Şagirdləri SOCAR-a apardılar
Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman idarəsinin təşəbbüsü ilə A. Hüseynzadə adına 20 saylı məktəb-Liseyin 8L sinif şagirdləri Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasında olublar.
Modern.az xəbər verir ki, şagirdləri salamlayan SOCAR-ın əməkdaşları şagirdlərə ölkəmizdə neft sənayesinin inkişafı, ümummilli lider Heydər Əliyevin böyük və gərgin əməyi sayəsində dünyanın aparıcı neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi”, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən müasir neft strategiyası haqqında geniş məlumatlar veriblər. Sonda neftin necə çıxarılması, bu günlərdə 70 illiyi təntənəli şəkildə qeyd edilən Neft Daşlarında yaradılmış geniş infrastruktur haqqında videoçarx nümayiş etdirilib.
Sonra məktəbin direktoru Səadət Veysovanın salamını çatdıran şagirdlərin sinif rəhbəri Samirə Abbasova belə ekskursiyaların uşaqların inkişafı, onların dünya görüşünün formalaşması, ən əsası gələcək peşə seçimlərində müsbət təsir göstərəcəyini bildirib.
Daha sonra şagirdləri maraqlandırılan suallar cavablandırılıb. Məktəb nəzdində "Kiçik Akademiya" adlı layihənin iştirakçısı olan iki şagirdin layihəsi SOCAR nümayəndələri tərəfindən maraqla qarşılanıb və gələcəkdə onların bu kimi layihələrinin dəstəklənəcəyi vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət