Rusiyalı politoloq: "Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı strateji müttəfiqidir"
“Rusiyanın Cənubi Qafqazdakı həqiqi strateji müttəfiqi Azərbaycandır". "Report"un Rusiya bürosunun məlumatına görə, bunu Moskvada keçirilən "Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları" adlı "dəyirmi masa"da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin direktoru Stanislav Çernyavski deyib. Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə bu yaxınlarda keçirilmiş Regional Əməkdaşlıq Forumundan çox təsirlənib: "Rusiyanın İqtisadi İnkişaf naziri Oreşkinin birgə əməkdaşlığımızın nəticələri barədə məlumatlarını dinləmək maraqlı idi. O bildirdi ki, son bir ildə ölkələr arasındakı ticarət 26% artıb və MDB ölkələrinin heç biri ilə belə artım yoxdur". Mərkəz direktoru həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Azərbaycan tərəfindən dəstəklənən Türkiyə-Rusiya-Azərbaycan və İran-Rusiya-Azərbaycan üçtərəfli formatlarında yüksək vəzifəli şəxslər səviyyəsində mütəmadi görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, xarici siyasət baxımından bu gün Azərbaycan təkcə regional lider deyil, həm də qlobal səviyyədə əhəmiyyətli oyunçudur: "Əlbəttə, Azərbaycan üçün ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsini unuda bilmərik. Hər kəs başa düşür ki, bu, Azərbaycanın qanlı yarasıdır və Rusiya bu məsələ üzrə aparılan bütün danışıqlarda iştirak edir. İndi Ermənistanda vəziyyət dəyişir. Görək Ermənistan tərəfi danışıqlarda hansı mövqeyə gələcək. Hər halda bu proses davam edir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət