“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
Fevralın 14-də Nizami Kino Mərkəzində “Sabahın alimləri” VIII Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, şagirdlərin inkişafında mühüm rol oynayan “Sabahın alimləri” Respublika müsabiqəsinə maraq ilbəil artır. İndiyədək müsabiqəyə təxminən 1500 şagird riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə 900-ə yaxın layihə təqdim edib.
Bu il münsiflər heyəti tərəfindən 84 şagirdin hazırladığı 54 layihə qalib seçilib. I yer üzrə 8, II yer üzrə 17, III yer üzrə 25 layihə qalib elan olunub. Həmin layihələr Bakı, Sumqayıt şəhərlərini, Abşeron, Balakən, Qax, Şəki, Ucar rayonlarını əhatə edir.
Mərasimdə, həmçinin ABŞ-da keçiriləcək InteI ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 5 layihə üzrə 8 şagirdin adları diqqətə çatdırılıb.
Sonra qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub.
Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə reallaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət