Sabah Elmira Süleymanova Milli Məclisdə illik məruzəni təqdim edəcək
Sabah, martın 5-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
“Report” xəbər verir ki, iclasın gündəliyinə 18 məsələ daxildir.
İclasda əvvəlcə Azərbaycanın İnsan Hüquqları Müvəkkilinin 2018-ci il üzrə illik məruzəsi dinləniləcək.
İllik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
Deputatlar həmçinin "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Pasportlar haqqında", "Gənclər siyasəti haqqında" (üçüncü oxunuş) və s. qanunlara, o cümlədən Torpaq, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar məcəllələrinə təklif olunan dəyişiklik layihələrinə baxacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət