məqsədəuyğun deyil. Hər şey çox əvvəldən başlayıb, ilk xəlifələr dövründə bu artıq var idi. Həzrət Ömər də, Həzrət Əli də öz tərəfdarlarını ətrafında cəmləşdirmişdi. Həzrət Əli “Nəchül Bəlağə”də də “şiələrim” ifadəsini işlədir. Hər şey nəticəsi ilə ölçülür. Şah İsmayıl şiəliyə söykənərək böyük və qüdrətli bir imperiya yaratdı. Əsas olan budur. Qalanları xırda və əhəmiyyətsizdir. İndi hər kəs sünniliyin də, şiəliyin də ən müsbət cəhətlərini götürüb, birliyə və vəhdətə çalışmalıdır. Kim bu yolla getmirse, islama xidmət etmir, parçalanmaya, ixtilaya yol açır. Bu gün bütün dünya dinlərarası, millətlərarası, irqlərarası tolerantlıqdan, dözümlülükdən danışır. Bunu qəbul ediriksə, dinimiz daxilində də tolerant və dözümlü olmalıyıq.

Beləliklə, çox tərəddüdlərdən sonra bu yazını yazmaq qərarına gəldim. Əvvəldə də dediyim kimi, qüsurlarıma görə üzr istəyirəm. Yazımı ritorik müraciətdə bitirirəm: Herostrat məbədi yandırdı ki, tarixə düşsün, Nitşe “Allahı öldürürdü” ki, fövqəl insan yaratsın, bəs dostlarımız Şah İsmayılı, Səfəviliyi, Şiəliyi, buradan da Azərbaycanı, öldürmək demirəm, ona gücləri çatmaz, yaralamaqla nəyə nail olmaq istəyirlər?!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR